Parlament katolik kilsəsinin hüquqi statusunu təsdiqlədi

27 May 2011 13:02 (UTC+04:00)

Milli Məclis "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında sazişin təsdiq edilməsi barədə" qanun layihəsini təsdiq edib. SİA-nın məlumatına görə, layihə haqqında məlumat verən parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova sözügedən sazişin 8 maddədən ibarət olduğunu deyib.

O bildirib ki, Azərbaycanın tolerant bir məkana çevrilib, Azərbaycanda islam dininə mənsub olan dini cərəyanlarla yanaşı pravoslav kilsəsi, sineqoqlar, digər dini təriqətlərə məxsus olan ibadət yerləri fəaliyyət göstərir: "Bu katolik kilsəsi ilə bağlı ayrıca sazişin olması və imzalanması o demək deyil ki, digər dinlər zəifdirlər, gücsüzdürlər. Hesab edilir ki, katolik kilsəsi ilə bağlı belə sazişin imzalanması və ratifikasiyasına ehtiyac var".