“Stalinin belə onu öldürməyə əli gəlməyib” - JURNALİST AÇIQLADI

27 May 2021 21:01 (UTC+04:00)

"Azərbaycan mədəniyyəti tarixində iz qoyan, musiqimizi ölkəmizdən uzaqda da layiqincə təmsil edən görkəmli sənətkarlar məhz "Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası"nın məzunlarıdır. 26 may tarixində Prezident İlham Əliyevin Akademiyanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı təbii ki, Azərbaycan xalqının bütün mənafelərinə uyğundur və bizim ədəbiyyatımızın da, musiqimizin də zirvəsidir". Bu sözləri SİA-ya açıqlamasında tanınmış jurnalist İradə İsaq deyib.

Onun sözlərinə görə, Üzeyir Hacıbəyov yeganə şəxsiyyətdir ki, onun ad günü İranda dahi şəxsiyyət Şəhriyarın ölümü ilə üst-üstə düşür və Milli Ədəbiyyat günü adlanır: "Bizdə musiqi, onlarda isə o gün Ədəbiyyat günüdür. Bu da bir təsadüfdür və onun ad günü də Azərbaycan üçün böyük bir gündür, musiqi günüdür. Bu bizim şansımızdır ki, belə bir şəxsiyyətimiz olub. Əlbəttə alqışlayıram ki, belə bir addım atılıb, sərəncam verilib. Musiqiçilər onun musiqiləri haqqında nəsə deyə bilər. Mən jurnalist kimi bunu deyə bilərəm ki, onun qeyri-adi qələmi, çox şirin duzlu məzəli felyetonları olub. O, öyrənib, bitirə bilməyəcəyimiz bir insandır. Hətta ölümündən sonra da öyrətməyə davam edir. Onun musiqilərini hamı dinləyir amma mən çox istərdim ki, onun yazıları araşdırılsın. Bəstəkarın ən yaxşı tədqiqatçılarından biri Şirməmməd Hüseynov idi. Hətta yadımdadır ki, ondan soruşmuşdum ki, Şirməmməd müəllim niyə ancaq Üzeyir bəydən yazırsınız? Demişdi ki, "Hamının övladı var atasının kitabın çıxarır, amma Üzeyirin heç kimi yoxdur".

İradə İsaq həmçinin qeyd edib ki, o, Azərbaycan mədəniyyətində, eləcə də jurnalistikasında iz qoymuş insandır: "Onun bir felyetonu, bir əsərdir. Bu dahi şəxsiyyətin xeyriyyəçiliyi də çox olub. Moskvada olanda ilk dəfə geyindiyi paltosunu üşüyən gəncə verib. O, Azərbaycana Fatma Mehrəliyeva kimi böyük xanəndəni qazandırıb. Şəfiqə Məmmədova və Şəfiqə Axundova, Qara Qarayev və digər böyük şəxsiyyətlərin yetişməsinə köməklik göstərib. Öz dövründə yaşayan hər kəsin üzərində böyük əməyi olub. Kinomuza da böyük təsiri olub. Bilirik ki, "Arşın mal alan" müzikl kimi bütün dünyanı gəzib. Mən çox təşəkkür edirəm ki, cənab Prezident bunu nəzərə alıb və 100 illiyi dövlət səviyyəsində qeyd etməyi düşünür. Mən bu hadisəni sadəcə alqışlaya bilərəm və çox şadam ki, böyük insanlar heç vaxt unudulmur. Bu tədbirlərin keçirilməsi gənc nəslin də hafizəsinə hopur. Onu bir daha tədqiq etmək, irsini bir daha ortaya çıxarmaq özü böyük bir hadisədir. Hətta o qədər böyük şəxsiyyət olub ki, Stalinin belə onu öldürməyə əli gəlməyib. Ona bir siyahı gətiriblər. Orada Üzeyir Hacıbəyovun da adı olub. O görüb ki, bu insan "Koroğlu"nu yazan adamdı və adının üzərindən xətt çəkib. Hətta Stalin belə, bu nəhəngliyin qarşısında heç nə edə bilməyib".

Gülər Səfərova