Bu gün Çin Xalq Respublikasında boks üzrə WSB liqasının fərdi döyüşləri keçiriləcək (2 gün). Siasport.az saytı xəbər verir ki, London Olimpiadasına lisenziya uğrunda görüşlərdə Azərbaycan milli komandasının 2 üzvü – Məhəmmədrəsul Məcidov (91+kq) və Soltan Migitinov da (73 kq) iştirak edəcək. Məcidov cümə günü italiyalı Klemente Russo ilə qarşılaşacaq. Migitinov isə şənbə günü Ukrayna idmançısı Sergey Derevyançenkonu məğlub etməyə çalışacaq. Yarışın keçiriləcəyi Quançjou şəhərində idmançıların iştirakı ilə mətbuat konfransı da keçirilib. Məcidov ABŞ-ın Mayami şəhərində təlim-məşq toplanışı keçdiklərini və qarşıdakı görüşlərə ciddi hazırlaşdıqlarını bildirib: "Mayamidə tanınmış peşəkar boks mütəxəssislərinin rəhbərliyi altında hazırlıq keçdik. Rəqibim Russo titullu idmançıdır. Amma onu məğlub edəcək gücdəyəm. Azərbaycana lisenziya qazandırmaq üçün əlimdən gələni edəcəyəm". Soltan Migitinov da rinqə yalnız qələbə üçün çıxacağını deyib: "Döyüşün 5, yaxud 7 raund keçirilməsinin o qədər də böyük əhəmiyyəti yoxdur. Əsas odur ki, özünü döyüşə kökləyə biləsən. Psixoloji hazırlıq da az rol oynamır. Sergey Derevyançenko təcrübəli idmançıdır. Ukraynalı boksçunun döyüşlərinin kasetini izləmişik. Onun zəif tərəflərini analiz etmişik". Fərdi döyüşlər hərəsi 3 dəqiqə olmaqla 7 raund olacaq.
Qeyd edək ki, WSB liqasının fərdi döyüşləri mayın 27-i və və 28-də saat 18-də başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.