2021-ci il “Nizami Gəncəvi ili”dir
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni Azərbaycan XII əsr və XIII əsrin ilk 10 illiyində Yaxın və Orta Şərqin siyasi, iqtisadı və mədəni mərkəzlərindən biri sayılırdı. Nizami Gəncəvi XII ərsdə, Azərbaycan Xalqının tarixində mühüm rol oynamış hadisələrlə son dərəcə zəngin bir dövrdə, Yaxın və Orta Şərqin çox cəhətli mədəniyyətinə Azərbaycanın qovuşmuş olduğu dövrdə yaşamış, yazıb-yaratmışdır. XII əsr Azərbaycanın həm də dövlətçilik ənənələrinin bərpası dövrüdür. Azərbaycan Atabəylər dövləti (1133-1225) dağılıb parçalanmış Səlcuq imperiyasının qismən bərpa etdi. Bu qüdrətli dövlətin paytaxtları Nizami Gəncəvinin vətəni Gəncə və Naxçıvan şəhərləri idi.
XII əsrin 30 -cu illərində Azərbaycan atabəyi, siyasi xadimi və sərkərdə Şəmsəddin İldəniz (1133-1174) pərakəndə xanlıqların, demək olar ki, hamısını birləşdirdi və mərkəzi Azərbaycan olmaqla qüdrətli bir dövlət yaratdı. O, 1152-ci ildə Arran və onun paytaxtı Gəncəni ələ keçirdi. Gəncə və Naxçıvan şəhərləri nəinki təkcə Azərbaycanın paytaxtları, həm də Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərinə çevrilirdi.
XII əsrdə Azərbaycanda şəhərlərin və sənətkarlığın inkişafı, şəhər əhalisinin artması, humanitar və təbiət elmlərinin, incəsənətin, ilahiyyatın, fəlsəfənin, memarlığın, ədəbiyyatın, xüsusilə poeziyanın çiçəklənməsi və xalqın mənəvi aləminə dərindən nüfuz etməsi dövrü kimi xarakterizə olunur. Azərbaycan Avropa xalqlarının mədəni həyatına intibah dövrü (XIV-XV əsrlər) kimi daxil olan böyük çevrilişləri bir neçə əsr əvvəl qabaqlamışdır. Şərqlə-Qərb sərhəddində yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyi XII əsrdə Təbriz, Gəncə, Şamaxı, Naxçıvan, Bakı, Ərdəbil, Xoy, Marağa, Salmas, Şabran, Bərdə, Dərbənd, Şəmkir, Beyləqan şəhərlərinin inkişafına və əhəmiyyətinin artmasına təkan verirdi. Naxçıvanda və digər bir neçə şəhərdə əhalinin sayı 100 min nəfərə çatırdı.
Gəncə əhalisinin sayı 1139-cu il zəlzələsindən əvvəl 500 min nəfər olmuşdur
XII əsrdə Azərbaycanın rus torpaqları, Çin, Bizans, Hindistan, Afrika və ərəb ölkələri ilə iqtisadi, xüsusilə ticarət əlaqələri genişlənirdi. Müsəlman ölkələrindən məhşur şair, alim, memar, rəssam və digər sənət sahibləri Azərbaycana axışırdı. Atabəylərin sağlam xarici siyasəti və getdikcə artan qüdrəti sayəsində XII əsrin 30 cu illərindən etibarən nisbətən dinc xalqın yaradıcı əməklə məşğul olduğu, mədəniyyətin coşğun inkişaf dövrü kimi xarakterizə olunur. Nizami Gəncəvinin ədəbi fəaliyyəti Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Şəmsəddin İldənizin və onun Möminə xatundan olan oğlanları Nəsrəddin Məhəmməd Cahan Pəhlavanın, Müzəffərəddin Osman Qızıl Arslanın nəvəsi(Caham Pəhləvan oğlu) Nəsrəddin Əbu Bəkzin hakimiyyətləri dövrünə düşür.Tuğanşah-Cənubi Azərbaycan hökmdarı Atabəy Məhəmməd İbn Eldəgiz-Cahan Pəhləvan Azərbaycanda Səlcuqilər hakimiyyətinə son qoydu və hakimiyyəti ələ aldı. Türk-Səlcuq-oğuz nəsilərinin hökmranlığını qoruyub saxlayan Azərbaycan Atabəylər ilə İsmaililər düşmənçilik edirdilər. Onlar Misirdə bərkiyib (xüsusilər Fatimlər dövründə) İslam dininin bəzi ehkamları əleyhinə çıxış edirdilər. İsmaililər-yeddinci imamın oğlu İsmayılı axırıncı imanı hesab edib firqə (təriqət) yaratmış və terror vasitəsilə Yaxın Şərqdə hökmranlıq etmək iddiasında olmuşlar. Onların ən görkəmli nümayəndəsi Həsən Səbbah idi. İsmaililərin bir hissəsi-Ələmövt qalasına (Qəzvin ilə Gilan arasındadır) sığınmışdı. Onlar çox amansız terror yolu ilə Səlcuq sultanlarını və Səlcuq nəslindən olan şahları, əmirləri, Azərbaycan atabəylərini aradan götürməyə çalışır və bir çox hallarda buna nail olurdular. Üçüncü böyük Səlcuq Sultanı Məlikşah (1054-1092) onun ağıllı vəziri Nizamimülki, sonra da Azərbaycan Atabəylərindən olan Qızıl Arslanı və bir çox başqalarını zəhərliyib öldürən ismaililər olmuşdu.
Azərbaycan şairi Xəqani Şirvani İsmaililəri kəskin pisləyir, onları “Haşa”nı, “Haşa”dan ayırmaz hesab edirdi
XII əsrdə Azərbaycanın xarici və daxili ticarət əlaqələri, pul dövriyyəsi əhəmiyyətli dərəcədə genişlənmişdi. Daxili bazarlar genişlənir, xalqın təşəkkül prossesi başa çatdırdı. Azərbaycan Atabəylər və Şirvanşahlar dövlətləri pul kəsirdilər. XII əsr Azərbaycan pulları indi dünyanın müxtəlif muzeylərində qorunub saxlanılır. Sənətkarlığın inkişafı, ticarət mərkəzlərini birləşdirən yolların Azərbaycandan keçməsi Azərbaycan sənətkarlarının əməyinin məhsulu olan nəfis işləmələrin, xalçaların, bəzək və zərgərlik məmulatlarının ölkədən çox-çox uzaqlara gedib çıxmasına təkan verirdi. Zəmanəmizə kimi gəlib çıxmış bir sıra möhtəşəm memarlıq abidələri-Naxçıvanda Əcəmi Əbubəkr oğlu Naxçıvanının mürəkkəb həndəsi fiqurlu “Möminə xatun” və “Ata baba” məqbərələri, “Yusif Kuseyif oğlu türbəsi”, “Sınıq qala” abidəsi, Marağadakı “Göy künbəz”, Bakının məhşur “Qız qalası” və s. abidələr Nizami Gəncəvinin yaşayıb, yazıb-yaratdığı dövrə, XII əsrə aiddir. Nizami Gəncəvinin söz sənəti, möhtəşəm “Xəmsə”si ilə yanaşı, adları yuxarıda qeyd edilən Azərbaycan memarlıq abidələri artıq dünyanın mədəni irs siyahısında özlərinə layiqli yer tutmuşlar. Təbii haldır ki, XII əsr və XIII əsrin əvvələrində Azərbaycanda baş verən siyasi hadisələr Nizami Gəncəvinin həyat və yaradıcılığına təsirsiz ötüşməmişdir.
Atabəy əmirləri zəhmətkeş əhalini Nizami Gəncəvinin “Sultan Səncər və qarı” hekayəsində göstərdiyi kimi soyub talayırdılar
Səmsəddin İldənizin vəfatından sonra onun böyük oğlu Cahan Pəhləvan dövlət işlərinə xəlifə əl Mustadiyənin müdaxiləsinin qarşısını aldı. O, xəlifəyə məktubunda yazırdı; “Xəlifə imamdırsa, onun daimi işi namaz qılmaq olmalıdır, şahlığın işinə qarışmamalıdır”. Nüsrəddin Cahan Pəhləvanın dövründə (1175-1156) Azərbaycan Atabəylər dövlətinin qüdrəti daha artdı.Cahan Pəhləvan Təbriz şəhərini də Arrana birləşdirdi. Orta Asiyadan gələn Cələləddinin və monqol hücumlarının (1220-ci il) başlanması Atabəylərin varlığı üçün ciddi təhlükəyə çevrildi. Atabəylərin sonuncu fərsiz hökmdarı Özbək dövlətin təhlükəsizliyim təmin edə bilmədi. 1225-ci ildə Azərbaycan Atabəylər dövləti süqut etdi. Azərbaycan dövlətçiliyi, çiçəklənən şəhərlər, mədəniyyət inciləri böyük dağıntılara məruz qaldı. Monqol talanları Azərbaycanın mədəni inkişafını nəinki dayandırdı, həm də bir neçə əsr geri saldı. Nizami Gəncəvi feodal quruluşunun güclü əleyhdarı olsa da, Azərbaycan Atabəy dövləti hökmdarlarına rəğbətlə yanaşmış, onların hakimiyyətini vətən üçün xeyirli hesab etmişdir. XII əsr Azərbaycan cəmiyyətində, sinfi və sosial quruluşda ciddi dəyişiklər baş vermişdi. Bütün ictimai təsisatlar üzərində hökmanlıq edən ortodoksal islam, mütərəqqi və zamanın ruhuna daha yaxşı cavab verən fikirlər irəli sürən, mütəfəkkir filosoflar, şair və yazıçılar, dini islahatçılar tərəfindən tənqid atəşinə tutulurdu. İbn Sina, Xəyyam və Nasir Xosrovun nəzəriyyələri, Fələki Şirvani, Əfzələddin Xəqani, Mücirəddin Beyləqani, Əbu-üla Gəncəvinin və başqa söz ustalarının obrazlı təfəkkür tərzi, rəsmi dinin öz daxilində cürbəcür təriqətlərin törəməsi buna misal ola bilər. O, dövrdə geniş yayılmış olan Məhəmməd Qəzzali yaradıçılığı vasitəsilə rəsmi islam dini çərçivələrinə yeridilən sufizm təlimi ictimai həyatın bütün sahələrinə nüfuz etmişdi. XII əsrdə Nizami Gəncəvi Azərbaycan ədəbiyyatında yeganə sənətkar deyildi, amma aparıcı qələm sahib idi. Azərbaycan XII əsrdə dünyaya Memar Əcəmi Naxçıvani, şairlər Əfzələddin Xəqani, Xətib Təbrizi, Fələki Şirvani, Əbulhəfs Gəncəvi, Məhsəti Gəncəvi, İzəddin Şirvani Qətran Təbrizi, İzəddin Ələvi, Şəms Təbrizi, Fərrux Şirvani, Mücərəddin Beyləqani, Pir Hüseyn Şiravini, Qvami Mütərrizi kimi dühalar bəxş etmişdir. Tədqiqatlarçıların fikrincə Nizami Gəncəvinin sələfi olan Əfzələddin Xəqani Şirvaninin(1120-1199) yaradıcılığından bəhrələnmişdir (bax; Mirzə İbrahimov “Xəqaninin həyatı və estetik idealı”. Xəqani seçilmiş əsərləri. Yazıçı 1987).Bəzi tədqiqatçılar (Səid Nəfisi) Nizami Gəncəvi ilə Xəqani Şirvaninin dost olduğunu qeyd edir. Nizami Gəncəvi Xəqani poeziyasını sənətkarlıq məktəbi saydığı halda, Xəqani Nizmai Gəncəvi yaradıcılığına vurğun və heyran olduğunu etiraf edir.
Xəqani dahi şairə heyranlığını öz misralarına da köçürmüşdür.
Sən qiymətli kövhər ikən, qəvvas kimi baş vurub,
Tapdın təbin dəryasından daha qiymətli kövhər.
Qiymətli kövhər-Nizami onun böyük şairliyi, qəvvas-dalğıc, burada ilham dərizinə dalıb, üzən Nizami nəzərdə tutulur. Daha qiymətli kövhər-Nizaminin əsərlərinə işarədir.
Xəqani Şirvani Nizami Gəncəviyə müraciətlə yazır;
Heyrətdəyəm ki, ilhamın zərlərini atarkən
Necə oldu öz beşinlə beş atdın, ey füsugər?
Ə.Xəqani N.Gəncəvinin beş poemasına qibtə ilə yanaşaraq yazır ki, “beş barmağın üzərində tutduğun bu beş poemanı ( “Xəmsə” ni Ə.B.) necə ustalıqla yazmış olduğuna heyran qalmışam”. Nizami Gəncəvi hücrətin VI yüzilliyində dünyaya gəlmişdir. Tədqiqatçıların fikrincə, o, hicrətin 535 ci (miladi 1141-ci il) ilində Gəncədə anadan olmuş və hicrətin 599-cu (miladi 1203) ilində vəfat etmişdir. Şairin əsl adı Nizaməddin Əbu Məhəmməd İlyas İbn Yusif İbn Zəki ibn Müəyyəd (bəzi mənbələrdə Müəyyəzdir) Gəncəvidir. Nizami onun poetik təxəllüsüdür; bu nəzmə çəkən”, yaxud da sözləri “nizama salan” deməkdir. Nizami kəlməsi özü “düzmək” mənasına uyğun gələn “nəzm” sözündən götürülmüşdür.airin atasının adı Yusif, babasının adı Zəkiəddin, böyük babasının adı Müəyyədfiddin olmuşdur. O, zaman müsəlman şərqində belə adlar ziyalı zümrəsindən olan və mənəviyyat aləminə xidmət edən şəxslərə verilirdi. Şairin dayısı Ömər “Xacə” adı dayışırdı ki, bu, adətən, mənsəb sahiblərinə verilirdi. Tədqiqatçıların fikrincə, şairin anası da kübar ailədən olmuşdu. Ehtimal edilir ki, şair mədəni və varlı ailədə yetişib tərbiyə almışdır. Məhz ailə tərbiyəsi nəticəsi olaraq şair kamil biliyə yiyələnmiş və mütəfəkkir səviyyəsinə yüksəlmişdir.
Məhəmməd peyğəmbərin (ə) hədisində deyilir; Şairlər sözün əmirləridir. Göyün altında bir xəzinə var, onun açarı şairlərin əlindədir”
Poemaları belə deməyə əsas verir ki, N. Gəncəvi “Quran”ı oxumuş əsərlərində şəriətlə bağlı kəlamlara yer vermiş, Məhəmməd peyğəmbərin (ə) şəxsiyyətinə dərin hörmət etmiş, qədim Şərq şeiriyyətin əmri vəzifəsini əlində saxlayaraq əbədiyyət qazanmışdır. N. Gəncəvi Şərq fəlsəfəsini dərindən mənimsəməklə yanaşı, antik filosofların əsərlərindən də bəhrələnmişdir. Təbiət elmləri arasında şair astronomiyaya daha mükəmməl yiyələnmişdir. Şair “Leyli və Məcnun” poemasında peşəkar bir alim kimi səma cisimlərini heyrətamiz dərəcədə dəqiq təsvir edir. Nizami Gəncəvi poetik ustalıqla onlarla səyyarənin adını çəkib səciyyələndirir, onların bir-birilə əlaqəli düzülüş qaydasını göstərir. N.Gəncəvi kifayət qədər coğrafi biliklərə sahib olmuşdur ki, bunu “İsgəndərnamə” poemasında görürük. N.Gəncəvi təbiət, anatomiya, əczaçılıq sahəsində dərin biliyə malik olduğunu əsərlərində nümayiş etdirmişdir. “Xəmsə”dən məlumdur ki, şair Gəncə mədrəsəsində təhsil almışdır. Onun tərbiyə və təhsilində, elmlərə yiyələnməsində çox xidməti olan Xoylu İmad (İmadəddin), şairin atası Yusif, babası Zəki Müəyyəd ilə yaxından dostluq edən görkəmli alimlərdən biri imiş. N.Gəncəvi “İqbalnamə”də onun yetişməsində böyük əməyi olan müəllimini hörmət hissi ilə yad etmişdir. Şair bilik əldə etmək üçün onun həyatında kitablarının da roluna yüksək qiymət vermişdir:
Dünyada nə qədər kitab var belə
Çalışdım, vuruşdum gətirdim ələ
Oxudum, oxudum sonra da vardım
Hər gizli xəzinədən bir dürr qopardım.
Şərq zəminində yetişən N. Gəncəvi ərəb, fars dillərini mükəmməl bilmişdir və nəinki dövrünün, həm də özündən əvvəlki əsrlərin hadisələrindən yaxşı əcəbərdar olmuşdur. XII əsrdə Gəncədə, bütün Arranda danışıq dili-türk dili idi. Ərəb dili elm və din dili, fars dili, poeziya dili hesab edilirdi. Xəqani Şirvan 22 il saraylara xidmət etdiyinə, hökmdarlara mədhiyələr yazdığına peşmançılığını etiraf edir. N. Gəncəvi isə saray şairi olmamışdır. Ona görə də söz mülkünün sahibi-əmiri olmuş, dövrün bəlalarını, ədalətsizliyi və zülmü açıq şəkildə qamçılamışdır. N. Gəncəvi ərəb, fars, hindi, misir, uyğur və Qafqaz xalqlarının mədəniyyət tarixi ilə yanaşı, şərqli sələfləri əl-Kindi, Fərabi, İbn Sina, Biruni kimi dühalarla da tanış idi. “Xəmsə” sübut edir ki, N. Gəncəvi yunan mütəfəkkirləri, xüsusilə Aristotelin fəlsəfi görüşləri, həmçinin Roma və Yanan mədəniyyəti ilə də dərindən taniş olmuşdur. N. Gəncəvinin ərəb, fars dilləri ilə yanaşı, başqa dillərə yiyələndiyi şübhə doğurmur. “İsgəndərnamə” poemasını yazmaq üçün kəsrani, yəhudi və pəhləvi dillərində əsərlərə istinad etdiyini şair özü bildirir. Lakin aydın məsələdir ki, şairin öz poemalarını fars dilində yazması daha çox sifarişlə bağlı olmuşdur. Şairin yaradıcılıq dili kimi fars dilini seçməsi, həm də onun oxucu auditoriyasını genişləndirmək təşəbbüsü ilə bağlı idi. N.Gəncəvi türkcə düşünür, farca yazırdı. Bu, dövrün siyasi və ictimai ziddiyyətlərindən doğan hadisə olmuşdur. Qəznəvi hökmdarı Sultan Mahmud (998-1030) İran şairi Ə.Firdovsiyə “Şahnamə” əsərini yazmağı sifariş edir. Bunun müqabilində fars şairini böyük ənam gözləyirdi. Lakin “Şahnamə” Sultan Mahmuda təqdim olunanda hökmdarı qəzəblənir. “Şahnamə” türk dilində deyil, fars dilində yazılmışdı.
Sultan Mahmud bu əsəri rədd edir və şairi qovur. Ona vəd edilən ənamdan da məhrum edilir
Nizami Gəncəvinin yaşadığı regionda isə vəziyyət fərqli idi. Sasani və ərəb işğalları ilə əlaqədar Azərbaycanda fars və ərəb dillərinin siyasi, ictimai və mədəni həyata güclü təsiri qalmaqda idi. N. Gəncəvinin yaradıcılığının fars dilində olmasını İran tədqiqatçıları, hətta rəsmi dairələri şairin milli mənsubiyyəti barədə qərəzli fikirlər səsləndirməyə sövq etmişdir. Sovet dövründə (1920-1991) Nizami Gəncəvinin irsinə böyük diqqət və qayğı göstərilsə də, şairin mənsubiyyəti və yaradıcılıq xətti ilə bağlı bəzi təhriflərə də yol verilirdi. Sovet dönəmində N. Gəncəvinin anasının “kürd qızı” olması ilə bağlı əsassız fikirlər ortaya atılmışdı. Halbuki “qord-qurd” qızı (türk qızı) “Kürd qızı” kimi təhrif edilmişdir. Şairi farslaşdırmaq cəhdləri boşa çıxsa da, onun poemalarında bu iddiaları ifşa edən kifayət qədər olan misraları qabarıq şəkildə üzrə çıxarmağa borcluyuq. N. Gəncəvinin poemalarında onun türk olmasını təsdiq edən misralar kifayət qədərdir. Şair “Xosrov və Şirin poemasında belə bir təsvirə yol verir:
Gər u məhəst mə həm avtabim
Gər u Keyxosrov əst Əfrasiyabim
(əgər o aydırsa, biz də Günəşik
Əgər o Keyxosrovdursa biz də əfrasiyabiq) Şair açıq şəkildə bildirir ki, farslar özünü ay sayırsa, biz türklər də Günəşik. Farslar Keyxosrovla (sasani şahı) öyünürsə, biz türklər də Əfrasiyabla (əfsanəvi Turan padşahı) fəxr edirik. Yaxud, poemada şair Makedoniyalı İsgəndərin dilindən deyir;
Ze kuhe Xezr ta be dəryaye çin
Hame tork binəm zəmin
(Xezr dağlarından Çin dənizinə kimi
Yer üzünü bütün türk görürəm)
N.Gəncəvi türk olmasaydı türkün əzəmətini, şan-şöhrətini, hüdudlarını (Xezr-Qafqaz dağlarından Çin dənizinə kimi) belə vəsf etməzdi. Şair türk ellərinin (Turanın) sərhədlərinin xəritəsini poetik ustalıqla qələmə almış, Turanın siyasi xəritəsinin möhtəşəm görüntülərini canlandırmışdır. N.Gəncəvi öz poemalarının ana dilində yazmadığının səbəblərinə də toxunmuşdur.
Məsələn;
Torkim pa dər ki, həbəş naxorənd
La çörəm doyğbaye xoş naxorənd
(Türkcəmi bu həbəşlikdə alan yox
Dorğayi bir yemək kimi sayan yox)
Burada həbəş xalqın cəhalətidir, türk dilinin dövrün siyasi və ictimai təzyiqləri altında olmasıdır ki, xalq yeməyinə ( dovğasına ), dilinə səhlənkar yanaşır, ana dilini bəyənməməyə təhrik edilir. Dovğa türk yeməyidir. Qırğız ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur yazıçı Çingiz Aytmatovun, Qazax şairi Oljas Süleymenovun bütün yaradıcılığı rus dilində olsa da, milli köklər üzərində qurulub. Məgər onları yaradıcılıq dilinə görə milli mənsubiyyətindən ayırmaq, ruslaşdırmaq olarmı? Məhəmmədhüseyn Şəhriyar uzun müddət fars dilində yazmışdır. Özünün ixtiyar çağında məşhur “Heydərbabaya salam” poemasını Azərbaycan dilində yazmaqla milli mənsubiyyətini də, ana dilini də möhnətdən xilas etdi. Neçə-neçə ərəb müəllifləri fars dilində əsərlər yazmışlar. Amma hansı dildə yazmasından asılı olmayaraq hər kəs öz adı ilə çağırılır və tanınır. Tariximizə, mədəniyyətimizə qəsdlərin qarşısına möhkəm sipər çəkmək borcumuzdur.Təəssüf ki, əlimizdə olan istifadəyə yararlı hesab edilən V-XI siniflər üçün Azərbaycan tarixi dərsliklərində N.Gəncəvinin dövrü, həyatı lazımı səviyyədə əks olunmamış, gənc nəslin təlim-tərbiyəsi üçün onun poemalarının təsir gücündən faydalanmamışdır. Azərbaycan filosofu Bəhmənyar (XI əsr) yazır; “Təfəkkür heyrətdən başlanır”
Azərbaycan tarixi dərsliklərini əlinə götürən müəllim, şagird, valideyn, xarici oxucu heyrətlənməlidir
Heyrət olmadan idrakı fəallaşdırmaq mümkünsüzdür. Doğrudan da, “yaxşı olmayan tarix kitabını kim oxuyar (prof. Şahlar Əsgərov). Dərsliklərdə Nizami Gəncəviyə aid mövzular o qədər mükəmməl olmalıdır ki, istənilən oxucunun maraq dairəsinə düşə bilsin. Quru informasiya üslubunda tərtib edilmiş mövzular şagirdlərə motivasiya verə bilməz. 944-cü il “Bərdə faciəsi” dahi şairimiz Nizami Gəncəvi tərəfindən o qədər möhtəşəm və mükəmməl, həm də qibtə ediləcək poetik dildə qələmə alınmışdır ki, yalnız onun qələmindən çıxanları şagirdlərimizə çatdırsaq kifayət edər. V siniflər üçün Azərbaycan tarixi dərsliyində “Bərdə faciəsi”ni törədənlər slavyanlar kimi təqdim edilir. Nizami Gəncəvi isə onları tamamilə haqlı olaraq rus adlandırır. Şair rusların Bərdəki qarət və talanlarını, qətlərinin miqyasını ustalıqla və nifrətlə qələmə almışdır;
Rusun ədalətsizliyindən fəryad ey şah!
Abxaz gərdəyindən gəlin apardı
Bu eli, ölkəni talan etdilər
Saysız-hesabsız ölənlər bir yana qalsın...
...Var-dövlətlə dolu şəhəri boşaltmışlar.
Hamısı şir və qurd kimi yolkəsəndir
Qonaqpərvərlikdə aciz, qan tökməyə cəsurdur.
Rusdan hec kəs mərhəmət gözləməz.
Çünki insanlıqdan onlarda təkcə cövhər vardır (bax; “Şərəfnamə”, Bakı 1983, səh.303-304) 1826-ci ldə, 2-ci rus-iran müharibəsi başlayanda İran ordusunun komandanı, vəliəhd, əslən azərbaycanlı olan Abbas Mirzə N.Gəncəvinin yuxarıda göstərilən misralarının tam mətnini Qafqazdakı Rusiya hərbi qərargahına göndərmişdir. Yəni, biz rusun kimliyini bilirik, qoy özləri də bilsinlər. Azərbaycan tarixi dərsliklərində isə N.Gəncəvinin rus ədalətsizliyi ilə bağlı misraları təhrif edilmiş, rusun xətrinə dəyməmək, onu qıcıqlandırmamaq üçün Bərdə qatillərinin adı “Slavyan” kimi göstərilmişdir. Rus dövləti 860-ci ildə yaradılmışdır. Şərq slavyanları rus, belarus, ukrainlərdən ibarətdir. 944-cü ildə “Bərdə faciəsi” ni törədənlər ruslar olmuşlar. N.Gəncəvi 800 il əvvəl Qafqaz xalqlarını (Abxaz gərdəyindən gəlin apardı) rus təhlükəsindən xəbərdar etmişdir. Şairin yuxarıda göstərilən misraları V siniflər üçün Azərbaycan tarixi dərsliyindəki “Bərdə faciəsi” mövzusuna deyil, “Azərbaycan mədəniyyətinin oyanışı” (§ 18.səh.69) mövzusuna daxil edilmişdir. N.Gəncəvinin “Bərdə faciəsi” ni əks etdirən misralarının elə yerləri seçilib “mədəniyyət” mövzusuna salmışdır ki, orada nə qarətçi və qatil rus var, nə də slavyan. Bilinmir ki, Bərdəni çapıb-talayan, 20 min dinc sakini qətlə yetirən qüvvə kimlərdir? N.Gəncəvinin “Bərdə faciəsi” dən əvvəl Bərdəni tərənnüm edən məşhur misralarını “mədəniyyət” mövzusuna daxil etmək daha effektli və ədalətli olmazmı? Yəni;
Bərdə nə gözəldir necə qəşəngdir.
Yazı da, qışı da güldür-çiçəkdir
“Mədəniyyət” bölməsində faciə, “Bərdə faciəsi”ndə gözəlliyi tərənnüm etmək dahi şairin irsinə hörmətsizlik deyilmi? Sədi Şirazinin “Gülüstan” və “Bustan” kitabları XVIII-XIX əsrlərdə Azərbaycan məktəblərində, mollaxanalarda şagird və tələblərə öyrədilirdi. Niyə? İbrətamiz kəlamlarla, öyüd-nəsiətlərlə zəngin olduğu üçün poemaları ilə dünyanı heyran qoyan dahi N.Gəncəvinin irsi məktəblərimizdə lazımi səviyyədə tədris olunmalıdır. Azərbaycan tarixi dərsliklərində şairin bədii yaradıcılığı daha çox qabardılır. N.Gəncəvinin poemaları tarixi hadisələrlə və şəxsiyyətlərlə zəngindir. Poemaların qəhrəmanlarının əksəriyyəti tarxindən götürülmüş və bədiiləşdirilmişdir. V siniflər üçün Azərbaycan tarixi dərsliyindəki “Azərbaycan intibahi” mövzusuna N.Gəncəvinin yalnız bədii yaradıcılığının səthi şəkildə daxil edilməsi başa düşülmür. Mövzuda şairin “Yeddi gözəl” poeması ilə bağlı poemadakı hansı gözələ üstünlük verərsiniz” sualını qoymaq nə dərəcədə düzgündür? Əsərdəki gözəlləri seçməkdənsə tarixi qəhrəmanları (Bəhram Çubin və b.) və hadisələri qabarıq şəkildə vermək, motivasiya yaratmaq daha effektli olmazdımı?Azərbaycan İntibahı Avropa intibahını 2 əsr qabaqlamışdır. N.Gəncəvi Azərbaycan İntibahının möhtəşəm nümayəndəsidir. Odur ki, Azərbaycan tarixi dərsliklərində “Nizami Gəncəvi və tariximiz”, “Nizami Gəncəvinin dövrü və həyatı”, Nizami Gəncəvi və türkçülük”, “Nizami Gəncəvi və Azərbaycan İntibahı” və s. kimi mövzular daxil edilməlidir. Nizami Gəncəvi orta əsrlərin amansız feodal istismarı şəraitində yaşayıb yaratsa da, zülmə, istismara, ədalətsizliyə qarşı açıq şəkildə etiraz səsini ucaltmış, şahlara, hökmdarlara qarşı o dövr üçün son dərəcə cürətli sayılan tənqidi fikirlər irəli sürmüşdir. “Güzgünü sındırma, üzündəki ləkəni sil” Qarının Sultan Səncərə Söylədiyi bu ittiham əslində dahi şairin bütün feodal cəmiyyətinə qarşı ittihamı idi. XII əsr feodal anarxiyası və istismarı şəraitində bu kimi fikirlər yeni cəmiyyətin yaradılması ehtiyaclarından irəli gəlirdi və xalq kütlələrinin mənafeyini əks etdirirdi. İran şah hakimiyyətinin nəzəriyyətçiləri, qədim İran aristokratiyasının mənafeyinin ifadəçiləri Dəqiqi (XIəsr), Ə.Firdovsi (936-1020) və başqaları belə bir təlimi müdafiə edirlər ki, yalnız ilahi qüvvə tərəfindən şah nəslindən olan xüsusi adamlar hökmdar ola bilərlər. Nizami Gəncəvi bu təlimi birdəfəlik rədd edib, o dövrlər üçün demokratik, humanizm nümunəsi sayılan belə bir tələb qoyurdu ki, ədalətli, ağıllı, zəhmətsevər, rəşadətli hər bir adam şah ola bilər. O, ali hakimiyyət iddiasında olan şəxsin ləyaqətini, şəxsi keyfiyyətlərini ön plana çəkirdi. N.Gəncəvinin fəlsəfi və məntiqi fikirləri belə deməyə tam əsas verir ki, o, böyük filosoflarla bir sırada dayansın.“İqbalnamə” də “Hindli həkimin İsgəndərlə söhbəti və “İsgəndərin yeddi alimlə xəlvətə çəkilməsi” bəhsləri bu baxımdan diqqətəlayiq nümunədir.
Şairin ilk əsərləri qəsidə və qəzəllərdən ibarət olumuşdur
Nizami Gəncəvi qəsidəyə real məzmun vermiş, onun mövzusunu, mahiyyyətini bütünlüklə dəyişdirmiş, başqa sözlə desək, şeiri meyxanədən təcrid etmiş, meyxanalardan çıxarmışdır. Dahi şair sözü varlığın əzəli kimi qiymətləndirmiş, sözün dəyərini, çəkisini ön plana çəkmişdir.
Ürək sözə dil açdı, dedi ki,
“Ver mənə can” yoxsa, yolmu tapardı bu cansız bədən?!
Nizami Gəncəvi qəsidə ilə yanaşı qəzəl də yazmışdır. Şair özündən əvvəlki ənənələrə son qoyaraq qəzələ yeni ruh gətirdi. N.Gəncəvinin qəzəlləri sərbəst, humanist və canlıdır. Şairin lirik şeirlər “Divan” ı zəmanəmizə gəlib çatmamışdır. Belə bir “Divan” nın olduğuna şair özü 1188-ci ildə yazdığı “Leyli və Məcnun” poemasında açıq-aydın işarə edir. Orta əsr təzgirəçilərinin məlumatına görə, həmin “Divan” iyirmi min beytdən artıq imiş. Bu böyük ədəbi irsin az hissəsi dövrümüzə qədər gəlib çatmışdır. N.Gəncəviyə böyük şöhrət qazandıran və onun bütün dünyada məşhurlaşdıran “Xəmsə” adlanan beş poemasıdır. Şairin ilk böyük əsəri- “Sirlər Xəzinəsi” (“Məxzəmil-əsrar”) “Xəmsə” də xüsusi yer tutur. “Sirlər Xəzinəsi” didaktik poemadır. Bu poemada N.Gəncəvi məzlum, alçaldılmış və təhqir edilmiş, zülm çəkən zəhmətkeş insaların müdafiəçisi kimi çıxış edir. N.Gəncəvi bu poemada belə bir bir fikri əsaslandırır ki, insana xeyir və şər ünsürləri xasdır. Şairin fikrincə, dünyada misilsiz dəyəri olan yeganə şey-insanlara təmənnasız xidmətdir, cəmiyyətin xeyrinə işləməkdir, ədalətli olmaqdır.
Bununla əlaqədar şair yazır;
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
XII əsrin 60 cı illərinin sonunda Dərbənd hakimi Dara Müzəffərəddin ibn Mühəmməd ibn Xəlif N.Gəncəvinin ona ithaf etdiyi qəsidənin əvəzində, gənc qıpçak gözəli Afaqı (Appaqı) töhfə göndərmişdir. Şair Afaqı ürəkdən sevmiş və Afaq onun kənizi deyil, qanuni arvadı olmuşdur. 1174-cü ildə şairin Afaqdan bir oğlu dünyaya gəlir. Afaqın vaxtsız ölümü isə şairə böyük mənəvi zərbə olmuşdur. İkinci poeması “Xosrov Şirin” də (1180-ci il) N.Gəncəvi Afqın füsunkar obrazını yaratmışdır. “Xosrov Şirin” dünya poeziyasının ülvi məhəbbəti, nəcib hissləri, sevgilisinin yolunda həyatını qurban verməyə hazır olan qəhrəmanların yüksək mənəviyyatını alqışlayan ən gözəl sənət nümunələrindən-abidələrindən biridir. Şair 1188-ci ildə “Leyli və Məcnun” poemasını yazmışdır. Min qəlbə sığınan sevgini bir qəlbə sığdıran şair, Məcnunun simasında eşqin ən yüksək pilləsini kəşf edir, onu ilahiləşdirir. N.Gəncəvi “Leyli və Məcnun” poemasından amansız orta əsr mühitində məhvə məhkum olunmuş ülvi məhəbbətin faciəsini də dahiyanə ustalıqla qələmə almışdır. N.Gəncəvinin dördüncü poeması “Yeddi Gözəl” onun digər əsərlərindənn xeyli fərqlənir. Burada fantastik ünsürlər, əfsanə və nağıllardan iqbas edilmiş surət və efizodlar mühüm rol oyanyır. Şair Bəhram şahın timsalında xalqın qayğısına qalmaq üçün allah tərəfindən əta olunmuş hakimiyyətdən istifadə edən ədalətli, ideal şah haqqında fikirlərini davam etdirir. N.Gəncəvinin son böyük poeması “İsgəndərnamə” epopeyasıdır. Çində Xəyali “Günəş ölkəsi” nə İsgəndəri çatdıran N.Gəncəvini sovet tədqiqatçıları İtalyan mütəfəkkir Kompanella ilə bir sıraya daxil edərək ona “utopik sosializmin” nümayəndəsi damğasını vurmuşdular. Aydın məsələdir ki, şair yeni cəmiyyətin arzusunda idi, o cəmiyyətin ki, orada bolluq hökm sürü, zülm və düşmənçilik, oğurluq və əsarət yoxdur, hamı bərabərdir. Bu cəmiyyətin isə sosializm, N.Gəncəvinin adından sosializm cəmiyyəti adlandırmaq komunist idealogiyasından doğan cəfəngiyyatdan başqa bir şey deyildi. N.Gəncəvi söylədiyi fikirləri hər vasitə ilə aforizmlərlərlə, həyatdan götürülmüş konkret ibrətamiz misallarla möhkəmlətməyə nail olmuşdur. “Sirlər Xəzinəsi” bütünlüklə bu cür qurulmuşdur. N.Gəncəvinin aforizmlər yaratmaq təsəbbüsü onun poetik istedadının bədii xüsusiyyətləri ilə də bağlıdır. N.Gəncəvi təkcə dahi şair deyil, həm də kainatın sirlərini, varlığın mahiyyətini daim anlamağa çalışan, həyatın mənasını və insanın vəzifəsi məsələlərini gərgin şəkildə götür qoy edən, yer üzündə ahəngdar həyatın qurulması barədə düşünən dahi filosof və mütəfəkkdir. Şairin fikrincə, zahiri görkəm hələ hər şey deyil. İnsanın mahiyyəti onun davarnışında təzahür edir, insanlara hərəkətlərinə görə qiymət vermək lazımdır. İşləməyi,əməyi heç bir şey, hətta ən böyük istedad da əvəz edə bilməz. İnsanın birinci düşməni tənbəllikdir ki, bu əsl istedadın sönüb getməsinə səbəb olur. Şair bununla bağlı yazı;
Çox iti zehinlər yatan oldular
Axırda saxsı qab satan oldular.
N.Gəncəvinin hikimətli sözləri, kəlamları, xüsusilə poemaları fövqalədə dərəcədə mütərəqqidir, zəmanəni, xalqa və ölkəyə rəhbərlik işinin dəyişdirilməsi çağrışlar baxımından XII əsr üçün gözlənilməzdir, əsl mənada zəmanəni qabaqlamaqdır. N.Gəncəvinin yaradıcılığının mövzusu elə problemləri əhatə edir ki, bəşəriyyət həmin problemlər üzərində bir neçə əsr keçəndən sonra düşünməyə başlamışdır.
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalətdir!
Yaxud;
Kim ki, zülmün evini bərbad edib indidən,
Öz sabahkı evini abad edib indidən
Yaxud;
Yaxşı iş görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran,
Ədaləti zəmanənin başlıca problemi olduğunu söyləyən dahi şair insanları köləlik zəncirini qırmaqla azadlığa və şərəfə qovuşmağa da çağrışlar edir;
Köləlik zəncirini zillətsiz atmaq olmaz?
İztirabsız, əzabsız, şərəfə çatmaq olmaz.
Deməli azadlıq verilmir, alınır. Onun başlıca yolu isə mübarizədir. Nizami Gəncəvinin konsepsiyasına görə, insan təbiətin əlində bir oyuncaq deyil, şair insan iradəsinə, zəkasına, onun tükənməz imkanlarına möhkəm inanır!
Poladdan dağ olsa yenə də, inan,
Vurub parça-parça dağıdar insan.
Nizami Gəncəvi tamahkar, acğöz, əyyaş və içki düşkünü olan adamlara da öyüd-nəsihətini əsirgəmir!
Çox da dünya qənimi pərən salan şərabdır,
Ağa, içmə, ağlını əldən alan şərəbdır,
Ölçüb-biçib yeməyə çalışmağın yaxşıdır,
Az-az yeyib pəhrizə alışmağın yaxşıdır.
Yaxud;
Sənə bircə dilbər edər kifayət,
Tək qalar çox arvad alan nəhayət
Təkarvadlığı təlqin edən şair, o dövrün hakimi dünya görüşünü xeyli geridə qoyur, bununla da ailə məşiət problemlərinin sağlam düşüncə üzərində qurulması məsələsi barədə də bir neçə əsr əvvəl körpü salır.Bütün bunlar XII əsr hakim feodal cəmiyyəti içərisində olduqca cəsarətli fikirlər idi.Dahi şair öz yaradıcılığının bəşəri və əbədi yaşar olduğunu da əvvəlcədən müəyyənləşdirmiş və öz zəhmətin bəhrə verəcəyini poetik dildə ustalıqla qələmə almışdır;
Hikmət dəni səpdim ki, vəfa dəni cücərsin,
Hamı alqış oxuyub, bir gün barını dərsin.
N.Gəncəvi bəşəri şairdir, bəşəriyyət ona rəhmət oxuyur, əsərləri dünyanın bütün dillərinə tərcümə edilmişdir. XII əsrdə söz sənəti, fəlsəfə, etika, estetika, poetika və cəmiyyətşünaslıq-sosiologiya sahəsindən Azərbayacan intibahını təmsil edən Nizami Gəncəvi olmuşdur. Nizami Gəncəvinin 800 illiyi yubleyi 1941-ci ildə II Dünya müharibəsinin başlandığı dövrdə qeyd edilmişdir. Şairin 850 illiyi də müharibə dövrünə, I Qarabağ münaqişəsi zamanına (1991-ci il) təsadüf etmişdir. Nizami Gəncəvi irsinin təbliği, onun məzarının müasir görkəmə gətirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir. Maraqlı cəhət odur ki, “Nizami Gəncəvi ili”nin elan olunması barədə Prezdent sərəncamı II Qarabağ müharibəsində Azərbaycan ordusunun Ermənistan ordusu üzərində qələbəsindən az sonra elan edilmişdir. Düşmən üzərində qələbə “Nizami Gəncəvi ili” ilə qovuşmuşdur. Nizami Gəncəvinin dili ilə desək, ədalət bərpa olunmuşdur.
Azərbayacan Qarabağa, mədəniyyətimizin beşiyi olan Şuşaya qovuşmuşdur. Nizami Gəncəvinin yaradıcılığı və ruhu yenidən işğaldan azad edilmiş torpaqlarda dolaşacaqdır.
Əmiraslan Bəşirov,
“Əməkdar müəllim” “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi,
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubileyi medalçısı
Təqaüddə olan tarix müəllimi