...onsuz da sizə oxşayacaqlar
“Uşaqlar bizim gələcəyimizdır”- bu məşhur devizi də tez-tez eşidirik, gələcəyimiz olan uşaqların zorakılığa məruz qalmasını da, əzizlənməsini də. Gələcəyimizin qurucularını hərəmiz bir cür tərbiyə edirik- kimimiz sözlə, kimimiz kötəklə. Bu yazımızın mövzusu uşaqların necə tərbiyə edilməsi barədədır.
Zorakılıq narkotikadır?
Psixoloqlar bildirir ki, zorakılıq bir növ asılılıq kimidir, bir neçə dəfə tətbiq edən sonra bu vəziyyətə alışır, zorakılıq etməsə dura bilmir. Hətta, psixoloqlar zorakılığı heroinə bənzədirlər, amma zorakılıq tətbiq edənin bu həddə qədər keçdiyi yol var. Əvvəlcə, tiryək çəkən bir narkomanın zamanla bununla kifayətlənməyib daha sərt narkotik vasitələrə əl atması eynilə xırda şillələrlə, dümsükləmələr və çımdikləmələrlə uşağını tərbiyə etmək istəyənə bənzəyir. Zamanla o şillələr, dümsük və çimdikləmələr böyüyür, daha qəddar vasitələrlə əvəzlənir.
Əgər konkret olaraq ifadə etsək, zorakılığı tiryəklə, nəticəsi olan cəzalandırma sistemini də narkomaniya ilə müqayisə edə bilərik. Valideynlər zorakılığa əvvəllər yavaş-yavaş meyillənir, lap tiryəkə meyil edən yeniyetmə kimi. Valideyn sonralar bununla kifayətlənməyib zorakılığını daha qəddar formada göstərir, uşağa cəzalar tətbiq edir. Lakin bir qədər sonra əməlindən peşman olur, “kaş belə etməyəydim” deyir. Eynilə heroini qəbul edib, onun verdiyi “ləzzəti” dadıb, ayılandan sonra bir narkomanın “kaş ki, bunu etməyəydim” deməsi kimi..
Cəza nədir?
Təəssüfləndirici bir haldır ki, indi uşaq tərbiyəsində ən çox əl atılan üsul “cəza”dır. Psixoloqlar övladına cəza tətbiq edən valideynlərə birinci bu sualı ünvanlayır: “Ətrafınıza baxın, döyməklə, cəza verməklə adam olan bir uşaq gördünüzmü?”.
Cavab həmişə “görmədim” olur, çünki döyülərək, söyülərək, zorakılığa məruz qoyaraq uşağı tərbiyə etmək olmaz. Əgər konkret olaraq fikrimizi ifadə etməli olsaq, o zaman cəzanı belə açıqlaya bilərik: “Cəza, düzəlmək üzrə olan bir uşağın yenidən pis davranış göstərməsınə, içindəki “pis uşağın” baş qaldırmasına stimul yaradan səbəbdır”.
Valideynlər cəza verməyə adətən uşağı küncə qoymaqla başlayırlar. Əvvəllər üzü divara qarşı qoyulan uşaq buna narazılıq edir, durmaq istəmır, amma zamanla alışır. Bir müddət sonra üzü divara durarkən əllərini də yuxarı qaldırmalı olur, çünkı valideyn bu dəfə bir qədər çox qəzəblənıb- 2-ci mərhələyə keçilib. Sonrakı etapda üzü divara, əllər yuxarıda və tək ayaq üzərində durmalı olur- bu, 3-cü mərhələdır.
Sonrakı mərhələləri zənnimcə deməyə ehtiyac yoxdur. Əvvəlcə bir şillədən başlayır, sonra 2, 3 və daha çox şillə, qulaq dartma, saçlarını çəkmə, əllərınə vurma. Vəziyyət getdikcə pisləşir, valideyn daha əllərinə güvənmir, uşağa cəza verəndə başqa cisimlərdən istifadə edir. İlkin vaxtlarda uşağın arxasınca atılan bir ayaqqabı, hansısa bir oyuncağı, televizorun pultu, stol üstündəki qəndqabı, stəkan olur. Amma vaxt keçdikcə valideyn bununla da kifayətlənmir, indi mətbəxdəkı “köməkçilər” işə düşür, böyük taxta qaşıq, oxlov... və bu cür valideynlər bütün bu üsulları “cəza” adlandırmaqla övladlarına “tərbiyə” verməyə çalışırlar.
Zorakılıq uşağı zorla yedirtməkdən başlayır
Psixoloq Zamin Ramilovun fikrincə, zorakılıqla nəyəsə nail olmaq mümkün deyil, üstəlik, söhbət uşaq psixologiyasından, uşaq tərbiyəsindən gedirsə: “Uşaqları tərbiyə etməyin əsas şərti budur ki, usağa yalan danışmayasan. Uşağının hər zaman doğru danışmasını istəyən ana özü yalandan uzaq olmalıdır. Körpəyə ilk baxışdan sizə xırda görünən yalanlar deməklə özünüz də bilmədən onu yalana öyrədirsiniz. Bir çox valideyn var ki, uşağı zorla yedirir, zorla yatırır. Uşağı heç vaxt məcburən yedirməyin.
Əksər analar körpələrinin az yeməyindən narahat olur və onu cox yeməyə məcbur edir. Bu zaman uşaq anadan sevgi yox, zorakılıq görür. Çünki o, anlamır ki, siz onu yedirməklə onu sağlam böyütmək niyyətindəsiniz, o, sizin niyə belə etdiyinizə təəccüb edir. Belə uşaqlar isə gələcəkdə hər şeyin yalnız zorakılıq sayəsində mümkün olduğuna inanırlar. Bunun nəticəsidir ki, həmin usaqlar böyüyüb valideyn olduqları zaman onlara göstərilən zorakılığı öz uşaqlarına tətbiq edirlər.
Psixoloq deyir ki, valideynlər çalışmalıdırlar ki, uşağın həm ata-anası, həm də ailənın başqa üzvləri ilə münasibəti sağlam olsun: “Uşağa özündən böyüklərlə istədiyi kimi rəftar etməyə icazə verdiklərindən onlar böyüklərin saçını dartır, əllərındəkini istəyirlər. Ana isə bunlara şıltaqlıq kimi baxır. Lakin uşaq böyüyən kimi bu xasiyyəti birdən-birə qadağan edirlər. Uşağa elə gəlir ki, onunla ədalətsiz rəftar edirlər. Buna görə o tərslik edir və sözə qulaq asmır. Əvəzində valideyn uşağı cəzalandırır”.
Dəcəllərlə necə rəftar edək?
Düzdür, bir çoxumuzun övladı həddindən artıq dəcəldır, hiperaktiv adlandırılan, çətin tərbiyə olunan tipdəndır. Zorakılığa əl atmağımızı, cəza verməyimizi də çox vaxt bununla əlaqələndiririk. Tərbiyə vermək deyəndə bir çoxunun ağlına ilk olaraq cəzalandırma gəlir. Hələ el arasında belə bir məsəl də var, “qızını döyməyən, dizini döyər”. Burda “döyməyən” sözünü dırnaqda qəbul edib, tərbiyə verməyən kimi anlamaq lazımdır, çünki elə bu mənada da deyilib.
Əslində, tərbiyə etmək və cəzalandırmaq bir-birindən çox fərqli anlayışa malikdir. Tərbiyə, uşağa müsbət davranışların aşılanması, özünü aparma qaydaları, başqalarına münasibət, ətraf aləmə sevgi kimi dəyərlərı özündə birləşdirir. Cəzalandırma isə mənfi məna verir, uşağın bilərəkdən və ya bilməyərəkdən etdiyi bir hərəkətə görə çıxarılan “hökm”dür.
Uşaqlar zamanla verilən cəzaya bir növ adaptasiya olurlar, onlar artıq növbəti cəzanın necə olacağını düşünmürlər. Düşündükləri bircə şey var: “keçən dəfə də pis hərəkət etmişdım, bir şillə ilə cəzalandırıldım, qoy bu dəfə lap iki şillə olsun, heç nə olmaz?”.
Bu hallarda onları tərbiyə etməyin ən yaxşı yolu iki şillə yerinə tənəlı bir baxış, danlamaq və yaxud da ondan küsməkdir. Uşaqlar valideynin ondan küsməsinə daha çox reaksiya verirlər. Onlar ata-analarını çox sevdiklərindən onları bir də məyus etməmək haqda düşünürlər.
Uşağı rüşvətlə tərbiyə etməyin
Uşaq psixoloqu Ülkər Nadirovanın fikrincə, uşağın tərbiyəsi zamanı psixologiyada “mükafatlandırma və cəza” adlı tərbiyə metodu var: “Burada mükafatlandırma dedikdə birinci növbədə uşağın bacarıqlarını və gözəl əməllərini qabardıb onlara görə onu tərifləmək və ya xoşladığı sevinəcəyi kicik bir hədiyyə etməkdir.
Bu, uşağın xoşladığı şirniyyat və ya kicik bir gəzinti ola bilər. Uşağı pul və başqa qiymətli şeylərlə mükafatlandırmaq qəti olmaz. Bu, uşaqda rüşfətxorluğun formalaşmasına gətirib cıxarır. Zaman keçdikcə, artıq uşaq rüşvət verilməsə hansısa bir işi etməyəcək”.
Cəzalanmaya gəldikdə isə psixoloq deyir ki, fiziki cəzadan söz gedə bilməz: “Uşaq nə qədər fiziki təzyiq görsə, o qədər tərsləşir və deyilən sözün əksini edir. El arasında deyilən kimi, "döyülən uşaq sırtıq olur". Cəzalandırma yalnız bu cür mümkündür - uşağın öyrəşdiklərinə, xoşladıqlarına qısa müddətli qadağa qoymaq.
Valideyn əvvəlcədən xəbərdarlıq etməlidir, məsələn, bunu etsən səni bir günlük cizgi filminə baxmaqdan məhrum edəcəyəm və yaxud, bazar günü gəzintisinə getməyəcəksən. Ən vacibi odur ki, valideyn sözünə əməl etsin. İstər bu, mükafatlandırma olsun, istər də bəhs etdiyimiz cəzalandırma. Əks halda, uşaqda inam itir və gələcəkdə valideynin hec bir sözünə əməl etmir”.
Düzgün tərbiyə üçün əsas şərtlər hansılardır?
Mövzumuza yekun olaraq əksər psixoloqların məsləhət gördüyü ən əsas məqama toxunmaq istəyirik. Uşağın düzgün tərbiyəsində 3 vacib şərt var:
Uşağa lazımi qədər vaxt ayrılmalıdır. Valideyn savadlı və diqqətli olmalıdır. Ən vacibi, özün nümunə olmalısan.
Yalnız bu şərtlər olduğu təqdirdə yuxarıda qeyd etdiyimiz tərbiyə metodları müsbət nəticə verə bilər. Əks halda, düzgün tərbiyə edilməyən uşaq həm öz ailəsi, həm də cəmiyyət üçün problemə çevriləcək. Buna heç cür yol verməməliyik.
Uşaq tərbiyəsi çox çətindir, xüsusən də indiki dövrdə. Uşaq tərbiyəsində 3 faktorun rolu var - ailə, ətraf mühit və genlərlə ötürülmüş fərdi xarakterlər. Bu 3 faktor arasında hansı güclü olsa, o tərəf qalib gələcək. Valideyn çalışmalıdır ki, digər ikisini üstələsin. Bunun üçün də, ilk növbədə, özümüz uşağa nümunə olmalıyıq. Bu, o deməkdir ki, əvvəlcə özümüzü tərbiyə edib, sonra uşağa tərbiyə verməliyik. Məşhur bir ifadə ilə desək, “uşağınıza tərbiyə verməyə çalışmayın, onsuz da sizə oxşayacaqlar”.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb