Putinlə Bidenin görüş yeri bəlli oldu - CNN XƏBƏR YAYIB

25 May 2021 17:28 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden, rus həmkarı Vladimir Putin ilə ilk üz-üzə görüşünü 15-16 iyun tarixlərində İsveçrədə keçirmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə CNN kanalı iki yüksək rütbəli Amerikalı məmura istinadən məlumat yayıb.

Məlumatlara görə, bütün şəhərlər arasında Cenevrə iki liderin çoxdan gözlənilən görüşü üçün son seçim olub.

Televiziya kanalı, Ağ Evin mətbuat katibi Rusiya-ABŞ sammitinin mümkün yeri və tarixi barədə məlumatları, "bütün detalların son razılığına qədər" şərh etməkdən imtina etdiyini qeyd edir.

Xatırladaq ki, İsveçrənin "Tages-Anzeiger" qəzeti öz mənbələrinə istinadən İsveçrədə bazar ertəsi günü Rusiya-ABŞ sammitinin keçirilməsinin mümkünlüyü barədə yazıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da, əvvəllər Rusiya və ABŞ liderləri arasında görüşün keçirilməsinə dair yekun bir razılığın olmadığını, ancaq bu razılıq əldə edildiyi təqdirdə sammitin "Avropa diplomatik paytaxtlarından" birində keçirilə biləcəyini söyləyib. ABŞ Dövlət Katibi Entoni Blinken, öz növbəsində, Amerika tərəfinin önümüzdəki həftələrdə iki prezidentin görüşünü gözlədiyini deyib.