“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yolu qalmayıb” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

25 May 2021 12:25 (UTC+04:00)

“Ermənistan baş naziri N.Paşinyanın imzalamaq məcburiyyətində qaldığı “Təslim aktı”nın müddəalarının icra olunması üçün sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlamaq barədə Azərbaycanın təkliflərini qulaqardına vuran qonşularımız gözlənilməz “həmlə” ilə üzləşdilər. Mayın 12-də hərbçilərimiz dayandıqları mövqelərdən 3,5 km irəliləyərək Qaragöl ətrafında dayandılar. Bu addım Ermənistanın sərhədləri müəyyənləşdirmək barədə cəhdlərimizə törətdiyi maneçiliklərə dünyanın diqqətini cəlb etmək üçün vaxtında atılmış addım idi və Azərbaycan qarşıya qoyduğu məqsədə nail oldu”.

Bu fikirləri Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov SİA-ya açıqlamasında bildirdi.

A.Səmədov qeyd etdi ki, Azərbaycan öz sərhədlərini bərpa etməklə gözlənilməz heç nə baş vermədi: “Yenə Ermənistanda hay-küy qalxdı. Yenə N.Paşinyan KTMT-yə “yardım müraciəti” göndərdi və yenə üzvü olduğu “hərbi ittifaq”dan artıq adət etdiyi növbəti “rədd cavabını” aldı. Yenə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan “bitərəf” Fransanın Prezidenti Emmanuel Macron Azərbaycanı Ermənistan sərhədlərini pozmaqda ittiham etdi və bu “şanlı ittiham”ı erməni dilində dünyanın nəzərinə çatdırdı. Kimliyini tamamilə unudan dövlət başçısı- "Bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəylik içindədir və olmağa davam edəcəkdir"- yazmaqdan belə çəkinmədi. Gözləntilərimizə müəyyən qədər cavab verən ABŞ Dövlət Departamentinin rəsmisi sərhədlərin demarkasiyasının hələ başlanmamasına diqqət çəkdi və vəziyyəti dinc vasitələrlə nizamlamağa çağırdı”.

A.Səmədovun sözlərinə görə, Rusiya xarici işlər naziri S.Lavrov daha çox Ermənistanın və Fransanın qeyri-adekvat addımlarının yersiz olduğunu nəzərə çatdırdı və "bu cari, lakin rahat nizamlana bilən məsələdə ehtirasların qızışdırılması üçün heç bir səbəb görmürəm"-dedi: “Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə münasibət bildirən Lavrov, Azərbaycan tərəfinin insidentin "anlaşılmazlıq üzündən və başlıcası - sərhədin delimitasiya və demarkasiya olunmadığına görə baş verdiyini” bəyan etdiyini diqqətə çatdırdı və “Rusiya Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazırdır”- bəyanatını verdi. Ermənistanın uzun müddət yayınmağa çalışdığı və baş verməsindən qorxduğu hadisə- sərhədlərin delimitasiya və demarkasiyası artıq qaçılmaz reallığa çevrilib və dünya birliyi bu işlərə ləngimədən başlamağı tələb edir. Hətta Moskva demarkasiya işində Yerevana və Bakıya kömək etməyə, zəruri xəritələri təqdim etməyə hazır olduğunu da bildirib. Əlacsız qalan N.Paşinyan hökuməti bu ayın sonuna kimi delimitasiya işlərinə başlamaq üçün milli nümayəndəlikləri formalaşdırmaq təklifini qəbul edib. Parlamentdə çıxış edən Baş Nazir sovet dövrünün xəritələri əsasında sərhədlərin müəyyənləşdiriməsi üçün komissiya yaratmağa hazır olduğunu bəyan edib və bu bəyanat Ermənistanda vəziyyəti daha da kəskinləşdirib. Çünki sərhədlərin tanınması barədə razılaşma Azərbaycanın ərazi bütövlüyünü tanımaq deməkdir və uzun müddət bu addımı atmaqdan yayınan Ermənistanın artıq başqa yolu qalmayıb”.