Paytaxt sakinləri "Avroviziya"nın nəticələrini belə dəyərləndirdilər - SORĞU-FOTOLAR

24 May 2021 15:02 (UTC+04:00)

22 may tarixində Niderland Krallığının Noterdam şəhərində "Avroviziya 2021" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. SİA-nın verdiyi məlumata görə, yarışın qalibi İtaliya təmsilçisi "Maneskin" qrupu "Zitti E Buoni" mahnısı ilə birinci oldu. O, səsvermə zamanı 524 xal toplayıb.

Səs İnformasiya Agentliyi olaraq bu gün şəhərin mərkəzi küçələrinin birində "Avroviziya 2021" beynəlxalq mahnı müsabiqəsinin nəticələrinin insanları qane edib-etmədiyi ilə bağlı sorğu keçirdik. Sorğunun nəticələrini sizlərə təqdim edirik:

Şəhər sakini Sədaqət Xangəldiyeva: "Məncə, biz birinci pilləyə layiq olmalıydıq. Əslində ifamız yaxşı idi. 20-ci pilləyə layiq deyildik. Eybi yox.Təki bundan sonrası yaxşı olsun. Əsas odur ki, biz müharibədə qalib gəlmişik. Burda qalıb gəlməsək də olar".

Şəhər sakini Kəmalə Mədətova: "Biz əslində, beşliyə düşməli idik. Samirənin ifası çox xoşuma gəldi. Onun geyiminə səhnəsinə çox söz deyildi. Amma mən səhnəni də, rəqsləri də bəyəndim. Orda odlar yurdunu təmsil edən od, rəqsdəki yallımız, hər şey çox gözəl idi. Məncə bizə haqsızlıq edildi. 20-ci yerə layiq deyildik. Ailəlikcə baxdıq və Samirənin ifasını çox bəyəndik".

Şəhər sakinlərinin bir çoxu Samirə Əfəndinin ifasını çox bəyəndiyini desə də, amma sorğu zamanı əksini deyənlərin də şahidi olduq.

Şəhər sakini Əhməd Məmmədov: "Mata Harinin mənası bilirsinizmi nədir? Bunu bizim mentalitetlə, folklorla heç bir əlaqəsi yoxdur. Bu mahnı Azərbaycanı düzgün tanıtmayan mahnı idi. Düzdür, Samirə istedadlı ifaçıdır amma mahnı yaxşı deyildi".

Şəhər sakini Aygün Rafiq qızı: "Biz o pilləyə layiq deyildik. Məncə daha yaxşı yerlərə layiq idik. İfamız da, mahnımız da yaxşı idi. Lirika da vardı, pop da. Üstəlik azərbaycanca sözlər də vardı. Bizə haqsızlıq edildi. Fransa, Malta, Yeni Zelandiya da pis deyildi. Birinci yerə çıxan ölkə isə bu pilləyə layiq deyildi".

Şəhər sakini Nofəl Məmmədov: "Mən çox istərdim ki, Qarabağ mövzulu, ya da sülh mövzulu mahnı oxusun. Belə olsaydı yaxşı səs toplayardı. Heç geyimlər də xoş deyildi. Heç də bizə uyğun deyildi. O xarici rəqqaslar da bayrağın nə demək olduğunu bilmir. Üstəlik mahnının sözləri də bizə uyğun deyildi. Elə ona görə də 20-ci yerə çıxdıq".

Şəhər sakini Əsli Nəsirova: "Bunlar hamısı siyasi oyundur. Orda mahnı və performans nəzərə alınmır. Əslində biz ilk onluğa layıq idik".

Şəhər sakini Əliqismət Mirzəzadə : "Biz 20-ci yerə layiq deyildik. Biz ölkələrarası səsvermədə də geridə qaldıq".

Xatırladaq ki, Azərbaycanı təmsil edən Samirə Əfəndi isə "Mata Hari" mahnısı ilə 20- cı pillədə qərarlaşıb.

Gülər Səfərova