Toylar başlayır? - Qiymətlər bu cür olacaq EKSPERT DANIŞDI

24 May 2021 13:16 (UTC+04:00)

“Toylarımızın tarixinə baxanda keçmişdə saray, karvansara və restoranlarda deyil, açıq havada keçirilib. Uzaqbaşı çadır və mağarlarda toy təşkil olunurdu. Bu milli adət-ənənə 20-ci əsrin sonlarına qədər davam edib. Təəssüflər olsun ki, sonralar bir çox obyektiv və subyektiv səbəblərə görə, eyni zamanda insanların iqtisadi-sosial vəziyyəti yüksəldikcə, toylar daha çox kommersiyalaşmağa başlayıb. Artıq konfortlu, krallara məxsus saraylar formasında şadlıq evləri, restoranlar və əyləncə mərkəzlərində toylar təşkil olunur. Bu çox normal hal idi. Hətta, bir çox ölkələrdə də bizim toy mədəniyyətimizin bəzi elementləri götürülməyə başlayıb. Amma pandemiya bir çox sahələrdə olduğu kimi toy biznesində də böhrana apara biləcək vəziyyət ortaya qoyub. Ona görə də, ictimaiyyət övladlarının toyunu görmək istəyən xalq kütlələri və düşüncə adamları, xüsusən də, Operativ Qərargahın ekspertləri kütləvi vaksinasiya prosesləri sürətləndikdən sonra, əhalinin artıq 50 faizindən çoxunda kollektiv immunitet yarandığına görə toy şənliklərinin açıq havada keçirilməsinə icazə verilir. Bu çox məntiqli qərardır. Çünki, biz uzun müddət bu şəraitdə yaşaya bilməzdik. Bu müharibə şəraitindən yeni çıxmış bir ölkə üçün demoqrafik problem yaradardı. Toy biznesindəki bu durğunluq nəinki, demoqrafik hətta, sosial-iqtisadi problemlərə də şərait yaranar”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, toy biznesi Azərbaycan iqtisadiyyatına bəlkə də, neftdən və gömrükdən sonra ən çox iş yeri yaradan və mənfəət gətirən, vergi verən sahədir: “Təsəvvür edin ki, toylarda yemək, ərzaq, kənd təsərrüfatı, logistika, nəqliyyat, müğənnilər, ansambl, səsyazma studiyaları, zərgərlik, gözəllik salonları, cehizlik-ticarət, mebel sənayesi, yeyinti və yüngül sənaye sahələrinə qədər bir çox sahələr iştirak edir. Toy kreativ biznes sahəsidir. Toyların tezliklə işə düşməsi ölkə iqtisadiyyatına da böyük təsir edir. Pandemiyadan əvvəl Azərbaycanda saraylarda Hindistandan, Türkiyədən qonaq gəlib toy etmək istəyənlərin sayı artıb. Rusiya, Ukrayna, Hindistan, Pakistan, İraq və Ərəb ölkələri də bizim toylara meyl edir. Həmçinin bunların hamısı bahalı toylardır. Bütün bunlar turzimin və iqtisadiyyatın inkişafı deməkdir”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Çoxdandır qapalı məkanlar saat 12-ə qədər fəaliyyət göstərir. Statistika göstərməyib ki, restoranlarda yeyib-içənlər biri-birinə xəstəlik keçirə bilər. Yayılma daha çox yas yerlərində baş verir. Artıq insanlar qorunmağa daha çox meyillidir. Açıq havada olan toylarda da sosial məsafəni gözləmək lazımdır. Düşünürəm ki, toyların keçirilməsində qadağa yox maarifləndirmə işləri aparılsa daha yaxşıdır”.

Ayşən Vəli