Vüqar Rəhimzadə: “Respublika Günü Azərbaycan dövlətçilik tarixində çox mühüm əhəmiyyət kəsb edən bir gündür”- MÜNASİBƏT

26 May 2011 16:44 (UTC+04:00)

"28 May Respublika Günü Azərbaycan dövlətçilik tarixində çox mühüm əhəmiyyət kəsb edən bir gündür". Bu sözləri SİA-ya "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıqlamasında deyib.

Şərqdə ilk Demokratik Respublikanın formalaşmasının 1918-1920-ci illərə təsadüf etdiyini deyən V. Rəhimzadə bildirib ki, ilk demokratik respublikanın məhz Azərbaycan olması hər bir vətəndaşın qürurudur.

Bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən baş redaktorun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı, hər bir insan bu bayramı sevinc hissi ilə qeyd edir.

"Bu il həm də müstəqilliyimizin bərpasının 20 illik yubileyi ilidir. Lakin buna baxmayaraq 28 May tarixinin Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyəti var. Azərbaycan Xalq Cümhuriyyəti uzun müddətli olmasa da o dövrdə də müəyyən nailiyyətlər, uğurlar əldə olunub. Elə bu səbəbdən də Respublika günü bütün xalqımız tərəfindən yüksək səviyyədə və böyük fəxr hissi ilə qeyd olunur",- deyə o qeyd edib.