"Qəhrəman Şuşa haqqında təəssüratlarım çoxdur". Bu sözləri SİA-ya açıqlamasında aktrisa Həmidə Ömərova deyib.
Onun sözlərinə görə, iki gün sonra Firəngiz Mütəllimova ona zəng edərək deyib ki, "Şuşa üçün darıxmışam": "Mən təsəvvür edirəm ki, Şuşada böyüyüb boya-başa çatan, erməni qəsbkarlığına məruz qalıb Vətənindən ayrı düşən, qəribçilikdə qalan azərbaycanlılar- şuşalılar Şuşa üçün necə darıxıblar. Çox sevinirəm və həyəcan keçirirəm. Elə orada da çox həyəcanlı idim. Hamı mənim kimi sevincli və həyəcanlı idi. Özünüz də gördünüz ki, necə möhtəşəm festival oldu. Başda cənab Prezident olmaqla qonaqlar, iştirakçılar, hamımız çox kövrəlmişdik. Heç kim hiss və həyəcanını gizlədə bilmirdi".
Həmidə Ömərova həmçinin qeyd edib ki, bu böyük qələbə və böyük sevincdir: "Şuşanın hər binasının üstündə orada vuruşan, canlarını fəda edən, qəhrəman əsgərlərimizin adları, soyadları, doğum tarixləri və doğulduqları yerlər yazılmışdı. Bu çox təsirli idi. Hətta mənim yadımdan çıxmır ki, orada Qazax, Lənkəran, Şəmkir yazılmışdı. Hətta Bakı qəsəbələri də-Buzovna, Maştağa da var idi. Çünki orada Azərbaycanımızın hər güşəsindən əsgərlərimiz vuruşurdular. Bir əsgərlə də tanış oldum. Soruşdum neçə yaşın var. Dedi ki,19 yaşım var. O, qardaşı ilə birlikdə 44 günlük müharibədə döyüşüb və onun qardaşı Şuşa uğrunda döyüşdə həlak olub. O isə, orda qalacağını, getməyəcəyini, qardaşının yolunu davam etdirəcəyini dedi. Şuşa çox gözəldir. Şuşanın havasını və gözəlliyini müharibə zamanı olan dağıntılar da poza bilməz. Oranın xüsusi havası və gözəlliyi var. Allahın bəxş etdiyi bu gözəllik əbədidir və hər zaman qalacaq. Mən inanıram ki, cənab Prezidentimizin və xalqımızın səyi nəticəsində Şuşa tez bir zamanda əvvəlkindən də gözəl olacaq. Orada quruculuq işləri də başlayıb və davam edəcək. Şuşa dünyanın ən gozəl şəhərlərindən birinə çevriləcək".
Gülər Səfərova