"Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir" BAŞ HİDROLOQ XƏBƏRDARLIQ ETDİ

21 May 2021 14:33 (UTC+04:00)

“Son günlər ölkə ərazisində cənub və cənub-qərb axınları ilə nisbətən isti hava kütlələrinin daxil olması havanın tempraturunun yüksəlməsinə səbəb olub. Hazırda Bakı şəhərində havanın tempraturu normadan 3-4 dərəcə yüksək olsa da, may ayı üçün maksimum tempratur rekord göstəriciyə çatmayıb. May ayının rekord göstəricisi 35,5 dərəcədir. Bu günlərdə isə maksimum tempratur 32,7 dərəcə 15 may tarixində müşahidə edilib”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, son illərin may ayı üçün tempratur göstəricilərinə nəzər salsaq, 2014-cü ildə 34,6-35,2 dərəcə isti qeydə alınıb: “Ondan əvvəlki illərdə isə 30 dərəcə müşahidə edilib.Yəni bu il may ayında müşahidə edilən istilər qeyri-adi hal deyil. Son illərin tendensiyası ümumiyyətlə, göstərir ki, may ayında havanın orta aylıq tempraturunun normadan yüksək olduğu illərin sayı artıb. Məsələn, bəzi illərdə bu fərq iqlim normasından 3,2 dərəcəyədək təşkil edib. Bu da kifayət qədər yüksək göstəricidir. Yəni, istiləşmənin səbəbi bütün dünyanı narahat edən iqlim dəyişkənliyi ilə əlaqədardır”.

Hidroloq sözlərinə belə davam edib: “Bildiyimiz kimi, bu gün iqlim dəyişmələrini havanın tempraturunun istilənməsində görürük. Araşdırmalar göstərir ki, Azərbaycanda da yay aylarında isti hava dalğalarının sayı artır. May ayına gəldikdə isə sn 15 il ərzində anormal isti dövrlər üstünlük təşkil edir. Bu qlobal iqlim dəyişkənliyi regional təzahürlərlə bağlıdır. Yaxın günlərə gəldikdə isə qeyd etmək istəyirəm ki, Azərbaycanın rayonlarında yaxın 2-3 gün ərzində əsasən, yağmursuz hava şəraiti müşahidə olunur. Lakin, 23 may gündüz saatlarında şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı və dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək və ayrı-ayrı yerlərdə isə külək arabir güclənəcək. Tempratur aran rayonlarında gündüz 31-36, dağlarda isə 21-26 dərəcə gözlənilir.

Bakı və Abşeron yarımadasında yaxın 2-3 gün ərzində yağmursuz hava şəraiti olacaq. Lakin, 23-24 may Bakı və Abşeron yarımadasında bir qədər şimal-qərb küləkli hava gözlənilir. Tempratura nəzər salsaq mayın 22-də havanın tempraturu Bakı və Abşeron yarımadasında gündüz 28-33, mayın 23 və 24-də tempratur yüksələrək gündüz 30-34 dərəcə isti olacaq. Eyni zamanda mayın 22-də sabit hava şəraiti gözlənilir ki, bu da metrohəssas insanlar üçün əlverişlidir”.

Ayşən Vəli