Xəbər verdiyimiz kimi, Avropa Parlamentinin sədri Yeji Buzek bu günlərdə ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyevlə avropalı qonaq arasında baş tutan görüşdə Azərbaycanla Avropa İttifaqı, Avropa Parlamenti arasında münasibətlərin hazırkı səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə Avropa Parlamentinin sədri Yeji Buzekin ölkəmizə səfərinin qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyət daşıdığı xüsusilə vurğulanıb. Qeyd edək ki, Avropa regionundakı digər qurumlar kimi Avropa Parlamenti də Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Bunu Yeji Buzekin ölkəmizə səfəri zamanı jurnalistlərə müsahibəsində səsləndirdiyi fikirlərdən də görmək olur. Azərbaycanla Avropa Parlamentinin demokratiya, insan haqlarının təmini kimi ortaq dəyərlərə malik olduğunu bildirən Y.Buzek əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb: "Azərbaycanın Milli Məclisi və Avropa Parlamenti ilk növbədə "Avronest" çərçivəsində həyata keçiriləcək yaxşı inkişaf perspektivlərinə malikdirlər, iqtisadi sahədə də əməkdaşlığı genişləndirməliyik".
Avropa Parlamentinin sədrinin qurumun Azərbaycanla iqtisadi, siyasi sahədə əlaqələrə əhəmiyyət verməsi barədə sözləri heç də təsadüfi deyil. Avropa ilə Asiyanı birləşdirən strateji məkanda yerləşən Azərbaycan regionların iqtisadi, kommunikasiya cəhətdən əlaqələndirilməsində müstəsna əhəmiyyətə malikdir. Bundan əlavə, Azərbaycanın sahib olduğu zəngin karbohidrogen ehtiyatları bir çox ölkələr kimi Avropa dövlətlərinin də diqqətini cəlb edir. Buna görə də, Avropa İttifaqı ölkələri Azərbaycanla iqtisadi əməkdaşlığın regionun enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna xüsusi əhəmiyyət verir.
Öz növbəsində, Azərbaycan müstəqil siyasət yeridən bir ölkə kimi xarici və daxili siyasətdə Avroatlantik məkana inteqrasiya yolunu tutub. Avropa İttifaqı ölkələri ilə geniş siyasi əlaqələr quran Azərbaycan bu əlaqələri həm ikitərəfli səviyyədə, həm də Avropa Parlamenti də daxil olmaqla beynəlxalq qurumlar çərçivəsində reallaşdırır. Fəal iqtisadi əlaqələr quran Azərbaycan regionda aparıcı enerji ixracatçısına çevrilib. Bilavasitə ölkəmizin iştirakı ilə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi əhəmiyyətə malikdir. Hazırda layihə şəklində mövcud olan "NABUCCO"nun reallaşmasında da əsas tranzit və hasilatçı ölkə kimi Azərbaycan diqqət mərkəzindədir. Artıq illərdir ki, respublikamız beynəlxalq miqyasda, eləcə də, Avropa məkanında etibarlı iqtisadi tərəfdaş imici qazanıb. Bu isə Azərbaycan rəhbərliyinin dövlətin maraqları ilə Avropa ölkələrinin milli maraqlarının uzlaşmasına kömək edən düşünülmüş siyasəti ilə mümkün olub.
Azərbaycanda müxtəlif sferalar üzrə həyata keçirilən demokratikləşmə, siyasi azadlıqların təmin olunması, insan hüquqlarına hörmət, iqtisadiyyatın liberallaşdırılması, azad sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahəsində fundamental islahatlar ölkəmizin Qərbə inteqrasiyasının uğurla həyata keçirildiyini təsdiq edir. Prezident İlham Əliyev hələ 2006-cı ildə Almaniyada Beynəlxalq Bertelsmann forumundakı çıxışında Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulamışdı. Təsadüfi deyil ki, Azərbaycan bir çox sahələrdə görülən işlərdə qabaqcıl Avropa ölkələrinin təcrübəsindən yararlanır. Siyasi islahatlar sahəsində Seçki Məcəlləsinə edilən dəyişikliklər, seçkilərin nəticələrində şəffaflığın, xalqın iradəsinin maksimum ifadə olunması təmin edilib. İnsan hüquq və azadlıqlarının təmin olunması sahəsində siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər elan olunub, mətbuat üzərindən senzuranın qaldırılması və digər tədbirlər sayəsində söz, fikir, mətbuat azadlığı bərqərar olub. İqtisadi sahədə isə bazar iqtisadiyyatına keçidlə əlaqədar makroiqtisadiyyatda özəl sektorun yeri möhkəmlənir, rəqabətlilik, orta və kiçik sahibkarlığın fəaliyyət imkanlarının genişlənməsi prosesi uğurla davam etdirilir. Azərbaycanda demokratiyanın dərinləşməsi, Qərbə inteqrasiya Avropa İttifaqının "Şərq tərəfdaşlığı" çərçivəsində də gerçəkləşməkdədir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan üzv olduğu təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.
Lakin bütün bunlara baxmayaraq, ölkəmiz bir sıra hallarda əsassız tənqidlərə məruz qalır. Belə ki, may ayının 2-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sənəd obyektivlikdən uzaq olduğu üçün Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanmışdı. Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı vəziyyətin düzgün əks olunmadığı sənədə münasibət bildirən millət vəkilləri onun Avropa ilə Azərbaycan arasında əməkdaşlığa xələl gətirdiyini bildirmişdilər. Qeyd etməliyik ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir, bunu həm daxili siyasətdə, həm də Avropa Parlamenti və digər qurumlarla əməkdaşlıqda təsdiqləyir. Xatırladaq ki, bu ilin may ayında Brüsseldə təşkil olunan "Avronest" Parlament Assambleyasının təsis toplantısında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı olan "Avronest"in təsis yığıncağında ümumilikdə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın parlament nümayəndələri iştirak edib. "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələri ilə əməkdaşlığa təkan vermək məqsədilə yaradılan qurumun fəaliyyəti çərçivəsində demokratiya, insan haqları, qanunun aliliyi məsələləri müzakirə olunacaq. Bu bir həqiqətdir ki, Avropa Parlamentinin, ümumiyyətlə isə, Avropa İttifaqının regionla əməkdaşlığının üzunömürlü və stabil olması bölgədəki təhlükəsizlik mühitindən xeyli asılıdır. Hazırda Avropa-Azərbaycan əlaqələrinin daha sürətlə inkişaf etdirilməsinə mane olan başlıca amil isə Ermənistanın təcavüzü nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Məlum olduğu kimi, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalı nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan daim işğal faktını beynəlxalq təşkilatlar qarşısında səsləndirməklə, işğalçı ölkə olan Ermənistana ciddi təzyiqlərin göstərilməsinə nail olmağa çalışır. Avropa Parlamenti ilə münasibətlərində də Azərbaycan bu məsələni daim diqqət mərkəzində saxlayır, münaqişə barədə həqiqətlərin Parlament səviyyəsində qəbul olunmasına çalışır.
Bütün bunlar bir daha sübut edir ki, Avropaya inteqrasiya Azərbayanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Eyni zamanda, proseslə onu göstərir ki, Avropa Azərbaycanın əsas tərəfdaş qismində görür...