Ruslar indi də, Alyaskanı “geri alırlar”?

21 May 2021 09:33 (UTC+04:00)

“Rusiya ABŞ-ın Alyaska üzərindəki suverenliyinin tanınmamasına dair sənəd qəbul edə bilər”.

Qeyd edək ki, bu fikirləri Krım parlamentinin birinci vitse-spikeri Yefim Fiks bir neçə gün bundan əvvəl səsləndirib. Onu da bildirək ki, vitse-spikerdən fərqli olaraq, bir müddət bundan əvvəl Rusiyada Alyaskanın geri qaytarılması ilə bağlı da fikirlər səsləndirilib(?).

Xatırladaq ki, ABŞ ümumi sahəsi 1.518.800 k\m olan Alyaska torpaqlarını Rusiya İmperiyasından 1867-ci ildə 7.2 milyon dollara alıb. Yəqin ki, həmin ərəfədə ruslar bu torpaqların qızıl və digər bahalı təbii sərvətlərə malik olduğu barədə xəbərsiz olublar.

O da maraqlıdır ki, görən, son zamanlar rusların Alyaska ilə bağlı mövzunu qaldıraraq, əndişələrinə səbəb nədir? Məsələ bundadır ki, bir müddət bundan əvvəl ABŞ Konqresi Amerika hakimiyyət orqanlarının Krım üzərindəki Rusiyanın suverenliyini tanımasını qadağan edən bir qanun layihəsini dəstəkləyib. Belə görünür ki, amerikalıların, dəqiq desək, ABŞ Konqresinin “Krımın ilhaqının tanınmaması haqqında qanun” layihəsi Yefim Fiks başda olmaqla digərlərini də “qıcıqlandırıb”.

“Biz də ABŞ-ın Alyaska üzərindəki suverenliyinin tanınmamasına dair sənəd hazırlayıb və qəbul edə bilərik. Bundan əlavə biz bu sənədi bütün dünyaya da yaya bilərik. Belə olan halda, gəlin görək ABŞ səlahiyyətliləri nə deyəcəklər ”.

Qeyd edək ki, bu fikirlər də krımlı birinci vitse-spikerə məxsusdur.

Yeri gəlmişkən bildirək ki, 2014-cü ilə qədər Ukrayna ərazisi kimi tanınan Krım elə həmin il də Rusiyanın “ərazisinə qatılaraq”, dünyaya “rus torpağı” kimi “təqdim edilməyə başlanılıb”.

Onu da bildirək ki, 2021-ci ildə Rusiya prezidenti Vladimir Putin yarımadanın ilhaq edilməsini tarixi hadisə kimi təqdim etsə də, Ukrayna hələ də Krımı tərkibinə qaytarmağa çalışır. Qərb və Avropanın bir çox ölkələri isə Rusiyanın bu ərazidə keçirdiyi referenduma görə Moskvaya qarşı sanksiyalar tətbiq ediblər.

Ağasəf Babayev