"Konfrans Azərbaycanın regionda yaratdığı yeni reallığın qlobal təqdimatı idi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

21 May 2021 10:15 (UTC+04:00)

"Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi video konfransda bir sıra mühüm məsajlar verdi. Əslində bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi. Nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, mill-multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi və Qarabağ həqiqiətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, qürurverici haldır ki, bu gün artıq biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında torpaqlarımızın azad edilməsindən, haqqın və ədalətin, beynəxalq hüququn tələblərini yerinə gətirilməsindən və önümüzdəki mərhələdə regional inkişaf perspektivləri və inteqrasiyadan danışırıq: "Bu kontekstdə mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi məsajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Bunlardan birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi yeni realığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü icə ümumi birgə gələcəyə hazır olmağın zəruruliyi. Bütün bu istiqamətlərə üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyası üçün yeni perespektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir. Ancaq bir məsələ də aydındır ki, həmin məqsədlər çatmaq üçün ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bütün tələbləri yerinə gətirilməli, ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar".

H.Babaoğlu vurğulayıb ki, bu isə siyasi proseslərin emosional tərəfidir: "Ona görə də qeyd edildi ki, öz ata yurdlarından məcburi köçkün olmuş azərbaycanlılar 30 illik işğaldan sonra doğma yurdlarına qayıdarkən erməni vandaliziminin törətdiyi vəhşiliklərlə üzləşirlər. Mədəni irsimizin, maddi və mənəvi abidələrimizin sıradan çıxarlıdığının şahidi olurlar və bu onlarda kəskin psixoemosional vəziyyət yaradır. Ona görə də hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması, digər tərəfdən isə maddi-mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir. Üstəlik hələ də ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər ki, bu əslində elə yeni hərbi cinayətlər törətmək deməkdir. Lakin bütün bunlarla yanaşı regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil eyni zamanda qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan bu konfrans vasitəsilə bir daha yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perespektivlərini qlobal münasibətlər sisteminin mühüm aktorların diqqətinə tədim etdi. Bu həm də Azərbaycanın dayanıqlı sülh və qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsi ilə bağlı çağırışı kimi qiymətləndirilə bilər".