"“Ağıllı şəhər” layihələri üzərində işlər gedir" DEPUTAT ŞƏRH ETDİ

20 May 2021 16:24 (UTC+04:00)

""Böyük Qayıdış" planı kifayət qədər mürəkkəb prosesdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, öncə infrastruktur yaradılmalıdır: "Yəni su, elektrik, qaz təminatı istiqamətində işlər həyata keçirilməlidir. Eyni zamanda da müvafiq infrastrukturlar yaradılmalıdır. Yəni əhali köçürülərkən orada məktəblər, baxçalar, poliklinikalar nəzərdə tutulmalıdır. Artıq baş planlar hazırlanır. Yəni biz mərhələli şəkildə birinci olaraq, erməni vəhşiliyini aktlaşdırmalıyıq. İkinci ilkin infrastruktur yaradılmalıdır. Ayrı-ayrı dövlət qurumlarının orada normal fəaliyyət göstərməsi üçün addımlar atılmalıdır. Baxça, məktəb və xəstəxanalar inşa olunmalıdır və əhalinin köçürülməsində köçürülmə ilə paralel olaraq, onların işlə təmin edilməsi də nəzərə alınmalıdır".

Deputat həmçinin qeyd edib ki, “ağıllı şəhər” layihələri üzərində işlər gedir: "Bu gün bu istiqamətdə addımlar atılır. Artıq Zəngilanda həmin “ağıllı kənd” layihəsini gördük. Orada kənd təsərrüfatı, əhalinin yaşayışı və digər işlər üçün gərəkən bütün addımlar dövlət tərəfindən atılıb və bu gün də atacaq. Paralel olaraq, burada külək enerjisi, ekologiya, sənaye müəssisələri ilə bağlı hər bir rayona, kəndə uyğun infrastrukturun yaradılması nəzərdə tutulub. Eyni zamanda tarixi, dini abidələrin bərpası, yeni infrastrukturun yaradılması kimi mühüm addımlar atılmalıdır. Hazırki, dövrdə bu istiqamətdə çalışır. Artıq ilkin infrastruktur, şərait yaradıldıqdan sonra insanların digər ehtiyacları təmin olunacaq və tez bir zamanda əhalinin oraya köçürülməsi prosesi başlayacaq".

Arzu Elsevərqızı