Çoxəsrlik tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə dünya miqyasında seçilən və tanınan Azərbaycana olan maraq zaman-zaman artıb. Müxtəlif sənət növlərinin ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvürlərin yaranmasına səbəb olmuşdur.
Müasir dövrümüzdə zəngin və təkrarsız irsə malik olan Azərbaycan mədəniyyəti və incəsənətinin hər bir növü ölkəmiz haqqında geniş məlumatların yaranmasına imkan verir. İstənilən xalqın nümayəndəsində milli sənətimizə sevgi və məhəbbət var. Uzun illərin məsafəsində yaradılan sənət nümunələri Azərbaycanın dünya ölkələrinə açıq olduğu bir zamanda bütün qitələrə yol açıb. Hər bir qitədən Azərbaycanın milli mədəniyyət nümunələrinin səsi eşidilir. Dünyanın ən zəngin muzeylərində, teart səhnələrində, sərgi və konsert salonlarında Azərbaycanın nadir inciləri yer alıb. Londonun, Parisin, Vaşinqtonun, Vyananın, Romanın, Berlinin, İstanbulun və başqa ölkələrin zəngin muzeylərində mədəniyyət nümunələri qorunub saxlanılır. Klassiklərimizin və müasirlərimizin yaratdıqları nümunələr dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. Bu gün Azərbaycan mədəniyyəti qədim kökləri üzərində inkişaf edir və dünyaya inteqrasiya olunur. Xalqımızın tarixi qədər qədim və zəngin olan Azərbaycan mədəniyyəti xalqın yüksək mədəni irsə malik olmasını sübut edir. Bütün bu nümunələrin tanınmasında və təbliğində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu və imzası var. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər buna nail ola bilsəm ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam" – deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın işıqlı gələcəyinin təminatçısı oldu. Heydər Əliyev Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, ilk Konstitusiyasının müəllifi oldu. Azərbaycanın nadir abidələrinin bu gün YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Həqiqətən də, belə bir sənətin yaradıcısı olan Azərbaycan mədəniyyəti Ulu Öndərin həyata keçirdiyi mədəniyyət siyasəti əsasında dünyaya vəsiqə aldı.
XALQIMIZ TARİXİ, MƏNƏVİ İRSİ, KEÇMİŞİ İLƏ FƏXR EDİR
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılmasına töhfələrini verir. Məlumdur ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Sovet dövründə bütün beynəlxalq mədəni əlaqələrin Moskva tərəfindən müəyyən edilməsinə və tənzimlənməsinə baxmayaraq, özünəməxsusluğu ilə seçilən Azərbaycan incəsənəti beynəlxalq arenaya çıxa bilmiş və bu çıxış öz təcəssümünü Hollandiya, İtaliya, Portuqaliya kimi ölkələrdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsində, Azərbaycan Dövlət Opera və Balet Teatrının Fransa və digər ölkələrdə qastrollarında tapmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq mədəni əlaqələr yeni xarici siyasətin başlıca alətlərindən birinə çevrildi. Bu siyasətin əsas məqsədləri xarici ölkələrlə qarşılıqlı anlaşma və qarşılıqlı inam münasibətlərini möhkəmləndirməkdən, onlarla bərabərhüquqlu və qarşılıqlı faydalı olan tərəfdaşlığı inkişaf etdirməkdən, ölkəmizin dünyada obyektiv şəkildə tanımasını təmin etməkdən ibarət olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mədəniyyət siyasəti beynəlxalq münasibətlərdə də öz əksini tapmışdır. Bir çox xarici ölkələrlə regional və şəhərlər səviyyəsində əlaqələr nəzərə çarpacaq dərəcədə güclənmişdir.
Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı kimi tarixə iz saldı. Görülən işlərin məntiqi olaraq belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan mədəniyyətinin Ulu Öndər Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb və Onun xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçib. Bu yüksəliş dövründə mədəniyyət və incəsənətimizin aparıcı simalarına göstərilən qayğı da diqqəti çəkən məqamlardandır. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Ulu Öndər Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə xüsusi önəm yetirirdi. Ümummilli Liderin mədəniyyətimizə qarşı həssas münasibətinin nəticəsidir ki, O, müasirliyin klassika üzərində inkişafına önəm verirdi. Azərbaycanın böyük klassikləri olan Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına daim diqqət göstərirdi. Azərbaycanın müxtəlif məkanlarında tanınmış sənət xadimlərinin şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların ev-muzeylərinin fəaliyyət göstərməsi də məhz Ulu Öndərin mədəniyyət siyasətinin məntiqidir.
Bu gün Azərbaycan mədəniyyəti ənənələri üzərində inkişaf mərhələsini keçərək yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı fərman və sərəncamların məntiqi olaraq milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olunur. Dövlət başçısının mədəniyyət siyasəti nəticəsində əldə olunan uğurların miqyası geniş və əhatəlidir. Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir. Müstəqil Azərbaycanın mədəniyyət siyasətində islami dəyərlərə yeni prizmadan baxış kimi meyillər ictimai düşüncənin formalaşmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənib. Belə ki, mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası daha da möhkəmləndirilir. Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binası təmir olunub, müasir üslubda yenidənqurma işləri aparılıb. Kino yaradıcılığı sahəsində yeni proqram reallaşdırılıb. Filmlərimizin qorunub saxlanıldığı Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin ən iri kinoteatrından olan Bakıdakı Nizami adına kinoteatr Avropa standartları səviyyəsindədir.
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ SƏRHƏDSİZ OLARAQ TƏBLİĞ EDİLİR
Musiqi sahəsində nailiyyətlər daha çox və ürəkaçandır. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Ölkəmizdə son illərdə (pandemiya dövrünə qədər) Muğam festivalı, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqisinin ruhunu əks etdirir və qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır. Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərini xüsusi olaraq qeyd etməliyik. Bu muzeylərdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi kimi məkanlar yeni üslubda təmir olunub. Yeni üslubda olan orijinal Xalça Muzeyi orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir. Azərbaycan Respublikasında aparılan məqsədyönlü xarici siyasətin uğurları mədəniyyətimizin təbliğinə də geniş imkanlar yaratmışdır. Son illərdə Amerikada, Kanadada, Rusiyada, Fransada, Avstriyada, Almaniyada, İranda, Çində, Yaponiyada, Misirdə, Qətərdə, İordaniyada və digər ölkələrdə keçirilmiş Azərbaycan mədəniyyəti günlərində ölkəmizin mədəniyyəti sərhədsiz olaraq təbliğ edilmişdir. YUNESKO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi əlaqələrin getdikcə genişləndirilməsinin bariz nümunəsidir. Söz yox ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adını qazanması da böyük etimadın nəticəsidir.
"BİZ BU GÖZƏL ƏNƏNƏNİ BƏRPA ETDİK VƏ BUNDAN SONRA "XARIBÜLBÜL" FESTİVALI ŞUŞADA HƏR İL KEÇİRİLƏCƏK"
Bu gün Azərbaycan yeni bir yüksəliş dövrünü yaşayır. Azərbaycanın işğaldan azad olunan torpaqlarında olan mədəniyyət nümunələrimiz yeni həyata qovuşacaqlar. Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistan mədəni soyqırımı törədib, bu ərazilərdə dini ziyarətgah, məscid, muzey və çoxlu sayda digər mədəni və dini abidələri məhv edib. Təkcə Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi-memarlıq abidəsini dağıtmış, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini belə güllələyiblər. Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi kimi məkanlar 30 ilə yaxın bir zamanda erməni işğalçılarını təcavüzünə məruz qalıb. Bütün tarixi mədəniyyət, dini abidələrimiz bərpa olunacaq. Vaqif Poeziya günləri keçiriləcək. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı keçirildi. Azərbaycan musiqisi dünyaya səs saldı. "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", deyə dövlət başçısı festivalın açılışı zamanı bildirib.
Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşdiyindən ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə, Şərq və Qərb ölkələrinin bizim mədəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil.
Zümrüd BAYRAMOVA