Faşist əsgər fərarilik edib

20 May 2021 14:04 (UTC+04:00)

Jürgen Konings adlı 46 yaşlı əsgərin tank əleyhinə raketlər, ağır pulemyot və sursat oğurlayaraq bazadan qaçdığı bildirilir. SİA-nın verdiyi məlumata görə, bu hadisədən sonra Belçikanın bir çox yerində radikal sağ görüşlərə sahib olduğu təyin olunan əsgərlərin tapılması üçün əməliyyatlar başladılıb.

Koningsin Belçikanın koronavirus (COVID-19) epidemiyasına qarşı mübarizəsini koordinasiya edən viroloq Mark Van Ranst və ailəsinə təhdid mesajları göndərdiyi də aşkar olunub. Van Ranst və ailəsi etibarlı bir yerə köçürülüb.

Koningsin Limburg şəhəri yaxınlığındakı meşəlik bir ərazidə gizləndiyindən şübhələnərək əraziyə xüsusi əməliyyat qrupları göndərilib. Polis, fərarilik edən şəxsin nəqliyyat vasitəsini tərk edilmiş vəziyyətdə tapıb. Avtomobildə 4 tank əleyhinə raket olduğu açıqlanıb.

Koninqlərin hələ də ağır silah və sursatlarına sahib olduğu və 12 min hektar sahəsi olan meşədə gizləndiyi təxmin edilir. Bölgə sakinlərinə təbiət parkı olan meşə sahəsinə getməmələri barədə xəbərdarlıq edilib.

Polisdən xəbərdarlıq

Qaçaq əsgərin terror hücumu təşkil edə biləcəyi və bu ehtimala görə qaçdığı Limburg ətrafındakı məscidlərin də ehtiyat məqsədi ilə müvəqqəti olaraq bağlanıldığı ifadə edilib.

Belçika polisi, məscidlərə namaz qılarkən qapılarının kilidlənməsi barədə xəbərdarlıq edib.

Jürgen Koningsin ağır silahlarla firarından sonra radikal düşüncəli əsgərlərin hələ də Belçika ordusunda necə xidmət edə biləcəyi sual ortaya çıxıb.

Konings kimi təxminən 30 hərbi zabitin ifrat sağçı ideyalogiyaya rəğbət bəslədikləri üçün müşahidə altında olduqları bildirilib. Bu cür şəxslərin silah əldə etməsinə etiraz edildi və Koningsin silahları necə əldə etdiyi ilə bağlı araşdırma aparılıb. Belçika Müdafiə Nazirliyi bu cür əsgərlərin aşkarlandığını və və təhlükənin minimal olduğunu bildirib.