"Bu fanatlıq deyil, acgözlükdür, görməmişlikdir" - MÜSAHİBƏ

20 May 2021 12:51 (UTC+04:00)

SİA reper Ramil Nabranın müsahibəsini təqdim edir:

- Ramil Nabran kimdir?

- Ramil Nabran birinci növbədə Allah bəndəsidir. İkincisi isə sadə Azərbaycan vətəndaşıdır, reperdir. 1977-ci ilin 8 noyabrında Bakı şəhərində zəhmətkeş ailəsində doğulmuşam. Rəhmətlik atam və anamın incəsənətə az da olsa vergisi var idi. Atam şeiriyyata yaxin idi, anam isə, rəssamlığa. Ona görə hər iki istedad məndə var. Sadəcə olaraq şeiriyyata üstünlük vermişəm və replə davam edirəm. Amma arada bir rəssamlıq da edirəm.

- Azərbaycanlı gənclərin repə münasibəti və Azərbaycanda repin vəziyyəti sizi qane edirmi?

- Sözün düzü, hər gəncin müxtəlif musiqi zövqü var. Kimisi milli musiqi, kimisi estrada, kimisi də rep dinləyir. Əlbəttə yaxın dövlətlər- Rusiya və Türkiyədə bu daha genişdir, amma o dalğada artıq biz də varıq. Xüsusilə də, müasir gənclər repi dinləyir və sevir. Qonşu ölkə Türkiyədə geniş miqyaslı rep müsabiqələri (O səs Türkiyə-rap") təşkil edilir. Amma bizdə çox sevildiyi halda da, televiziya bu musiqi növünə üstünlük vermir.

- Sizcə nəyə görə televiziyada rep müsabiqələri və yarışmaları təşkil olunmur?

- Bir vaxtlar bizdə də yarışlar, müsabiqələr vardı. İstedadlı gənclərimiz çoxdur. Əslində pandemiya səbəbindən biraz ara verilib. Ümid edirəm ki, yenə də təşkil olunacaq. Zamanla hər şey düzələcək.

- Müsabiqə demişkən, bu yaxınlarda həmyerlimiz Şəhriyar Rzazadə Türkiyədə keçirilən "O səs Türkiyə-rap" müsabiqəsində uğurlu çıxış etdi. Bu barədə nə deyə bilərsiniz?

- Şəhriyar çox istedadlı gəncdir. Mən artıq onu neçə ildir tanıyıram. O, Azərbaycanda da bir neçə müsabiqələrdə uğurla çıxış edib. Ona öz aramızda "Şehri" deyirik. Onu salamlayıram. Uğurları bol olsun.

- Pandemiya bütün sənət dünyasına çox pis təsir etdi. Bəs, Ramil Nabranın sənətinə necə təsir göstərdi?

- Məncə pandemiya ayının qış yuxusu kimidir. Kimisi qış yuxusuna gedir, kimisi işləyir. Məndə işləmək ləng olduğu üçün biraz qış yuxusundaydım deyə bilərəm. Amma yenə də yeni replər yazıldı və yetəri qədər işlədik. Pandemiyada biraz daxili dünyamıza qapanmalı və daxili dünyamızı qorxusuz saxlamalı idik. Sosial şəbəkələrdəki informasiyalarda ölümdən, itkidən, dərddən, stressdən danışırlar. Bunun təsiri altına düşmək lazım deyil. Mən də əksinə yeni mahnılar yazdım. Qarabağda zəfərimiz ilə əlaqəli "Salam Qarabağ" adlı mahnımı yazdım. Musiqisi və aranjimanı Kamran Məmmədova aiddir. Eləcə də bəstəkarı eyni olan "Məhəlləmiz" və güney azərbaycanlılarımız üçün futbol kulubu üçün mahnı yazmışam. Bu yaxınlarda "Abrakadabra" adlı mahnım da çıxacaq. Qeyd edim ki, yeni duetlər üzərində də işləyirik.

- Köhnə reperlərdə (old school), sizdə, Uranda bədahətən rep demək var idi, amma indi rep səhnəsinde və müasir repdə ( batllarda) bu hiss olunmur. Bu barədə nə deyə bilərsiniz?

- Bu çox maraqlı sualdır. Düzdür əvvəl bədahətən rep deyilirdi amma indiki batllarda 2-3 ay əvvəldən hazırlaşıb gəlirlər. Mən bilirəm ki, müasir gənclərin (reperlerin) içində bədahətən rep deyenlər var. Onların içində istedadlılar çoxdur. Əvvəllər mən, Uran və bir neçə gənc repçilər bədahətən deyirdik, maraqlı deyişmələr olurdu. Amma indi bu yoxdu. Yəqin ki, bu dövrün qaydaları budur. Hələ ki, rep industriyasında bu qarşıma çıxmayıb.

- Ramil Nabran başqa nə iş ilə məşğuldur?

- Pandemiya səbəbindən sakitçilik olduğu üçün başqa iş yerləri axtarırdım. Çünki hansısa işlə məşğul olmaq lazımdır. Repdən əlavə hal-hazırda dizaynerlik ilə məşğul oluram. Çünki ikinci ixtisasım dizaynerlikdir. Bir də ki, gəlirli şəbəkə sisteminə qoşulmuşam.

- Trendlərə münasibətiniz necədir?

- Onlar ilə heç vaxt aram olmayıb. Çünki mənim ilk işim sadə diskdə idi. "Ramil-Nabran" mahnısı idi və 3 ayda partladı, hit oldu. İndi bir günə ya da bir həftəyə trend olan mahnıları və bu vəziyyəti mən başa düşə bilmirəm. Çünki mən həmişə hiss etmişəm ki, insanlar özləri pul qoyub özlərini “YouTube”da qaldırır. Ona görə də "trend" sözü mənə maraqlı gəlmir. Əgər trend gündəm deməkdirsə, mənim üçün gündəm 44 günlük Vətən müharibəsi idi. Ürəyim orda qalmışdı.

- Ramil bəy, ailədə neçə nəfərsiniz?

- Ailədə 4 nəfərik. Oğlum Akifin 15, qızım Nurayın 11 yaşı var. Anam var, atam isə dünyasını dəyişib. Bir bacım və bir qardaşım var. Bir qardaşım da dünyasını dəyişib.

- Fanatların sizin həyatınızda yaratdığı narahatlıqlardan danışaq biraz da. Sizi çox sevən fanatlar həyatınızda nə kimi çətinliklər yaradır?

Yeni ailə qurduğum zaman fanatların münasibəti və hücumu evdə söz-söhbətlərə səbəb olurdu. Amma zamanla yoldaşım da anladı ki, o hücumlar dəf edilib. Əgər o hücumlara məğlub olsaydım indi ailəm ilə yaşamazdım yəqin ki, amma mən ailəmi hər şeydən üstün tutdum. Buna görə də fanatlarımla mehribançılığımı davam etdirirəm. Fanatlığın da həddi var. Bir də ki, aşırı fanatlıq var. Bu fanatlıq deyil, acgözlükdür, görməmişlikdir. Bir də özünə hörmət edən fanat var. Mən o fanatlarımın fanatıyam.

- Necə olur ki, bütün il boyu durmadan uğurlu fəaliyyət göstərdiyiniz halda hitləriniz yayda ortaya çıxır və mahnılarımız yay aylarında daha çox sevilir?

Tamamilə haqlısınız. Mən qışda mahnı yazsam da nədənsə o mahnı yayda sevilməyə və tanınmağa başlayır. İndi mahnı yazsam bütün yayı hit olacaq. Amma payızda yazsam yenə yayda tanınacaq. Bilmirəm nədəndir. Yəqin qismətim belədir. Hətta mənə "Yayı gətirən ağbaş" və "Yayı gətirən oğlan" deyirlər. Mən də sizin vasitəniz ilə xalqımızı salamlayıram. Üzümüzə gələn illər uğurlu, sağlam gəlsin. Zəmanəmiz sağalsın.

Gülər Səfərova