“Nehrə yağları riskli qidalar qrupuna daxildir" - DİQQƏT! -EKSPERTLƏR DİLƏ GƏLDİ

20 May 2021 11:58 (UTC+04:00)

“Nehrə yağı məsələsi illər boyudur ki, problem olaraq yaşanır. Bu yağ Bakı şəhərinə rayonlardan gətirilir. Yumrulanmış, guya üzərində ayran damcıları olan məhsulu yağ adı ilə satırlar. Bunun nehrə yağı ilə əlaqəsi yoxdur. Qatıq, bitki yağı və marqarini qarışdırıb guya “nehrə yağı” əldə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bu hallar “Gəncə qaymaqlar”ında da yaşanır: “Qida Təhlükəsizlik Agentliyi bu məsələni araşdırır. Problem Bakıdakı saxta “İvanovka” dükanlarında da baş verir. Həmçinin, onu da qeyd edim ki, Bakı şəhərində 20-ə qədər saxta İvanovka dükanları var ki, burada da saxta nehrə yağları satılır. İvanovkanın əsl özünə məxsus cəmi 3 dükanı var. Mən, dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etmişəm ki, bu dükanlar adlarını dəyişsin. İnsanlar elə bilir ki, bu yağlar kənddən gəlir. Əhali Qida Təhlükəsizlik Agentliyinin bu işinə dəstək verməlidir. Yəni, sakinlər qanunsuz hal gördükdə tez Qaynar xəttə zəng edib şikayətini bildirməlidir. Bir neçə belə dükan ifşa olunub. Lakin, bu geniş yayılmış problemdir”.

Sədr sözlərinə belə davam edib: “Qeyd edim ki, qida sənayesində iştirak edən hər bir hüquqi və fiziki şəxs tarladan və ya fermadanistehlakçının masasına qədər onu daşıyan, saxlayan, istehsal edən, satan hər biri Qida Təhlükəsizlik Agentliyində qeydiyyata alınmalıdır. Həmçinin, Qida Təhlükəsizlik Agentliyi də qeydiyyata alınmış subyektlərlə müəyyən maarifləndirmə işləri etməlidir. Lakin, ölkədə külli miqdarda biznes qurumları və qida zəncirində iştirak edən tərəflər Qida Təhlükəsizlik Agentliyində reyslərə daxil olmayıb. Bu könüllüdür və bu könüllükdən həmin biznes sturukturları sui-istifadə edir. Azərbaycan hökuməti biznes qurumlar üçün heç bir ölkədə olmayan rahat şərait yaradıb. Lakin, pul qazanan insanlar bundan istifadə edir. Son olaraq əhalini qaynar xəttə müraciət etməyə dəvət edirəm”.

Məsələyə qida texnoloqu Ağa Salamov da münasibət bildirib: “Nehrə yağları ümumiyyətlə, riskli qidalar qrupuna daxildir. Tez-tez rastlaşdığım hallardan biridir ki, maşının arxasını sürürlər məhləyə və ya binaların həyətinə nehrə yağı satırlar. İnsanlar cu cür şəraitdə satılan nehrə yağını almasınlar. Çünki, o yağ saatlarla maşının arxasında qalır və mikroorqanizmləri yığır. Bu da insan zəhərlənməsinə gətirib çıxarda bilər. Bəzi işbazlar yağa marqarin qatıb onu nehrə yağı altında satırlar. Aldanmamaq üçün çıxış yolu yalnız tanıdığınız bildiyiniz yerdən yağ alın”.

Ayşən Vəli