Mükəmməl insan olmaq uğrunda yol - KÖŞƏ YAZISI

20 May 2021 11:41 (UTC+04:00)

Məqsədlər uğruna yaşamaq, bizi mərhəmətsiz bir yarışmanın içinə salmırmı? Bu yarışın olmayan mərhəməti bizi həm vicdanımızdan, həm də zövqlərimizdən uzaqlaşdırır. Niyə bizə elə gəlir ki, biz daima nələrsə etməliyik? Günümüzün insanı daha çox işləyir və yatır. Onların öz şəxsi maraq dairələri üçün nəsə etməyə vaxtı qalmır. Onların əyləncə adlandırdıqları isə bəzən cılız virtual xoşbəxtliklərlə sonlanır. Mən maraq dairələri dedikdə sadəcə səyahətə çıxmaq, idman etmək demirdim. Fikrimcə hansısa iqtisadçı bankdakı işini bitirdikdən sonra ədəbiyyat və astronomiya barədə araşdıra bilər. Günümüzdə isə elm bizə iş tapanadək lazım olur. Həmin vaxta kimi öyrəndiklərimiz isə ixtisaslaşmış olur. İxtisaslaşmış tədris isə bir növ zəkamızı limitləyir.

Elmlərin anası sayılan riyaziyyatda hansısa riyazi əməl yalnızca bir üsulla öyrədilir. Bu proses zamanı biz analiz edib başqa üsul tapa bilmiriksə bu bizim zəkamızı limitləmirmi? Konkret elmlər bizə analiz şansı vermir. Amma bu qətiyyən belə olmalı deyil. Biz riyazi, həndəsi məsələnin həllini verilən düsturlarla tapmalı deyilik. Biz özümüz bu düsturu tapanadək düşünməliyik. Riyaziyyatın məğzi də bundadır. Əzbərləmək yox, düşünmək və praktika etmək. Sovetdən qalma təhsildəki əzbərləmək ənənəsini krikulum sistemi ilə az da olsa dəyişdirə bildik. Amma məqsədimiz düsturları tətbiq edən yox, onları kəşf edən riyaziyyaçıların olmasıdır. Əsl elm də elə budur, fərdi şəkildə düşünmək və nəyəsə sərəbəst nail olmaq bacarığı.

Elm ən böyük ibadətdir, deyən mollaların evində niyə fizika, kimya barədə kitablar olmur? Axı bir zamanlar məscidlər həm də elm məbədi idi. Məktəblərin təhsil işini öz üzərinə götürməsi dini elmdən niyə uzaqlaşdırmalıdır? Elmdən uzaqlaşan din isə ağıllı insanlardan da uzaqlaşır. Əgər ən təkmilləşmiş din olan islamı cahillərin, nağılbazların və xurafatçıların dini olmasına icazə veririksə, bunun axırı hətta ateistlər üçün də yaxşı bitməyəcək. İnsanların inanmağa həmişə ehtiyacı var.

Deməli həm dinçilərə həm də kapitalist sənayeçilərinə mükəmməl, hərtərəfli insan sərf etmir. Buxovlanmış insan daha məhsuldar, hərtərəfli olmayan insan daha təhlükəsizdir. İnsanın öz mahiyyətindən qaçdığı bir cəmiyyətdə, öz qəlibində qalmaq, çətin görünür. Amma əminik ki, belə insanlar qalmaqdadır. Öz mahiyyətini anlayan, onun uğrunda mübarizə aparan və təsirlərə boyun əyməyən əsl insanlar.

İnsan öz azadlığına da elə bu məqamda çatır. Boş yolda ona yaşıl işığın yanmasını gözləyən piyada, öz haqqını tapıb deməkdir. Məsh bu cür insanlar azadlığa, buxovsuzluğa laiqdirlər. Digərləri isə buxovdan çıxmaq üçün öncəliklə onu hiss etməlidirlər. Növbədə isə sizi qətiyyətli bir yol gözləyir. Mükəmməl insan olmaq uğrunda yol. Bu yolun axrında siz tamamilə saf olmaya da bilərsiniz. Amma əmin ola bilərsiniz ki, sizin özünüzə güvəniniz, dünya görüşünüz, azadlığınız və bir çox xüsusiyyətiniz olacaq ki, bunlara milyonlarla insandan sadəcə biri sahibdir. Sadəcə bu mərtəbədə olsanız dünyaya kainatdan baxa bilərsiniz.