Havaya sovrulan milyonlar: Biz diaspor işində niyə uduzuruq?

20 May 2021 10:57 (UTC+04:00)

Neçə illərdir ki, güclü Azərbaycan diasporu qurmaq, haqq işimizi ən güclü dövlətlərin cəmiyyətlərinə və siyasi elitasına qəbul etdirmək ən böyük arzumuz olub. Özü də bir-iki il deyil, on illərdir bu işə görə çalışırıq. Amma etiraf edək ki, dövlətin güclü iradəsini bir qırağa qoysaq, təəssüf ki, səfirliklərdə 5-10 nəfər ştatlı işçiləri bir zala yığmaqdan, bir-iki saat Avropa küçələrində vərəqələr paylamaqdan başqa əsaslı heç nə yoxdur ortada. Halbuki diaspor qurmaq üçün dövlət öz xəzinəsindən milyonlarla vəsait ayırır hər il. Nəticə?-yoxdur. Hə, nəticə var: Sadəcə, havaya sovrulan və ciblərə doluşan havayı milyonlar, vəssalam!

Neçə həftələrdir ki, mətbuat Vladimir Putinin qarğışına gəlib, dəfələrlə təyyarə trapında yıxılmağı ilə gündəmdə olan ABŞ prezidenti Co Baydenin erməni diasporunun oyununa alət olmasından yazır. Yalançı “erməni soyqırımı” kimi dəlilsiz-sübutsuz bir yalanı neçə əsrlərdir ki, öz siyasəti üçün az qala qalxana çevirən ermənilər, bu dəfə də Ağ Ev sahibinə istədiklərini qəbul etdirdilər. Burası məlumdur. Tam dəqiqidir ki, C.Baydenin yalançı “soyqırım” ifadəsi ermənilərin bir-iki saatlıq sevincindən o tərəfə heç nəyə gərək deyil. Bunu ermənilər bizdən də əla bilirlər. Burasını da keçdik. Gələk özümüzə. Bəs biz ermənilərin Avropadakı səsini kəsmək üçün nə etmişik və indi nə edirik? - hə, bax, əsas məsələ budur.

Bu yazını yazmaqda əsl məqsədim, illərdir diaspor siyasətimizin yerində sayması və məntiqli, hədəfə vuran bir işə imza ata bilməməsidir. Açıq deyim: diaspor barədə yazanda, ancaq qəzəbli notlarla köklənirsən. Axı neçə illərdir ki, diaspor işinə dövlətin ayırdığı milyonları külə çevirənlərin ortaya çıxarılası bir tutarlı ortabab işi də yoxdur ki, qəzəbini soyuda biləsən.

Diqqət edin: yuxarıda dediyim kimi, əlamətdar günlərdə, başımıza gələn faciələrin ildönümlərində səfirlik işçilərini və texniki personalı zala yığıb “tədbir” keçirənlər, üç-beş adamın əlinə bukletlər verib kameralara poz verənlər DİASPOR sayıla bilməz!

DİASPOR - dünyanın dörd yanında yaşayan hər bir azərbaycanlını ev-ev axtarıb tapmaq, onları bir mərkəzə cəmləmək, dünyadakı yeni nəsil azərbaycanlıları mənəvi dəyərlərimizə bağlamaq, hər bir ölkənin ictimai fikrinə güllə kimi təsir edən informasiya müharibəsi aparmaq, sadə fransıza, almana, italyana, hollandiyalıya, amerikalıya, afrikadakı qədim və uzaq Həbəşistan insanına, dünyadakı hər kəsə biz azərbaycanlıların HAQQ İŞİNİ məntiqlə və tutarlı şəkildə başa salmaq, onların beyninə HƏKK edə bilməkdir.

Diaspor dünyanın aparıcı ölkələrinin ictimai fikrində Azərbaycan faktorunu qalıcı və təsirli edən iş sayılır. Diaspor dünyanın hər nöqtəsində maliyyə və informasiya sektorunda, siyasi elitasında azərbaycanlıları yerləşdirmək, qalıcı etməkdir.

Hanı bəs, biz bunu edə bilirikmi? - təəssüf ki, hələ də yox. Son illərdə xarici siyasətdə qazanılan uğurlar isə, dövlətin birbaşa apardığı işin məhsuludur, diasporun yox. Onsuz da dövlət neçə illərdir ki, verim ala bilmədiyi diasporun əvəzinə də işləyir, həmişə olduğu kimi...

Bəs alçaq və hiyləgər düşmən necə güclü diaspor qura bildi? Bax, əsl hədəf bunu öyrənmək və onu heçə endirməkdir. Çünki düşməni “oxumaq”, onun yüzillik taktikasını öyrənmək qələbənin ən azı yarısıdır, bunu qəti unutmayaq. Daima okeanın o tayında özünə güclü himayədarlar axtarıb tapan ermənilər, neçə on illərdir ki, bu siyasətin “meyvələrini yeyirlər.” Düşməndir, amma güclü yalan maşını yaradıb və dünyanın iki ən güclü dövlətinin siyasi elitasını illərdir ki, özünün alçaq siyasətinə alət edə bilib.

Nağıla bənzər yalanları dünya mediasında həqiqət kimi məhz Moskvadakı və Vaşinqtondakı güclərin himayəsi ilə dünyanın gözünə soxa bilib bu alçaqlar. Sözsüz ki, bu dünya gücləri üçün Türkiyə əleyhinə istənilən yalançı faktın özü qızıl qiymətindədir. Elə ermənilər də dünya gücləri üçün yalan maşını olaraq türklərə qarşı əvəzsiz “sərvətdir”. Həm də unutmayaq ki, son qəpiyini və resursunu erməni yalan maşınını həşərat kimi yaymaq və gücləndirməyə sərf edir ermənilər. Bu işə əsrlərdir ki, çalışırlar və istəklərinə də sahib olublar. Dəstək nə qədər güclü olsa da, istək və görülən iş daha önəmlidir.

Diqqət edin: Hələ 1918-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilson qatı erməni mövqeyi ilə seçilirdi. 1919-cu ilin mayın 28-də Əlimərdan bəy Topçubaşov Paris sülh konfransında Ağ Evin o zamankı sahibi Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Amma əvəzində…antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib. Bu da sizə Ağ Evin qədim erməni sevgisinə mükəmməl və tarixi sübut!

Elə qulağımızın dibindəki Moskva da ermənilər üçün həmişə məhrəm sayılıb, ermənilər daima Rusiyanın stukaçısı olub, elə indi də belədir. Sovetin kəsəkəs vaxtlarında, 1960-cı ildə ermənilər Fransanın o zamankı Baş naziri Gi Mollenin dəstəyi və Nikita Xruşşovun razılığı ilə sovet Ermənistanından onlarla erməni uşağını Parisə göndərib. Onların çoxu sonradan əla təhsil və koryera qurub, qərbin aparıcı bank və media sektorunda mövqe tutublar. 1960-cı ildə cın-cındır libasında Ermənistandan Fransaya aparılan bu uşaqlar, 1988-ci ildə bizə qarşı başlanan faşist siyasətinin əsas mexanizmi olub. Vəssalam, bu da sənə diaspora işi!

Cənablar, gəlin yalançılıq və baş girləməyə tövbə edin, gəlin dövlətin bu müqəddəs iş üçün ayırdığı milyonları havaya deyil, bütün azərbaycanlıları yumruq kimi bir aya gətirməyə sərf edin. Unutmayın: sonda uduzan siz yox, böyük Azərbaycan olacaq...

Mətləb Salahov