"Sadə həyat yaşayırıq və ölürük" RƏSSAMDAN AÇIQLAMA

20 May 2021 11:14 (UTC+04:00)

“Qadınların əzabını göstərərkən onları həm gözəl, həm də əzilmiş vəziyyətdə çəkirəm”. Bu sözləri SİA-ya açıqlamasında rəssam Hüseyn Kəngərli deyib.

Onun sözlərinə görə, qadınların əzabını göstərmək üçün minimalistə salıb itmiş vəziyyətdə təsvir edir: “Qadın ailəsinə, cəmiyyətə həyatını verir. Onun bədəni rəsmlərdə itmiş vəziyyətdə görünəndə əslində, hər şey ruha fokuslanır. Bu rəsmlərdə əslində mən mənəvi itkilərdən danışıram və hər şey ruha xitabən təsvir edilir. Ailəyə, evə, yoldaşına, uşaqlara və s. Üstəlik cəmiyyət qınağına da məruz qalır və bu ondan bir parça da alır aparır. Özünü ifadə edə bilməmək də bizim cəmiyyətin problemlərindən biridir. Bu insanı yaradıcılıqdan, təhsildən və uğurlardan uzaq saxlayır.

Rəssam həmçinin qeyd edib ki, bir insanın həyatını tam olaraq istədiyi kimi yaşaya bilməməsi əslində onun bütün istedadının ölməsi deməkdir: “Sadə həyat yaşayırıq və ölürük. Bu cəmiyyət təkcə bizdə deyil. Orta Asiya, Ərəbistan və Afrikada da bu sıxılmış cəmiyyətlərə rast gəlirik. Əslində çox istedadlıyıq amma, bizi sıxdıqlarına görə özümüzü çox göstərə və sübut edə bilmirik. Qadınlar çox şiddət gördüyü üçün onlara xitabən işləyirəm”.

Gülər Səfərova