“Pandemiya bütün dünyada insanların işsiz, sənətsiz və pulsuz qalmasına səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Səməd Səmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan müğənniləri də işsiz qalıb: “Vəziyyət çox gərgindir. Dua edirik ki, tezliklə pandemiya bitsin və yenə başımız işlərə, toylara, tədbirlərə və konsertlərə qarışsın. Mənim övladlarım və 7 nəvəm hamı Moskvadadır. Mən yoldaşımla “Fatmayi” bağlarındayam və burada dincəlirəm. Mən sənətçi kimi heç fasilə etmirəm. Eldar Mansurovla, Faiq Sücəddinovla, Nadir Əzimovla, Novruz Aslanla, Xanım İsmayılqızı ilə əlaqə saxlayıram. İki yeni mahnım da hazırdır. Biri S.Abbasbəylinin "Azərbaycan" mahnısıdır. Onun ilk ifaçısı İlhamə xanım idi. İkinci mahnı isə Nadir Əzimovun "Azərbaycan" mahnısıdır. Duet ortağım isəproduserim Rəhilə Əliyevadır”.
Səməd Səmədov həmçinin qeyd edib ki, gənclərə peşəkar kimi dəstək olmaq lazımdır: "Mənim bu günə qədər duet ortaqlarım Ruhəngiz Allahverdiyeva, Bəsdi Bəkirova, Sevda Əliqızı olub. Onlar yüksək, peşəkar müğənnilərdir. Yeni duet ortağımla mənim artıq 4-5 duetim var. Ondan əlavə mənim yeni "Eldost" mahnım 1 aydır efirlərdədir, FM-lərdə səslənir. Mahnının sorağı Moskvadan, Türkiyədən, Kanadadan, Almaniyadan gəlir. Dostlarım xarici ölkələrdən zəng edib məni təbrik edirlər. Hal- hazırda yoldaşım da, mən də təqaüd alırıq. Gəzməyə çatmasa da yeməyimizə çatır. Mənim avtomobilim “Toyota Land Cruiser” idi. Onu satdım və əvəzinə başqa avtomobil aldım. Ümid edirik ki, tezliklə pandemiya bitəcək və hər şey qaydasına düşəcək”.
Gülər Səfərova