Buraxılış imtahanında vəziyyət

19 May 2021 15:00 (UTC+04:00)

Kurrikulum sisteminin tətbiqi ölkəmizin tədris sistemində köklü dəyişikliklər yaratdı. Yeni sistemlə təhsil almış abituriyentlərin verdiyi imtahanlar böyük maraqla qarşılandı. Əksinə, 700 bal toplayanların az olması təhsil sistemini tənqid edənlərin sayının artmasına səbəb oldu. Nəzərə alsaq ki, bu növ imtahanlarda açıq suallar da var bu problem gözlənilən idi. Qəbul ballarında dəyişikliklərin olması da cəmiyyətdə narazıçılıqla qarşılandı.

Eyni zamanda yazılı suallar üçün apellyasiya da gündəmdə idi. Belə ki, bu dönəmdə bir çox yüksək ballı abituriyent tələbə adını ala bilmədi. Növbəti illərdə vəziyyət nisbətən yaxşılaşırdı ki, karantin hər şeyi daha da pisləşdirdi. Beləliklə, tədrisdən uzaqda qalmaq təhsil sistemini yerlə bir etdi. Onlayn təhsil ənənəsi isə kifayət qədər fundamental olmadığı üçün öz təsirini göstərmədi. Bir çox uşaq təhsildən uzaq qaldığı üçün nəticələr daha da zəif oldu. Eyni zamanda Azərbaycanın keçirdiyi həssas vətən müharibəsi dövrü üçün diqqətlər təhsildən yayındı.

Bütün bu amillərə görə bu il buraxılış imtahanından ən yüksək nəticə 300 dən 297.1 oldu. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26469 nəfərdən 277 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub. Ötən il imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 20-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Bütün bu qəliz vəziyyətdən sonra nəticələr nəzərdə tutulandan da aşağıdır. Apelyasiya prosesindən bal artırmaq üçün isə otağa vəkillərlə daxil olmaq lazımdır. Belə qəliz bir prosesdə kifayət qədər stress yaşayan şagirdlər isə daha da çətin vəziyyətlə üzləşir, valideynlərinin də təzyiqlərinə məruz qalırlar.