Millət vəkili seçiciləri ilə növbəti qəbul keçirib

18 May 2021 18:11 (UTC+04:00)

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Cavid Osmanov seçiciləri ilə müntəzəm olaraq görüşür, onların problemləri, arzu və təklifləri ilə maraqlanır. Bu gün millət vəkili seçiciləri ilə növbəti qəbul keçirib.

Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov da iştirak edib. Pandemiya ilə bağlı qaydalara ciddi əməl olunmaqla fərdi qaydada keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib, müraciətləri qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə həll edilibdir.

Səsləndirilən digər müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini bildirən millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib.

Qəbul zamanı Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın son səfərləri və gördükləri işlər barədə qəbulda iştirak edən seçicilərə məlumatlar verib, həmçinin pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib, vətəndaşlara ölkədə aparılan vaksinasiya proseesində yaxından iştirak etmək tövsiyə olunub.

Qəbulda iştirak edən Ağdaş sakinləri onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edib, ölkə, eləcə də rayon əhəmiyyətli görülən bütün işlər üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.