"Siyasətdə əbədi dostluq və tərəfdaşlıq anlayışı yoxdur" DEPUTAT İZAH ETDİ

18 May 2021 17:09 (UTC+04:00)

"Azərbaycan və Belarus arasında iqtisadi və mədəni əlaqələr hələ Sovet İttifaqı zamanında formalaşmış, müstəqillik illərində isə bu münasibətlər daha da inkişaf etməyə başlamış, dövlət başçıları səviyyəsində dəfələrlə qarşılıqlı səfərlər reallaşmışdır. Belarusla bir sıra sahələrdə, xüsusən hərbi və kənd təsərrüfatı sferasında yüksək səviyyədə əməkdaşlığımız var, birgə müəssisələr yaradılıb. Siyasi münasibətlərə gəlincə isə, əlbəttə, siyasətdə əbədi dostluq və tərəfdaşlıq anlayışı yoxdur, lakin, tam məsuliyyətimizlə deyə bilərik ki, Azərbaycan tərəfdaş ölkə olaraq ən çətin dönəmlərdə həmişə Belarusa bütün səviyyələrdə dəstəyini verib və dəfələrlə bu ölkəni müşkül durumdan çıxarıb. Öz növbəsində Belarus da bu günə qədər Azərbaycana münasibətdə qaneedici mövqe sərgiləmiş, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, Vətən Müharibəsində bizi narazı salacaq mövqe göstərməmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat sözlərinə belə davam edib: "Nəzərə alsaq ki, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək konstitusiya ilə bizim ali məqsədlərimizdən biri kimi bəyan olunub, heç şübhəsiz ki, eyni niyyət Belarus xalqı ilə də münasibətləri əhatələyir. Əminliklə deyə bilərik ki, Cənubi Qafqazın əsas güc sahibi olan Azərbaycanla tərəfdaşlıq münasibətləri, müxtəlif sferalarda əməkdaşlıq və xoş münasibətlər Belarus dövlətinin də, xalqının da milli maraqlarına tam cavab verir".

Ayşən Vəli