İrəvanın Zəngəzur oyunu: Bakı və Moskvanın səbri son həddə! ANALİTİK+AKTUAL

18 May 2021 13:32 (UTC+04:00)

Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlətməklə, Şuşada rəqs etməklə də əvvəl-əvvəl erməni cəmiyyətinə, ictimai rəyinə xoş təsirlər bağışlamışdı, “varçapet” (sərkərdə) kimi başlar üzərində gəzdirilirdi, lakin indi belə deyil və artıq onun “Zəngəzur dəhlizi olmayacaq və nöqtə” tipli ifadəsi daha ağır nəticələrə səbəb olacaq

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizlik şurasının iclasında çıxış edərkən qəti olaraq bəyan edib ki, Sünik (Zəngəzur) üzərindən keçməklə Azərbaycandan Naxçıvana olan nəqliyyat dəhlizinin açılmasına yol verilməyəcək.

Bununla yanaşı, xatırlatmaq olar ki, kommunikasiyaların açılması ilə bağlı yaxın günlərdə Bakıda və İrəvanda səfərdə olmuş Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çağırış etmişdi. Rusiyanın xarici diplomatiya idarəsinin rəhbəri bəyan etdi ki, regionda kommunikasiyaların blokadadan çıxarılması üçün Moskva, Bakı və İrəvanın qrup olaraq həyata kekirəcəyi üçtərəfli işi postmünaqişə dövründə normal əməkdaşlıq məqsədinə uğurlar vəd edəcək. Lavrov Bakıdakı çıxışında da sübut etdi ki, Rusiya regionda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı noyabrın 9-da üç ölkə liderləri tərəfindən imzalanmış üçtərəfli razılaşmaya sadiqliyini nümayiş etdirir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan etdi ki, Vladimir Putin üçtərəfli razılaşmanın həyata keçirilməsinin qəti tərəfdarıdır. Bütün bunlar isə göstərir ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Bakı ilə Moskvanın mövqeləri bir-birini tamamlayır. Ancaq məsələnin digər tərəfi İrəvanın mövqeyidir...

Sorosçular Qərbin diktəsi altında ölümə doğru irəliləyirlər

Məsələ ondadır ki, Sergey Lavrovun nəqliyyat dəhlizinin açılması çağırışına ilk olaraq Ermənistanın təhlükəsizlik şurasının sədri Armen Qriqoryan qeyri-diplomatik tərzdə çıxış etdi və “Azərbaycanın Ermənistan üzərindən dəhlizin keçməsi üçün heç bir müzakirələr aparılmayacaq”, dedi. Yeri gəlmişkən, xatırlatmaq yerinə düşərdi ki, həmin Qriqoryan erməni hökumətində Soros komandasının əsas üzvlərindən biridir. Hakimiyyətdə mövqe tutan dövrə qədər isə o ictimai fəal və Transparency International adlı beynəlxalq təşkilatın QHT-lər üzrə eksperti, eləcə də “Serji rədd et” müxalifət hərəkatının koordinatoru idi. Artıq bu gün onun birmənalı sorosçu şefi Nikol Paşinyan da eyni fikirləri səsləndirir, heç bir dəhlizdən söhbətin getməyəcəyini bəyan edir. Lakin...

Lakin Naxçıvan üzərindən Azərbaycana dəhlizin verilməməsi ilə bağlı səsləndirilən bəyanatları təhlil edərsək, bəri başdan belə bir qənaətə gələ bilərik – Ermənistanın hakimiyyət dairələrinin bəyanatları 9/10 noyabr 2020-ci ildə qəbul olunaraq üç ölkə liderləri tərəfindən imzalanmış bəyanatın 9-cu maddəsini pozur. Həmin maddədə isə deyilir: “Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə olmaqla Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Vilayəti arasındakı nəqliyyat rabitəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-si və sərhəd mühafizəsi orqanları həyata keçirəcək. Tərəflərin razılıqlarına əsasən Naxçıvanı Azərbaycanın qərb rayonları ilə bağlayan yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək”.

Peskovun məhz bu kontekstdəki bəyanatı üçtərəfli razılaşmanın alternativsizliyini birmənalı olaraq təsdiq edir.

Rusiya Paşinyanı mədəni şəkildə ofsaytda qoydu

İndi isə xatırladaq ki, mövcud situasiyada kim və necə reaksiya göstərir. SİA xəbər verir ki, bugünlərdə “Vestnik Kavkaza”nın “Zəngəzur böhranı: beynəlxalq oyunçular özlərini necə apardılar?” sərlövhəli yazısında Qərb ölkələrindən əsasən ikisinin – Fransanın və ABŞ-ın (qismən) Ermənistanın tərəfində olduğunu vurğulayıb. Paris kimi, Vaşinqton da Azərbaycan Silahlı Qüvvələrinin geri çəkilməsi tələbi ilə çıxış etdi. Fransa ilə ABŞ arasındakı fərq isə ondadır ki, Paris baş verənləri “Ermənistanın ərazisinə müdaxilə”, Vaşinqton isə “mübahisəli ərazilərdə ordunun hərəkəti” kimi göstərdi.

Rusiya isə Nikol Paşinyanın Kremlə və KTMT-yə etdiyi çoxsaylı müraciətlərinə baxmayaraq yalnız sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun rəhbərliyi ilə ortaqlıq missiyası ilə kifayətləndi. Kreml SQ-in geriyə çəkilməsi ilə bağlı hazırkı vaxta qədər Bakıya qarşı heç bir tələb irəli sürməyib. Görünən budur ki, nə Rusiya, nə KTMT Ermənistanla Azərbaycan arasındakı sərhədyanı mübahisəyə, Paşinyanın bu məsələyə KTMT-ni cəlb etməsi inadına əməl etməyəcəklər. Necə deyərlər, onlar Paşinyanı mədəni şəkildə ofsaytda qoydular. Ancaq bunun üçün də kifayət qədər konkret səbəblər var. Misal üçün, hazırda baş verənləri müşahidə edənlər sual edirlər ki, nəyə görə erməni ordusu azərbaycanlı hərbçilərin irəliləməsinin qarşısını almaq üçün əməli işə keçmədi? Axı İrəvan açıq şəkildə iddia ilə çıxış edir ki, guya Azərbaycan Ermənistanın ərazilərinə doğru bir neçə km irəliləyib..? Əsində bu sualı ehəm Rusiya, həm də KTMT İrəvana verir də. Lakin cavab almayanda iki ölkə arasındakı mübahisəli məsələyə müdaxilə etməyin ciddi səhv olduğunu anlayırlar. O cümlədən, Azərbaycanın KTMT-yə daxil olan hər bir ölkə ilə ayrı-ayrılıqda çox münbit əlaqələri, partnyorluğu, hətta strateji tərəfdaşlığı da mövcuddur. Belə olan halda İrəvanın sərsəm tələblərinin nəyə görə havada qalmasının səbəblərini aydın etmək elə bir çətinlik yaratmır.

Daha bir məsələ budur ki, üçtərəfli razılaşmada, yaxud bəyanatda Rusiya dövləti adından Putinin də imzası var. Ermənistan isə açıq şəkildə sabotaja yol verməklə Rusiyanı öz kirli oyununa cəlb etməyə çalışır. Əbəs deyil ki, mayın 17-də Zəngəzurdakı situasiyanı şərh edən Lavrov, əslində, Ermənistana doğru sınaq atəşi açdı. “Rusiya Federasiyası erməni-azərbaycanlı sərhədində emosiyaların qızışdırılması üçün heç bir səbəb görmür”!

Rəsmi İrəvanın özünü uşaq bağçasının tərbiyəsiz və nadinc yetirməsi kimi aparmasının əsas səbəbi iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkiləridir

Bu zaman digər məqamlara da diqqət yetirmək olar. Rəsmi İrəvanın özünü uşaq bağçasının tərbiyəsiz və nadinc yetirməsi kimi aparmasının əsas səbəbi iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkiləridir. O cümlədən, get-gedə ölkənin xaricdən idarəolunması prosesi də daha çox görünməyə başlayır. Belə ki, Qərb yaxın perspektivdə bir faktor üzərində dayanır – Nikol Paşinyanın namizədliyini qorumaq və seçkilərdə onu qalib etmək. Əgər Paşinyanın “Mənim addımım” bloku qarşıdan gələn serçkilərdə qələbə qazanarsa, bundan sonra Ermənistanın mərhələli qaydada Qərbə doğru dönməsi işinə sstart veriləcək. Lakin Qarabağdakı müharibədə uduzan və kapitulyant imicinə yiyələnən Paşinyana daha vacib olan şey Zəngəzur dəhlizini blokada şəraitində saxlamaqdır. Ədalət naminə deyək ki, “Sünik məsələsini” erməni ictimaiyyətinə sırıyanlar ilk növbədə müxalifət və Robert Koçaryana bağlı olan KİV-lərdir. Məhz onların hay-küyləri Paşinyanı son anda bəyanata qarşı çıxmasına doğru yönəltdi. Çünki o yaxşı bilir ki, əks halda seçkiləri birmənalı olaraq uduzacaq. Nəticədə müxalifət bir güllə ilə “iki dovşan” vurmuş oldu – həm Paşinyanı hədəfə aldı ki seçkilərdə məğlubiyyətə uğrasın, həm də Rusiyanı ona qarşı çıxardı. Ancaq bu da mümkündür ki, seçkilərə qədər Nikol Paşinyan dəhzil məsələsində inadkarlıq göstərəcək və bu fonda qələbəsini az da olsa təmin edəcək. Lakin sonrakı proseslərdə Ermənistanda nəyin-necə olacağını bəri başdan 100%-lik nəticə ilə söyləmək mümkün deyil. Hər halda Paşinyan dəhliz məsələsindəki inadkarlığı ilə erkən seçkilərə başıyuxarı getmək şansını saxlayır.

Dəhliz açılarsa...

Gələk dəhlizin blokadadan çıxarılacağı halda regionda baş verəcək geosiyasi nəticələrə. Əgər Zəngəzur dəhlizi açılarsa, regionda Qərbin inteqrasiya modellərinə qarşı Avrasiya formatının möhkəmlənməsi prosesinə başlanılacaq. O cümlədən, qərbyönlü Gürcüstanın mövqelərinin zəifləməsi baş verə bilər ki, bu da ölkənin Şərq-Qərb nəqliyyat marşrutunun monopoliyaçılığını aradan qaldıracaq. Moskva isə ona hazır olmalıdır ki, onun geosiyasi rəqibləri “ağrılı nöqtələrinə” zərbələr endirməklə erməni hakimiyyətinin əli ilə KTMT-nin mövqelərini zəiflədəcək. Yəni Ermənistanın dəhzil məsələsindəki sabotajçılığı üçtərəfli razılaşmanı, rus sülhməramlılarının regiondakı varlıqlarını kölgə altında qoymağa hesablanıb. Bu məsələdə Qərbin diktəsini istisna etmək olmaz. O da əbəs deyil ki, Ermənistanda qərbyönümlü “Sasna Srer” terrorçu partiyası da sistematik şəkildə anti-Rusiya məsələsində Qərbin mövqeyindən çıxış edir və hətta zaman-zaman qərbyönümlü hakimiyyət dairələrinin daha açıq deyə bilmədiyi ifadələrini, nümayiş etdirmədiyi hərəkətlərini rahat olaraq reallaşdırır. Sadə bir misal gətirək. Bu qrupa məxsus “Vozrojdenie” teleqram kanalı yazır. SİTAT: “Bütün bu dövr ərzində Ermənistan hakimiyyətinə qarşı vəhşi təsirlər göstərilir ki, onlar dəhliz məsələsinə razılıq versinlər. Rusiya tərəfindən təzyiq olsa da, NATO, Soros, Qərb bunu etmir. Bəlli olanda ki, bu razılıq olmayacaq və Sünikdə qiyam yetişir, onda başladı nə başladı...”.

Yeri gəlmişkən, xatırladaq ki, “Sasna Srer” terror qruplaşması məhz Nikol Paşnyanın hakimiyyətə gəlişindən sonra siyasi partiya olaraq qeydiyyatdan keçirildi. Üstəlik, 2016-cı ilin iyulunda İrəvandakı polis alayına edilən terror hücumunda iştirak etmiş bütün terrorçular mövcud hakimiyyət tərəfindən azadlığa buraxıldılar.

Böyük ehtimal isə budur ki...

Lakin indiki halda sual belədir ki, bəs Moskva və Bakı bundan sonra Paşinyanın “siçan-pişik” oyunbazlığına nə qədər dözəcək, ya da hansı reaksiyaları göstərəcək? Ağla gələn ilk versiya budur ki, artıq nə Moskvanın, nə də Bakının Paşinyanın oyunbazlığına uzunmüddətli səbr nümayiş etdirmək həvəsləri qalmayıb. Böyük ehtimal isə budur ki, general Rüstəm Muradov Rusiya sülhməramlılarının dislokasiya olunduğu Qarabağ regionuna geri dönəcək və dağılmış erməni ordusunu sülhpərvər Azərbaycanla başa-baş buraxacaq. Yəni mübahisəli ərazilərdə demarkasiyanın aparılması prosesini tərəflərə təqdim edəcək.

Ümumiyyətlə isə situasiyanı eskalasiya vəziyyətinə qədər yetişdirmək məsələsində Paşinyanda pis alınmadı. Amma onu da unutmaq olmaz ki, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlətməklə, Şuşada rəqs etməklə də əvvəl-əvvəl erməni cəmiyyətinə, ictimai rəyinə xoş təsirlər bağışlamışdı, “varçapet” (sərkərdə) kimi başlar üzərində gəzdirilirdi, lakin indi belə deyil və artıq onun “Zəngəzur dəhlizi olmayacaq və nöqtə” tipli ifadəsi daha ağır nəticələrə səbəb olacaq.

Rövşən RƏSULOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb