“Xarıbülbül” festivalının keçirilməsi Zəfər tariximizin yeni bir salnaməsi oldu” Həmid Pənahov

18 May 2021 10:57 (UTC+04:00)

“Həsrəti sovuran unudulmaz iki gün: 12-13 may Şuşada "Xarıbülbül" festivalı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirdi, Zəfər tariximizin yeni bir salnaməsi oldu. Azərbaycanın gözü və mədəniyyət beşiyimiz olan Şuşa yenidən nəfəs aldı, qədim tariximizi və musiqi ruhumuzu özümüzə qaytardı". Bu fikri YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov "SƏS" qəzetinə açıqlamasında bildirib.

H.Pənahov onu da vurğulayıb ki, Azərbaycanın qədim şəhəri olan Şuşada “Xarıbülbül” festivalının keçirilməsi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamı oldu: ""Xarıbülbül" festivalı beynəlxalq aləmə bir daha sübut etdi ki, Şuşanın əsl sakinləri bizik. Festival zamanı nümayiş olunan proqramda Azərbaycanda yaşayan milli azlıqların və azsaylı xalqların nümayəndələrinin çıxışı ölkəmizdə bütün xalqların necə mehriban bir ailə şəklində yaşamasının sübutu idi. Bu festival eyni zamanda, göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarının siyasi və sosial hüquqlarının qorunması ilə yanaşı, mədəniyyətlərinin inkişafı və nümayişinə hər cür dəstək verir. Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin maraqlarının qorunması və mədəniyyətinin inkişafında bir yumruq kimi birləşir. Azərbaycan Ordusunun Qarabağın işğaldan azad olunması zamanı keçirilən hərbi əməliyyatlarında da bu birliyin təcəssümünü gördük. Azərbaycan vətəndaşları dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, torpaqlarımızın azadlıq uğrunda mübarizədə misilsiz qəhrəmanlıqlar göstərdi, yüzlərlə insan Qarabağın azadlığı uğrunda canını fəda edib şəhidlik mərtəbəsinə ucaldı. Bu müharibə eyni zamanda, Azərbaycan xalqının milli həmrəyliyinin ən yüksək səviyyədə təcəssümü idi. Şuşada keçirilən bu möhtəşəm tədbir bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik ən yüksək səviyyədədir".

H.Pənahov Azərbaycan dövləti Şuşada mühüm mədəniyyət tədbirini keçirməklə Qarabağda vaxtı ilə mövcud olmuş ənənələrimizi bərpa etdiyini vurğulayıb: "Şuşanın Azərbaycan üçün əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bildirib ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. 30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür".

YAP Qazax rayon təşkilatının sədri H.Pənahov Ali Baş Komandanımız Prezident İlham Əliyev festivalın açılışında bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu, Böyük Qələbə üçün qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu, 29 il işğal altında qalan Şuşanın azad olunmasında misilsiz qəhrəmanlıq göstərib, Azərbaycan zəfər qazandıran hərbçilərimizin rolunu xüsusi olaraq qeyd edib və bildirib ki, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir. “Xarıbülbül” musiqi festivalı ilə Azərbaycanın beynəlxalq ictimayyətə verdiyi ən əhəmiyyətli mesaj Şuşanın əsl sahiblərinin geri döndüyünü nümayiş etdirmək olduğunu söyləyib: "30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Bəli, bu gün Azərbaycan inamla və durmadan inkişaf edir. Biz bir daha mesaj verdik ki, heç kəs bizim torpaqlarımızı əlimizdən ala bilməz. Əks təqdirdə, “Dəmir yumruq”la başı əziləcək. Dövlət başçımızın dediyi kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir". Bəli, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu bu gün Qalib liderimiz, Prezident İlham Əliyev reallaşdırdı. Ruhunuz şaddır indi, Ulu Öndər!", - deyə Həmid Pənahov bildirib ki, böyük tarixi qələbənini təntənəsi "Xarıbülbül" festivalı da bir daha göstərdi ki, Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur! Qarabağ Azərbaycandır!".

RƏFİQƏ HÜSEYNOVA