"Türkiyə ordusu Kiprdən çəkilməyəcək" - Ersin Tatar

18 May 2021 11:06 (UTC+04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar İsrailin Qəzzaya hücumlarına münasibət bildirib. SİA xəbər verir ki, Ersin Tatar İsrailin Qəzzaya hücumunu qınayıb.

“İsrail ordusu tərəfindən müqəddəs Ramazan ayında Məscidül-Əqsada aparılan əməliyyatlardan sonra Qəzzaya havadan, dənizdən və qurudan hücumlar davam edir. Bayram olduğuna baxmayaraq, tam sürətlə davam edən hücumlarda uşaqlar, qadınlar və mülki şəxslər qətlə yetirilib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qüvvələr 1964-74-cü illərdə Kipr Türk xalqına qarşı yunan hücumlarını seyrçi qaldıqları kimi, İsrailin Qəzzaya qarşı hücumlarına da seyrçi qaldı. İsrailin dövlət terrorunu, vəhşiliklərini və qırğınlarını izləyənlər İsrailin insanlığa qarşı cinayətində ortaq olurlar",-deyə o bildirib.

Ersin Tatar qeyd edib ki, dünya Qəzzaya qarşı hücumları seyrçi olaraq qalsa da, Ana Vətən Türkiyənin təkbaşına bu hücumlara qarşı çıxması, təpki göstərməsi, bu hücumların sona çatması üçün səylər insanlıq, hüquq və ədalət adına ən böyük xidmətdir: "Dünyanın Qəzzadakı vəhşiliklərə, terrorizmə və soyqırıma seyrçi qalması bizə bir daha Ana Vətən Türkiyənin və Türk əsgərlərinin Kiprdə varlığının təsirli və faktiki qarantı olmağın nə qədər vacib olduğunu göstərdi. Kiprdə keçmişi və Qəzzada baş verənləri düşündüyümüz zaman, Türkiyənin qarantorluğu ilə Türk əsgərlərindən imtina etmək mümkün deyil. Yunan Kipri-Yunanıstan ikilisinin və BMT və AB-nin "Türkiyənin qarantorluğunu qaldırmaq, Türk ordusunu Kiprdən uzaqlaşdırmaq, AB-nin Kiprdə təhlükəsizliyini təmin etmək" tələblərinin səbəbi indi daha yaxşı anlaşılmaqdadır. Ancaq dünya bunu bilməlidir: Türkiyənin qarantorluğu ləğv edilməyəcək, Türk ordusu Kiprdən çəkilməyəcək və ŞKTC Qəzza olmayacaq".

Prezident Tatar İsrailin Qəzzaya hücumlarını bir daha şiddətlə qınayıb və bu hücumlarda şəhid olan fələstinli qardaşlarımıza Allahdan rəhmət diləyib və Fələstin xalqına başsağlığı verib: "Dəstək və dualarımız Fələstin xalqı üçündür".