Platonun məşhur mağara alleqoriyası - KÖŞƏ YAZISI

18 May 2021 10:18 (UTC+04:00)

Platon dialoqlarında, əsərlərində müəllimi Sokratı və digər filosofları obraz olaraq istifadə edirdi. Platonun "Dövlət" əsərində isə müəllimi Sokrat mağara alleqoriyası ilə sosial-fəlsəfi məsələləri aydınlatmağa çalışır. Belə ki, mağaranın ən dibində olan insanlar ora uşaqlıqlarından bəri elə zəncirlənib ki, başlarını çevirə bilmir, çölə baxa bilmirdilər. Onlar yalnızca digər insanların mağaranın çöl hissəsinə daşıdığı əşyaların kölgələrini görürdülər. Onlara görə var olan və həqiqi olan yalnız həmin kölgələr idi.

Günlərin birində onlardan biri öz zəncirini qıra bilir və çölə çıxıb ətraf aləmlə tanış olur. Ona gördükləri çox ağır gəlir. Neçə vaxtdır kölgələrini gördüyü əşyaların, cisimlərin özünü görmək, ona indiyədək gördüyü kölgələrin yalnızca yansıma olduğunu öyrədir. Daha sonra həmin adam digər zəncirlənən insanlara həqiqətləri izah etmək üçün mağaraya geri qayıdır.

Sokrat əsas sualı da burada qoyur ki, görəsən ömür boyu mağarada olan adamlara günəşi, cisimləri və kölgənin nə olduğunu necə izah etmək olar. Təbii ki, zəncirlənmiş adamlar onu dəli və ya qərəzli hesab edəcəklər, hətta onu öldürməyə çalışacaqlar.

Bu alleqoriyada mağara-cəmiyyət, zəncirlənmiş adamlar-xalq, zəncirlər-qanunlar, mağaranın divarındakı kölgələr-xalqın görə biləcəyi həqiqətlər, mağaranın çölünə əşyalar daşıyan adamlar-dövlət orqanları, zəncirini qıra bilən və həqiqət naminə mağaraya geri dönən adam-filosoflar, sorğulayan adamlardır.