Mühafizəkarlıq və multikulturalizmin vəhdətində olan Vətən

17 May 2021 15:52 (UTC+04:00)

Bir çox insan multikulturalizm fikrini geridə qalmışlıq kimi başa düşür. Ancaq hesablamırlar ki, adət-ənənələrimizi, millətçiliyimizi itirsək, sonda kapitalistlər tərəfindən planlaşdırılan məhsuldar robotlara çevriləcəyik. Beləliklə, fərqlərimizi qəbul etməliyik və onların qədrini bilməliyik çünki məhz onlar bizi fərqləndirir. Bizi fərd edən də məhz bu fərqlərdir. Onlar isə bizim fərdiyyətimizə düşmən kəsilmişcəsinə qloballaşma yolu ilə fərqlərimizi oğurlayırlar. Bu fərqlərə bizim geyim tərzlərimiz, ev dizaynlarımız ən asası da ailə dəyərlərimiz aiddir. Biz bunları qorumasaq, degenerasiyaya uğrasaq, qərb mədəniyyətinin bir parçasına çevriləcəyik. Nəzərə alsaq ki, bu çevrilmə müəyyən qədər olub, amma proses tamamilə baş tutmamışdır. Yəni gec olmadan konservativ ideyalogiyanı geri qaytarmaq lazımdır.

Mühafizəkarlıq fikrini multikulturalizmə zidd olduğunu düşünən kütlələr də mövcuddur. Halbuki, özünə güvənən mühafizəkar cəmiyyət heç zaman digər mədəniyyətlərdən çəkinmir, onları təcrid etmir. Digər tərəfdən də öz mədəniyyətinin təbliğini davam etdirir. Buna ən böyük nümunə kimi Azərbaycanı da göstərmək olar. Elə bizim ölkəmizdə aparıcı olan Azərbaycan mədəniyyəti ətrafında digər mədəniyyətlər formalaşıb. Belə ki, indiyədək azərbaycançılıq, türkçülük ideyasını itirsəydik, biz indi ya ərəbləşmiş, ya da ruslaşmışdıq. İndi isə bu ölkədə milli dəyərlərimiz qalmaqdadır. Digər fars, ərəb, rus mədəniyyəti, ədəbiyyatı isə öz çalarlarını göstərməkdədir. Elə mühafizəkar ideyologiyanın ən böyük məfkurəsi də budur. Digər rənglərə çevrilmək yerinə onlardan gözəl bir portret yaratmaq. Mən Azərbaycanımızı məhz belə bir portret olaraq görürəm.

Biz mühafizəkar təbliğatı dərsliklərdə, ədəbiyyatda, teatrda görə bilərik amma təəssüf ki, gənclik bunlarla heç də iç-içə deyil. Nəzərə alsaq ki, karantin müddətində, yəni bir ilə yaxındır ki, tamamilə degenerasiyaya qaçırıq. Mühafizəkarlıq bir qayığa bənzəyir. Mədəniyyətlər isə okeandır. Deməli biz qayıqsız okeana çıxa bilmərik. Yoxsa bir çox sivilizasiyada olduğu kimi milli-mənəvi dəyərlərimiz də batacaqdır. Heç bir fərdin gücü okeanda tək üzməyə çatmaz. Amma qayıqlar, gəmilər öz varlığının mənasını sübut etməkdədirlər. Batmamaq, üzmək, həyatda qalmaq və zövq oxşamaq.

Qərb mədəniyyətinin bizə təsiri isə kinomatoqrafiyada, ali təhsildə, sosial mediada özünü göstərir. Azərbaycan isə milli-mənəvi dəyərlərini itirməmək üçün böyük bir səy göstərməlidir. Məsələn bir siyasət tələbəsi mühafizəkarlığı Əhməd Ağaoğlundan yox Edmund Burkedən öyrənirsə tədrisdə böyük problemlər var deməkdir. Eyni zamanda ədəbiyyatla maraqlanan oxucu Hötenin iblisini oxuyub, Cavidinkini tanımırsa ədəbiyyatda nəhəng boşluq var deməkdir. Bütün bu boşlular isə okeandakı qayığımızda dəliklər yaradır. Beləliklə bizi boğulub ölməyə məhkum edir.