"Ölkəmizin milli maraqları toxunulmazdır"

17 May 2021 11:11 (UTC+04:00)

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb. Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.

Əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə qarşı ittihamlarla çıxış edərək, ərazi iddiası irəli sürürlər. Revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Əgər zərrə qədər təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Onlar da bunu bilirlər. Azərbaycanın gücü də var, iradəsi də var, cəsarəti də var. Dəmir yumruq da yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Azərbaycan münaqişənin müqqədaratını müstəqil şəkildə həll etmək iqtidarındadır. Ölkəmizin milli maraqları toxunulmazdır. Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanın daxili işləri ilə bağlı ədalətsiz bəyanat verir. Bu cür hallar yolverilməzdir. Biz Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirik. Bu, qəbuledilməzdir. Azərbaycan dəfələrlə Fransa tərəfinə öz iradlarını bildirib. Azərbaycan 2020-ci il noyabrın 10-na qədərki dövlət deyil, Kanada kimi ölkələr indi bizə hansısa tövsiyələr verə bilməz. Fransa və Kanada Xarici İşlər nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-1994-cü illərdəki müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.

Zəngəzur bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi vətəndir. Belə olduqda bu coğrafiyanın milli və tarixi yaddaşımızda mühüm mənəvi tərəfi də var. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Yəni, Zəngəzur hər nə qədər bizim dünənimizdirsə, bir o qədər də sabahımızdır. Sadəcə, 101 il əvvəl ermənilərə verilib. Nə üçün və necə verildiyi də hamıya bəllidir. Biz 101 il bundan əvvəlki tariximizə qayıdaraq tarixi yaddaşımızı yeniləməli və Zəngəzurun nə üçün ermənilərə verildiyini bütün dünyaya çatdırmalıyıq.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri