"Yalnız bu yolla virusa qalib gələ bilərik" MƏRKƏZ SƏDRİ AÇIQLADI

16 May 2021 16:19 (UTC+04:00)

"Ümumiyyətlə koronavirusun yayılmasının qarşısını almaq üçün dünya səhiyyəsinin sınaqdan keçirdiyi təcrübə var. Bu təcrübəyə görə, maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenaya diqqət ayrmaq vacib hesab olunur. İnsanlar qoyulan tələblərə məsuliyyətlə əməl etsələr qapadılan məkanların açılmasında yəqin ki, problem yaşanmaz. Virusun sutkalıq yayılma arealının darlaşması, yaxud genişlənməsi müvəqqəti xarakter daşıyır. Elə günlər olub ki, ölkə üzrə yoluxma iki rəqəmli səviyyəyə enib, ancaq növbəti tarixlərdə 4 rəqəmli həddə çatıb. Bu mənada arxayınlaşmaq olmaz”. Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib

O, sözlərinə belə davam edib: “Əlbəttə, metronun açılması çox vacibdir, insanlar avtobuslarda onsuz da, sıxlıq içində yol gedirlər. Metro hər mənada sərfəli minik vasitəsidir. O cümlədən molların, iri ticarət obyektlərinin, restoranların bağlı qalması iqtisadiyyata da zərbədir. Sadəcə insanlar məsuliyyətli olmalı, dünyanı vəlvələyə salan COVİD 19 virusundan qaydalara uyğun şəkildə qorunmalıdırlar. İnsan hamıdan yaxşı özünü tanıyır, özünü dərk edir. Biz virusla zarafat etməkdənsə, ona biganəlik göstərməkdənsə, əksinə xətəliyin dəhşətini ciddiyə alsaq, bəladan maksimum səviyyədə qurtula bilərik. Belə olan təqdirdə qapalı yerlərin açılması mümkün olar.

Ayşən Vəli