"Şuşa mədəniyyət paytaxtımız" MƏQALƏ

16 May 2021 15:49 (UTC+04:00)

İnsan cəmiyyəti mədəniyyət anlayışı ilə tanış olduğu gündən "olar və olmaz" ların saf-çürük edilməsinə, mədəni hesab etdiklərinin qorunub saxlanılmasına çalışdı. Məhz mədəniyyət kəlməsinin də latın dilindən tərcüməsinin "julture - becərmək, bəsləmək, yaxşılaşdırmaq" mənasına gəlməsi də söylədiklərimin və söyləyəcəklərimin təsdiqinə yön vermiş olmalıdır.

Əsrlər boyu xalqlar öz mədəniyyətlərini tarixin müxtəlif mərhələlərində "yaxşı becərməyə" çalışmış, təkmilləşdirmə prosesi öz inkişaf prinsiplərinə sadiq qalmışdır. Düşünürəm ki, ilk yaşayış məskənlərinin-mağaraların formalaşdığı andan bu günlərdə başı göylərə dəyən yaşayış binalarının varlığı həmin bu "becərmə"nin estetik sübutu hesab olunmalıdır.

İllərlə bir-biri ilə yarışa girən ədəbi cərəyanlar, bədii istiqamət axını da bu prinsiplərin daha yaxşı yöndə təqdimatına çalışılması üzərində qurulurdu. Həyat kəndlərdən başlayıb ən rahat və mədəni halını şəhərlərdə tapırdı. Bu səbəbdən də, iri yaşayış məskənlərinə çevrilən şəhərlər mədəni inkişafın da mərkəzi hesab olunurdu.

Bəs cəmiyyət, onu formalaşdıran, mədəniyyət məhfumunu həyat tərzinə çevirən insan tarixin bütün mərhələlərində bu inkişafa çalışmışdırmı?

Təəssüf ki, xeyr! Tarixin oyunlarında sınanan, əzilən xalqlarla birgə onların mədəni inkişafı da geriləmənin acı nəticələri ilə üzləşməyə məhkum olunmuşdur. Bu acını 29 il düşmən tapdağında inləyən başı dumanlı, yaşıl tumanlı Şuşamız da yaşamışdır, təəssüf ki.

Əsası 1752-də Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan, öncə Pənahabad adlanan Şuşa XVIII əsrdə Azərbaycanın ən mühüm şəhərlərindən biri hesab olunurdu. Şuşa həm də Azərbaycanın mədəniyyət paytaxtıdır. Və Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin 7 may 2021-ci il tarixində verdiyi sərəncam 29 illik işğaldan sonra qırmızı "kofta"sını igid oğlanlarının qanı ilə geyinən doğma şəhərin çiçəklənməsi üçün atılan möhtəşəm addım idi.

Bəli, Şuşa mədəniyyət paytaxtıdır. Azərbaycan tarixinə görkəmli ziyalılar: musiqiçi, xanəndə, memar, həkim, astronom, müəllim, nəqqaş, xəttat bəxş etmiş şəhərin illərlə bu adın həsrətini çəkməsi hər birimizin günahı deyildimi?

Hələ XIX əsrdə "Nəvvabın məclisi" nin Azərbaycan musiqisinə qatdığı rəng, səsi Avropadan gələn Şuşa xanəndələri, Kor Xəlifənin dini musiqiləri, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri əsasında yaranan klassik muğamlar Şuşanı boşuna Zaqafqaziyanın musiqi mərkəzinə çevirməmişdi. "Məclisi- Fəramuşan"lı , "Məclisi-üns" lü Şuşada bu həm də təbiətin qanunauyğunluqlarından biri olmalıdır. Təbiət özü xidmət edirdi bu həmahəngliyə.

Hər ilin mayında Şuşada təşkil olunan və 32 ildən sonra bu il yenidən təşkili nəzərdə tutulan "Xarıbülbül" mahnı festivalı bundan sonra da dünya musiqi mədəniyyətinə Azərbaycan töhfəsi verəcəkdir.

Şuşanın Azərbaycan kino tarixindəki yeri də ölçüyəgəlməzdir. "Koroğlu" , " Gilan qızı" , " Hacı Qara" , " Oxuyur Şövkət Ələkbərova" filmləri Şuşanın təbiətindən ruhlanaraq kino incilərimiz siyahısında özünə yer ayırmışdı.

Şuşada teatr və sirk mərkəzləri, 6 sinifli real məktəb, kitabxanalar, musiqi və şeir məclisləri mədəni inkişafın tarixi təcəssümü idi həm də.

Qasım bəy Zakirin Bakı dustaqxanasından durnalarla Şuşaya yolladığı həsrət, Mirzə Sadıqcanın əllərində təkmilləşib sinəsində çuşa gələn "Segah"lı, "Mahur"lu Azərbaycan tarının naləsi, Bəhram bəyin əllərinin şəfası ilə rahatlıq tapan Vətən övladı, Xan qızının qəlbinin gözəllikləri ilə daha da gözəlləşən Şuşa Xan Şuşinskinin, Lətif Kərimoğlunun, Əhməd bəy Ağdamskinin, Zülfüqar Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun , daha neçə-neçə görkəmli şəxsiyyətlərin beşiyi olmaqla qazanmışdır bu adı.

Əfsus ki, Şuşanın 1992 -ci il 8 may tarixindən 2020-ci ilin 8 noyabrına qədərki tarixi ürəkaçan olmamışdır. 1992-ci ilin 8 may tarixində Şuşanın erməni qəsbkarları tərəfindən işğalı ilə təkcə bir ərazi zəbt edilməmişdi. Həm də maddi-mədəni abidələrimizin dağıdılması, zorakılıqla qəsb edilməsi, erməni "mədəni" təfəkkürünün tərzini əks etdirirdi. Bu "mədəni" təfəkkürün nəticəsi olmalı idi ki, Şuşanın bəzəyinə çevrilən, 1883-1884-cü ildə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə inşa edilən "Yuxarı Gövhər ağa" məscidi fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilirdi. Şuşa şəhərinin 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi də həmin vandal yaşam prinsipi ilə üst-üstə düşməyəcəkdi. Adını "Dağlarda toy" əməliyyatı qoyduqları işğal prosesində həmin maddi-mədəni abidələr mülki obyektlərin və yerli sakinlərin də qəsdən hədəfə alınması nəticəsində ciddi şəkildə zərər görmüşdü. İşğal zamanı 193 nəfərin şəhid, 102 nəfərin əlil olması, beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyinin, Şuşa Rəsm Qalereyası, Şuşa Xalça Muzeyi, Üzeyir bəyin, Natəvanın, Vaqifin, Bülbülün, Firidun bəyin, Nəvvabın, Xan qızının və başqa bir çox ziyalılarımızın ev muzeyləri qəddarlıqla talan edilmişdi.

170-dən çox yaşayış binası, 160-dək mədəni və tarixi abidə, uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazaları, musiqi alətləri fabriki, məbədlər, məscidlər təhqir edilmiş, əlyazmalar, kitabxanalar məhv edilmişdir. Məqsəd isə bəlli idi. Öz tarixi kökünə söykənə bilməyən bir xalq varlığını sübut etmək üçün başqasının mədəni dünyasında özünə yer axtarmalıdır. İnsanların yurd-yuvalarından ayrı düşməsini, mülki əhalinin hədəfə alınmasını toy təfəkkürü ilə hesablayan bir millətin mədəni göstəricisi öz sözünü aydın deyir.

İndi Şuşa Ali Baş Komandanın da dediyi kimi azaddır və öz yurduna qayıdıb dirçəlməsini gözləyir. Xarıbülbül indi əsgərinin əlində və gülüzlü gözəl Azərbaycan qızının çöhrəsində əks olunur. İndi Şuşanın girişində üçrəngli Azərbaycan bayrağı dalğalanır və əbədi dalğalanacaq!

Gülnar Rəhimli

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi