Qalib Liderin inkişaf və sabitlik diyarı Naxçıvana qürur səfəri ŞƏRH

16 May 2021 15:57 (UTC+04:00)

Bu səfər Şuşa işğalı günündən sonra Prezident İlham Əliyevin ata yurduna qalib və məğrur sərkərdə dönüşü idi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasına çox böyük geostrateji əhəmiyyətə malik bir məkan kimi xüsusi diqqət və qayğı ilə yanaşma siyasətini dönmədən davam etdirir. Bunu ölkə başçısının on yeddi illik siyasi rəhbərliyi dövründə on beş dəfə – demək olar ki hər il müxtəlif vaxtlarda muxtar respublikaya səfər etməsi də aydın təsdiq edir. Prezident cənab İlham Əliyevin mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günü Naxçıvana səfəri isə ata yurdunda övlad-varis hesabatının qürur yürüşünün təzahürüdür.

Ölkə başçımızın ümummilli liderin tarixi zəfər sonrası ilk doğum gününü Naxçıvanda qeyd etməsi dahi şəxsiyyətin layiqli siyasi varisi kimi ata vəsiyyətinə ləyaqətlə əməl etmənin təkcə Qarabağı erməni işğalından qurtarmaqdan ibarət olmayıb bütöv Azərbaycan naminə Naxçıvanı da otuz illik blokadadan azad etmək olduğunu, Naxçıvanın da Qarabağ qədər əhəmiyyətli, əziz olduğunu təsdiqləməklə yanaşı, həm də Şuşa işğalı günündən sonra Ali Baş Komandanımızın ata yurduna qalib və məğrur sərkərdə dönüşü idi. Həmçinin, Ali Baş Komandanımızın Naxçıvana İkinci Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra, ilk dəfə ulu öndərin doğum günündə səfər etməsi ərazi bütövlüyümüzün bərpa olunması başda olmaqla Azərbaycanın qazandığı bütün bugünkü uğurlara görə borclu olduğumuz dahi şəxsiyyəti – Heydər Əliyevi bəxş etmiş ata yurduna – qədim və ulu Naxçıvana minnətdarlıq duyğusu, mənəvi varislik borcundan doğan bir addım, ata yurdunda övlad-varis hesabatı, qalib sərkərdənin ulu öndərimizin ruhunu Qarabağlı-Naxçıvanlı – bütöv Azərbaycan müjdəsi ilə ata ocağında sevindirmək niyyətindən doğan qürur yürüşü idi. Cənab Prezident tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdə ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlməyi özünə mənəvi borc bildi: “İlk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.

Liderlik əzmini qoruyub saxlayan Naxçıvan

Səfər çərçivəsində Prezidenti İlham Əliyevin Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etməsi blokada dövründə Naxçıvanın yeganə nəqliyyat əlaqəsinin hava yolları olduğunu, insanların gediş-gəliş üçün necə deyərlər, “havadan asılı qaldığı” illəri, bu gün isə istənilən hava şəraitində beynəlxalq aviareyslərin belə təhlükəsiz həyata keçirilməsi üçün müasir şəraitin yaradılıdığını əyani şəkildə bir daha sərgilədi. Yeni uçuş-enmə zolağı inkişaf etmiş qədim diyarımızın yaxın gələcəkdə turistləri, beynəlxalq tədbir iştirakçılarını yüksək səviyyədə qarşılayıb yola salmağa imkan verəcək.

Həmçinin Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ərazidə Start Komanda, Təhlükəsizlik Baxış, Texniki Nəzarət Məntəqələri, aviasiya texnikalarının saxlanması üçün anqarlar yaradılıb. Buradakı şərait bir daha təsdiqləyir ki, Silahlı Qüvvələrin idarə edilməsi sistemi kompleks şəkildə davam etdirilir və bu məsələdə Naxçıvan Muxtar Respublikasının müdafiəsi diqqət mərkəzində saxlanılır. Dövlətin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirib. Təsadüfi deyil ki, 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra - 2018-ci ildə ordumuzun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bütün bunlar isə mətin ordumuzun qəhrəmanlığı sayəsində mümkün olub. Ölkə başçımız Azərbaycan xalçaçılıq sənəti tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan xalçaçılıq məktəbinin yaşadılması və inkişaf etdirilməsi, yun və təbii boyaq bitkilərinin tədarükü üşün yerli xammal ehtiyatından səmərəli istifadə etmək məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, muxtar respublikanın yol-nəqliyyat kompleksinin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərin davamı kimi uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun, muxtar respublikada heyvandarlıöın inkişafı məqsədilə yaradılan, ölkə üzürə ikinci Süni Mayalanma Mərkəzinin, 13 min 500 sakini beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin edəcək “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışlarında iştirak edib.

"Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir"

"Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnaqarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir". Bu fikirləri Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrinin Şuşanın qaytarılması ilə bağlı bəyanatlarına münasibət bildirərkən söyləyib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: Biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz”. Prezident İlham Əliyev vurğulayıb ki, əgər biz zərrə qədər təhlükə görsək onları dərhal məhv edəcəyik: “Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

"Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın"

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, 10 noyabr tarixli birgə Bəyanatında bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaq. Heç kimdə bu haqda şübhə olmasın»,-deyən dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır”.

Prezident qeyd edib ki, Ermənistanın bütün dəmir yolları Rusiya dəmir yollarına məxsusdur. “Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Naxçıvana səfəri yeni tarixi reallığın nəticələrinin davamlılığına hesablanmış uğurlu gedişdir

Bir sözlə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bölgədə hərbi-siyasi yolla yaradılmış yeni tarixi reallığın nəticələrinin davamlılığına hesablanmış uğurlu gediş olmaqla, həm də dünyaya daha böyük ciddi mesajı oldu. Dövlətimizin başçısı hər kəsə dedi ki, ümummilli lider Naxçıvanı necə qoruyubsa, mən də elə qoruyacağam. Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın çətin günlərindən danışan dövlət başçısı bildirdi ki, Ulu öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi: "Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq". Bu artıq dövlət başçısı tərəfindən Naxçıvana və naxçıvanlılara göstərilən diqqət, onların ölkəmizin inkişafındakı xidmətlərinin yüksək qiymətləndirilməsidir. Bir sözlə, dövlət başçısının Naxçıvana 10 may səfəri bir daha göstərdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində muxtar respublıkanı daha xoş günlər gözləyir.

RƏFİQƏ KAMALQIZI