"“Xarıbülbül” müsiqi festivalı milli birliyimizi ifadə edir”

16 May 2021 15:38 (UTC+04:00)

Zaman hər nə qədər bizi öz arzularımızdan fiziki olaraq uzaqlaşdırsa da biz öz arzularımıza əgər ürəkdən bağlana bilmişiksə, demək ki, biz arzularımızı bir gün mütləq gerçəkləşdirəcəyik. Bir toplumun, cəmiyyətin və xalqın arzuları bir fərdin arzularından daha ali və qeyri-adidir. Xalqı birləşdirən, arzuları gerçəkləşdirən də elə o ali və ülvi hisslərdir. Azərbaycan xalqının Şuşa, Qarabağ arzuları bu bahar çiçək açır, xalqımız bu ili bayram edir. Bu gün Şuşanın dağlarında olan duman zəfər tonqallarından ərşə qalxan dumandır. Bu gün Cıdır düzündə yüksələn səslər 30 il əvvəlki ah-nalə deyil, muğam sədalarıdır. Şuşa məscidindən gələn səslər də vətəni müdafiə üçün çağırışlar deyil, qələbənin nəticəsində səslənən Azan səsləridir. Bəli, biz Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuzun yazdığı qəhrəmanlıq dastanı nəticəsində öz ali arzumuza çatmışıq.

Ötən otuz il ərzində hər bir məqamı, hər bir anı o qədər xəyal etmişik ki, biz artıq şüurumuzda və xəyalımızda hər gün, hər ay, hər il Şuşanı, Qarabağı gəzir, orada milli-mənəvi dəyərlərimizi qoruyur və onları yaşadırdıq. Məhz bu zehni hazırlığın nəticəsidir ki, bu gün Qarabağda və xüsusi ilə də Şuşada sürətlə müharibədən sonra bərpa işləri gedir. Biz fiziki bərpa prosesi ilə bərabər mənəvi dəyərlərimizin bərpasına da başlamışıq. Şuşa milli sərvətimizdir. Şuşanın mədəniyyətimizin paytaxtı elan edilməsi bunu bir daha sübut edir. Öncə mədəniyyət paytaxtımız elan olunması və daha sonra orada mədəni hadisələrin həyata keçirilməsinə başlanılması mühim tarixi hadisədir. Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasını, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Bu bir daha mədəni bir tədbirin bütün dünyaya siyasi ismarıcı idi. Azərbaycan ictimaiyyətinin və Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır. Yaratdığımız reallıqla hər kəs barışmalıdır. Cənab Prezidentin vurğuladığı bir məqam bütün həyata keçirilən işlərin nüvəsini təşkil etməkdədir. Bundan sonra tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqı əbədi yaşayacaqdır fikri bizim qələbəmizin məntiqi nəticəsidir.

Müharibə dönəmində Azərbaycan Prezidenti bir komandan kimi ordu birliklərimizi, siyasi xadim kimi xalqımızı idarə edirək mühüm diplomatik görüşlərdə iştirak edirdi. Onun dünya mediasında çıxışları bu gün də sosial şəbəkələrdə aktualdır. Milyonlarla dünya əhalisi bir rəhbərin ətrafında birləşən xalqın möcüzəsindən danışır. Əlbəttə, bu yolda şəhidlərimiz, qazilərimiz oldu. Qurbansız qalib gəlmək, həm də belə bir ədalətsiz və qeyri-bərabər döyüşdə mümkün deyil idi. Biz haqq savaşı edərkən eyni zamanda da dünyanın bütün qara qüvvələrinə qarşı mübarizə aparırdıq. Məhz bu səbəbdən 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Cənab Prezidentin çıxışında şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmasını izləyən hər bir şəhid anası öz övladının vətən uğrunda şəhadəti ilə qürur duymaqdadır. Heç şübhəsiz ki, qələbəmizin baş memarı Dövlət başçımızdır. Lakin cənab Prezidentin hər zaman “biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq” deməsi, məsuliyyəti öz çiyinlərində daşımağının, qələbəni isə bütün xalqı ilə bölüşməsinin bariz sübutudur.

Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır! Bütün Azərbaycanın tarixi torpaqları Azərbaycandır! Biz bunu tarixi faktlarla sübut etməklə kifayətlənmirik. Biz həyata keçirdiyimiz bütün tədbirlərlə torpaqlarımızın həqiqi sahiblərinin bizlər olduğunu dünyaya isbat etmək iqtidarındayıq. Ermənilərin Qafqaza, Azərbaycan ərazilərinə gəlmə tarixi Osmanlı imperiyasının son dövrlərinə təsadüf etməkdədir. Onlar bütün maddi-tarixi abidələri yox etsələr də biz öz tariximizi bilirik. Məsələn, Şuşanın əsasının 270 il əvvəl Pənahəli xan tərəfindən qoyulduğunu və bu adın ona məhz xan tərəfindən verildiyini tarix elmi də

sübut etməkdədir. Məhz bu səbəbdən bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq. Bu, canlı tarix kimi bundan sonra Şuşanın və Qarabağın tarixini saxtalaşdırma cəhdlərinə verilmiş ən tutarlı cavab olacaqdır. İslam dininin xalqımızın milli konsolidasiyasında, mədəniyyətinin qorunmasında müstəsna xidmətləri var. Eyni zamanda da Şuşada milli-mənəvi və mədəni irsin qorunması, Şuşanın Azərbaycan xalqına məxsus xüsusiyyətləri özündə yaşatması şəhərin Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınmasına səbəb olmuşdur.

“Xarıbülbül” festivalının Ramazan ayında keçirilməsi sözsüz ki, böyük əhəmiyyətə malik məqamdır. Əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi xalqımızın mədəni, ictimai-siyasi inkişafında islamın rolu danılmazdır. Lakin biz hər zaman sülh və əminamanlıq içərisində yaşamış cəmiyyətik. Milli, dini, irqi və linqvistik mənsubiyyətindən asılı olmayaraq hər bir toplum içimizdə yaşayıb inkişaf edə bilər. Bütün millətlərin və dinlərin nümayəndələrinin Vətən müharibəsində bir ananın oğulları kimi anamız Azərbaycanın müdafiəsinə qalxdığını hər birimiz müşahidə etdik. Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Qələbədə bütün icmaların payı, töhfəsi danılmazdır. Vətəndaşlarımız “hər birimiz azərbaycanlıyıq” məfhumu altında vahid amal, vahid bayraq ətrafında birləşərək çiyin-çiyinə döyüşməklə birliyimizə qarşı yönəlmiş mənfur təbliğatların öz hədəfinə çatmağına imkan vermədi.

Bizim vahidliyimiz, birliyimiz “Xarıbülbül” festivalının istər repertuarında, istərsə də bütün dünyaya ünvanladığı ismarıcında öz əksini tapmışdır. Azərbaycanda yaşayan bütün xalqların mədəniyyətlərinin nümayiş olunduğu festival eyni zamanda da Qarabağda yaşayan erməni vətəndaşlarımıza və birliyimizi pozmaq istəyən xarici qüvvələrə xəbərdarlıqdır. Əgər Azərbaycan vətəndaşlığını qəbul etsələr və qanunlarımız çərçivəsində yaşasalar, biz yaranmış yeni reallıqlar fövqündə tarixən başımıza gətirilən oyunları, faciələri unutmadan birgə yaşamağa və əməkdaşlığa hazırıq. Naxçıvan səfəri zamanı “Dağlıq Qarabağ” adlı ərazi vahidimizin olmadığını və status məsələsinin birdəfəlik müzakirələrdən çıxarıldığını açıq ifadə edən cənab Prezidentin bəyanatından sonra hesab edirəm ki, erməni vətəndaşlarımız Şuşadakı atəşfəşanlığı Xankəndindən boynubükük və revanşist hisslərlə izləməkdənsə bu bayrama, inkişafa və çal-çağıra ortaq olmalıdırlar. Bu addım erməni vətəndaşlarımızın dalana dirənmiş Ermənistandan və başı dəmir yumruqla əzilmiş erməni faşizmindən yeganə xilasıdır.

İşğaldan azad olunandan sonra milli-mənəvi dəyərlərimizin bərpası zamanı qədim İslam-Türk mədəniyyətinə və Azərbaycan xalqının adət-ənənələrinə məxsus bütün xüsusiyyətlər bərpa prosesinə daxil edilmişdir. Tarixə düşmüş sərkərdələr fəth etdikləri şəhərlərdə bu böyük qələbənin şərəfinə məscidlər tikdirmişlər. Şuşada səkkiz rəqəmini xatırladan məscid binası və on bir rəqəmini xatırladan onun minarələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda qazandığı tarixi zəfərin arxitektura baxımından möhtəşəm ifadəsidir. Əminəm ki, bu zəfəri tarixə yazacaq onlarla digər əsərlə yanaşı bu məscidin də öz yeri olacaqdır.

Qarabağ Ulu Öndər Heydər Əliyevin bir an belə unutmadığı arzusu, amalı idi. Qarabağ Ümummilli Liderin ən layiqli varisinə vəsiyyəti idi. “Xarıbülbül” festivalında Ulu Öndərin öz səsindən fikirlərinin səsləndirilməsi və başda cənab Prezident olmaqla hər kəsin kövrəlməsi onun ölməzliyinin sübutudur. Bugünkü Azərbaycan onun əsəridir. Ulu Öndər illər öncə necə demişdirsə, bu gün elə də oldu. Biz qayıtmışıq və Qarabağ azaddır! Biz xoşbəxt xalqıq ki, Ulu Öndər vəsiyyətinə başda Ali Baş Komandan olmaqla əməl edə bildik.

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri