"Şuşadan dünyaya ünvanlanan sülh mesajı..." Əliabbas Salahzadə

16 May 2021 15:07 (UTC+04:00)

"Bu tarixi hadisə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarında qürur hissi yaratdı". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada iki gün davam edən “Xarıbülbül” musiqi festivalından bəhs edərkən deyib.

“Qarabağın döyünən ürəyi olan Şuşamız azaddır. Şuşa 29 ildən sonra doğmalarını, qonaqlarını qarşıladı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin musiqi festivalının açılışında qeyd etdiyi kimi, xalqımız bu günü 30 il səbirsizliklə gözlədi, heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı, nəyin bahasına olursa-olsun ərazilərimizin işğalçılardan azad ediləcəyinə tam əmin idi. Təbii ki, bu əminliyə əsas verən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində yaradılan möhkəm təməl və son 17 ildə bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi idi".

Ə.Salahzadə qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü xalqımızın tarixinə qələbə kimi yazıldı: “Bu Zəfəri şəhidlərimizin canı, qanı bahasına əldə etdik. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan, 29 ildən sonra Azərbaycan mədəniyyətini Şuşaya gətirən “Xarıbülbül” musiqi festivalı bir daha birliyimizin, həmrəyliyimizin, kimliyimizin, milli qürurumuzun təqdimatı oldu. Üçüncü dəfə Şuşaya səfər edən möhtərəm Prezidentimiz İlham Əliyev bu fikri böyük qürurla, sevinclə qeyd etdi ki, mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur.

Şuşa 28 ildən artıq əsarətdə olsa da Azərbaycan ruhunu qorudu. Ermənilər Şuşanı erməniləşdirmək üçün cəhdlər etdilər, amma bunun mümkünsüzlüyünün fərqində idilər. Onların işğal etdikləri torpaqlarımızda, o cümlədən Şuşada törətdikləri vəhşiliklər, vandalizm aktları bir daha sübut edir ki, bu ərazilər onlara məxsus deyil. Dünya 29 ilə yaxın dövrdə bu reallıqlara göz yumub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən əsarətindən xilas etdi, Zəfər Gününü yazdı. Şuşa 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi ilə növbəti Zəfəri yaşadı".

“Musiqi festivalının sonunda Ümummilli Liderin torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini, dövlətimizin başçısı İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün yaşadığı xoşbəxtliyi özündə əks etdirən fikirlərin yer aldığı videoçarxın təqdimatı, incəsənət xadimlərinin “Azərbaycan” mahnısını birgə ifa etmələri, Müzəffər Ali Baş Komandanımızın 44 günlük Vətən müharibəsi dövründə xalqa bütün müraciətlərinin, xarici mətbuata müsahibələrinin mahiyyətində dayanan ”Qarabağ Azərbaycandır!” çağırışının bir daha birlikdə söylənilməsi işğalçı Ermənistana ciddi mesaj oldu” söyləyən millət vəkili vurğulayıb ki, bu mesajlar yeni reallıqlarla barışmağı və bu reallıqlara uyğun addımların atılmasını özündə ehtiva edir: “ Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Novruz bayramında Cıdır düzündə Novruz tonqalını alovlandırmaları, onun ardınca möhtərəm Prezidentimizin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” festivalının keçirilməsinin öz rəmzi mənaları vardır. Bu mühüm addımlar Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, tariximizə, milli ruha bağlılığının təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, məhz milli ruha bağlılığımız 44 günlük Vətən müharibəsində Qələbimizi təmin etdi".

Ə.Salahzadə bu məqamı da xüsusi qeyd edib ki, dünyaya səs salan “Xarıbülbül” musiqi festivalı Azərbaycanın tolerant ölkə olduğunun da təsdiqidir: “Musiqi festivalında ölkəmizdə yaşayan xalqların musiqi yaradıcılıqlarının təqdimatı Şuşadan dünyaya milli birlik, həmrəylik, sülh mesajı oldu. Ölkəmizdə bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayır və 44 günlük Vətən müharibəsində dünya milli birliyimizin, həmrəyliyimizin bir daha şahidi oldu. Azərbaycan öz timsalında sübut edir ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə inkişaf, birlik, milli həmrəylik, sülh olur".