Laçında yeni quruculuq və inkişaf dövrü başlayıb TƏHLİL

16 May 2021 14:47 (UTC+04:00)

1992-ci il mayın 17-si. 28 il idi ki, bu günü xalqımız işğal tarixi olaraq yaşayırdı. Həmin gün Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, Laçını işğal etmişdi. İşğal 18 mayda tam başa çatmışdı. Törədilən işğalın acı nəticələrini hər il yaşasaq da, qəlbimizdə olan inam hissi, damarında azərbaycanlı qanı dövr edən hər kəs tezliklə bu torpağın işğaldan azad olunacağı günü gözləyirdi. Dünyada böyük nüfuz sahibi olan dövlət kimi tanınan Azərbaycanın iqtisadi potensialı və hərbi gücü, onu deməyə əsas verirdi ki, işğal altında olan torpaqlarımızın azad olunacağı gün uzaqda deyildi. Bu, qaçılmaz reallıq idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar", deyirdi. Cənab Prezidentin bu fikirləri Azərbaycan həqiqətlərinə söykənirdi.

Azərbaycan danışıqlar prosesini, ardıcıl olaraq, davam etdirsə də, münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Beynəlxalq təşkilatların qərarları və qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə etsə də, erməni lobbisi və havadarları ermənilərə dəstək olurdular. "Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin, imkan versin və Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır", deyən Cənab İlham Əliyev dünya erməniliyinin və onların arxasında dayanan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində, bu məsələnin dondurulmuş vəziyyətdə qaldığını dəfələrlə bəyan etmişdi.

Təbii ki, Azərbaycan torpaqlarının, eləcə də Laçının işğalda olması hər bir azərbaycanlının faciəsi idi. 44 günlük Vətən müharibəsi işğala son qoydu. İnsanların yurd həsrətinə son qoydu. Azərbaycan Prezidenti, Ali Baş Komandanın siyasi iradəsi, xalq-iqtidar birliyi bu qələbəni təmin etdi. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordu olduğundan işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi və üçrəngli bayrağımız işğaldan azad olunan məkanlarımızda dalğalandı. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu erməniyə dərs verdi.

"ÖZÜ DƏ BİR GÜLLƏ ATMADAN BİZ LAÇIN RAYONUNU QAYTARDIQ"

İlham Əliyev çıxışlarının birində "Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur" deyərək, bu rayonun işğal altına düşməsinin faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdığını bildirmişdir: "Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb". Dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapdı. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident qeyd etdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

"BUNDAN SONRA BİZİM XALQIMIZI TƏHLÜKƏSİZ VƏ XOŞBƏXT HƏYAT GÖZLƏYİR"

1992-ci ildə erməni Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Laçın Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Dövlət başçısı "Bizim ölkəmiz üçün yeni dövr başlayır", deyə bildirdi: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

AZAD EDİLMİŞ TORPAQLARDA İSTİSMARA VERİLƏN BİRİNCİ SU ELEKTRİK STANSİYASI

Bildiyimiz kimi, Ermənistan tərəfindən Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçın işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. "…hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq" – deyə Azərbaycan Prezidenti qeyd edib.Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb.

Bildiyimiz kimi, Laçın rayonu işğaldan azad olunandan iki ay ötməmiş burada Su Elektrik Stansiyası istismara verildi. Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Cənab Prezident bunun azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası olduğunu və çox böyük əhəmiyyətə, böyük rəmzi mənaya malik olduğunu bildirib: "Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür".

"LAÇIN RAYONUNDA BİZİM BÖYÜK MEŞƏ SAHƏLƏRİMİZ VAR"

Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır.

Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. Buranın təbiəti isə xüsusilə füsunkardır. Dövlət başçısı çıxışında bildirib ki, Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir: "Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".

Nəzakət ƏLƏDDİNQIZI