"Təlimlər çox vacib amillərdən biridir" HƏRBİ EKSPERT ŞƏRH ETDİ

16 May 2021 14:54 (UTC+04:00)

“Təlimlər silahlı qüvvələrimizin döyüş hazırlığının yüksəldilməsi üçün çox vacib amillərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün başlanan təlimlər Azərbaycan ordusunun Vətən Müharibəsindəki qələbəsindən sonra keçirilən və miqyasına görə, ən irihəcmli təlimlərdir: “Kifayət qədər çox sayda 15 min nəfər şəxsi heyətin və 800 qədər silah, texnika, artilleriya qurğularının cəlb olunduğu bu təlimlərdə müxtəlif qoşunların qarşılıqlı şəkildə idarə olunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi, qoşunların yenidən qruplaşması və ümumqoşun birliklərinin raket artilleriya qoşunlarının, aviasiya xüsusi təyinatlı qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məsələləri bu təlimlərin əsas məqsədlərindəndir”.

Hərbi ekspert həmçinin qeyd edib ki, döyüşə hazırolma səviyyəsinin yoxlanılması mərhələsi artıq başa çatıb: “Həyəcan siqnalı ilə daim yaşayış məntəqələrini tərk edən hissə və bölmələrimizin şəxsi heyəti texniki vasitələrlə birlikdə artıq ehtiyat rayonlardadırlar. Yaxın saatlarda həmin cəmləşmə rayonlarında yenidən qruplaşmanın həyata keçirilməsi gözlənilir. Təlimlər əvvəlcədən planlaşdırılsa da lakin onların ssenarisi Azərbaycanın bu gün həm Ermənistanla sərhəddə, həm də Rusiya sülhməramlıların nəzarətində olan Qarabağ ərazisində qarşılaşdığı real təhdidlərin aradan qaldırılması üçün məşqin ediləcəyi şübhəsizdir”.

Arzu Elsevərqızı