“Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək” DÜNYA BANKI

16 May 2021 13:40 (UTC+04:00)

Azərbaycanda may ayının əvvəlindən başlayaraq COVID-19 pandemiyasının səngiməsi məhdudiyyətlərin yumşaldılmasına izin verəcək ki, bu da, öz növbəsində, iqtisadi bərpanı dəstəkləyəcək. SİA xəbər verir ki, bu barədə Dünya Bankının iqtisadçıları bildirirlər.

Azərbaycanda ÜDM istehsalı, Dünya Bankının hesablamalarına görə, ardıcıl 12 aylıq azalmadan sonra ilk dəfə olaraq mart ayında illik müqayisədə xeyli artıb. İnflyasiyanın stabil qaldığını qeyd edən bankın mütəxəssisləri, bununla yanaşı, ölkənin bank sektorunun bərpasının staqnasiyada qaldığını da qeyd edirlər.

Diqqətə çatdıraq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda ÜDM-in azalma tempi azalsa da, hələ də artıma keçməyib və cari ilin, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% az, daha dəqiq desək, 25 078, 6 mln. manatlıq ÜDM istehsal olunub.
Xatırladaq ki, COVID-19 pandemiyası fonunda ötən il Azərbaycanda ÜDM istehsalı 4,3% azalaraq, 72 432,2 mln. manat təşkil edib.