Azərbaycan xalqının Memarı və Qurucusu

16 May 2021 13:21 (UTC+04:00)

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə YAP İsmayıllı rayon təşkilatı bir qrup fəal partiya üzvlərinin iştirakı ilə mayın 10-da mövcud pandemiya qaydalarına uyğun olaraq Azərbaycan dövlətinin Banisi, Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyub, Dahi Rəhbərə sonsuz ehtiramlarını bildirmişlər.

Sonra İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm əsərlərinə, kitablara, Onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlərdən və Ümummilli Liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxış keçirilmişdir. Daha sonra YAP İsmayıllı rayon təşkilatının qərargahında İsmayıllı rayon gənclər idman idarəsinin rayon təhsil şöbəsi ilə birgə məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir.

Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək qeyd etmişdir ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin anım gününün qeyd olunması, Ümummilli Liderin ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsidir. O, Ulu Öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını, Ölməz Şəxsiyyətin təhsillə bağlı dediyi qiymətli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdıraraq, əbədiyaşar Liderin hər zaman müəllimlərə yüksək ehtiramla yanaşdığını söyləmişdir. Çıxışının sonunda S.Əhmədova bütün təşkilatçılara, müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirmişdi.

Tədbirin sonunda Ulu Öndərə həsr olunan Respublika inşa-yazı müsabiqəsində II yeri tutmuş İsmayıllı rayon Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin şagirdi Ələkbərli Fidan Ramazan qızına və rayon üzrə keçirilmiş onlayn inşa müsabiqəsinin qalibləri N.Behdiyev adına 6 saylı tam orta məktəbinin şagirdi Ağayeva Leyla Elşən qızına (I yer), Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin şagirdi Radayev Aleksey Oleqovicə (II yer), A.Aslanov adına İsmayıllı şəhər 2 saylı tam orta məktəbinin şagirdi Abbasova Səbinə Tərlan qızına (III yer) fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.

Zümrüd BAYRAMOVA