Sarkisyan hakimiyyətə iddialı olmadığını dedi EKS-PREZİDENT GERİ ÇƏKİLİR?

15 May 2021 19:21 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti, müxalif “Respublika Partiyası”nın rəhbəri Serj Sarkisyan adının "Mənim Qürurum Var" blokunun seçki siyahısında olmayacağını bildirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə eks-prezident jurnalistlərə açıqlamasında deyib.

“Artıq yüksək dövlət vəzifəsinə müraciət etmədiyimi, iddialı olmadığımı bildirdim. Adım seçki siyahısında olmayacaq. Məsləhətlərimlə kömək edəcəyəm. Ermənistana və erməni xalqına xidmətimi yüksək dövlət postunda başa vurduğuma inanıram”, deyə Sarkisyan jurnalistlərə açıqlama verərkən söyləyib.

Xatırladaq ki, hazırda Ermənistanda seçki öncəsi bir sıra müxalifət partiyaları, siyasi qüvvələr daha da fəallaşıblar və hakimiyyətə iddialı olduqlarını bəyan edirlər. Əksər qüvvələr Nikol Paşinyan kimi ancaq vədlər verməklə xalqı aldadıb hakimiyyəti ələ keçirmək, qamarlamaq istəyir. Hətta, işğalçı ölkədə bir sıra siyəsətçilər bu manipulyasiyaları açıq şəkildə ifşa edirlər və onların da populizm xəstəsi olduğunu bəyan edərək xalqı ayıq olmağa, aldanmamağa çağırırlar.

Görünür, bu populizmin, bu manipulyasiyaların fonunda Serj Sarkisyan nədənsə seçkilərə qatılmaq istəmir. Çox güman ki, vədlərin, pafoslu çıxışların yersiz olduğunu eks-prezident dərk edir və bilir ki, yalançı vədlərlə, populizmlə xalqı acınacaqlı vəziyyətdən çıxarmaq mümkün deyil. Bir sözlə, Sarkisyan özünün acizliyini yaxşı anladığı üçün, sadəcə geri çəkilir və mübarizədə iştirakdan imtina edir.