Doğrudanmı, Napoleon mədə xərçəngindən ölüb?

14 May 2021 10:23 (UTC+04:00)

Bir neçə gün bundan əvvəl Fransa imperatoru Napoleon Bonapartın ölümünün 200 illiyi yad edildi. Maraqlıdır ki, bu gün Napoleon, onun həyatı, Fransa və ümumiyyətlə dünyadakı mövqeyi və hətta ölümü ilə bağlı mindən artıq kitab yazılıb. Bəziləri hətta bu kitabların milyona yaxınlaşdığını və hətta bu sayı ötdüyünü də bildirirlər. Təbii ki, bütün bunlar öz yerində, amma…

…Amma bu kitabların əksəriyyətində mübahisə yeri kimi ən çox onun ölümü ilə bağlı məsələ önə çəkilir. Belə ki, elə bu gün də Napoleonun həyatı ilə bağlı mühakimələr bir-birindən kəskin şəkildə fərqləndiyi kimi, onun ölümü də davamlı olaraq mübahisələrə səbəb olmaqdadır.

Məsələ bundadır ki, bu gün imperatorun mədə xərçəngindən öldüyünə dair şübhələr var. Ona görə də, Napoleonun ölümünün əsl səbəbini tapmaq üçün elm adamları onun təkcə saçlarını yox, yaşadığı evin divar kağızı və geyindiyi şalvarları da araşdırıblar.

Qeyd edək ki, təqribən 200 il bundan əvvəl Napoleonun cəsədində yarılma aparan həkimlər onun mədə xərçəngindən öldüyünü söyləyiblər. Amma o da maraqlıdır ki, əvvəllər olduğu kimi, bu gün də bəzi elm adamları bununla razılaşmaq istəmirlər. Onların fikrincə, Napoleon mədə xərçəngindən deyil, zəhərlənərək öldürülüb.

Onu da qeyd edək ki, bu mübahisələr hələ o vaxtdan, yəni Napoleonun cəsədinin yarılması vaxtdan başlayıb. Belə ki, imperatorun cəsədini yaran yeddi ingilis həkimindən, gərək ki, üçü Napoleonun mədə xərçəngi ilə bağlı tərtib edilən ölüm sənədinə imza atmaqdan imtina ediblər.

Burada qeyd etməliyəm ki, Fransa imperatorunun sürgün olunduğu vulkanik mənşəli bir ada olan Müqəddəs Yelena adasında vəfat edib. Adadakı həkimlərin ingilis olmaları isə, Afrikanın 1800 km qərbində, Atlantik okeanında mövcud olan adanın ingilislərin xaricdəki “mülkiyyəti”nin bir hissəsi olması ilə bağlıdır.

…Beləliklə, məsələ bundadır ki, Napoleonun ölüm səbəbi ilə bağlı mübahisələ bu gün də səngiməyib.

Daha bir maraqlı fakt. Hələ 1960-cı illərdə Parisdəki polis başçılarından olan Henri Qriffon, Fransa mətbuatı vasitəsi ilə Napoleonun eksqumasiyasını, yəni cənazənin dəfn olunduğu yerdən çıxarılaraq yenidən “müayinə” edilməsi məsələsini qaldırmışdı. Maraqlıdır ki, həmin illərdə Napoleon dövrünün tədqiqatçısı olan Ben Veider adlı kanadalı, fransız polis rəisinə dəstək olaraq, məzarın açılması xərclərini ödəmək üçün yarım milyon dollar təklif etmişdi.

Ancaq hər iki təklif sonradan rədd edildi. Əslində, 1821-ci ildə dəfn edilən Napoleonun ürək və mədəsinin şərabla doldurularaq möhürlənmiş gümüş bir qabda cəsədin yanına qoyuluğunu nəzərə alsaq, təbii ki, bu günün tibbi imkanlarının bütün bu mabahisələrə son qoya biləcəyi qənaətinə gəlmək olar. Amma…

Ağasəf Babayev