İndi yazacağım mövzu artıq neçə illərdir ki, yaddaşımıza həkk olunub, üstündən illər keçsə də... Yaddaşımızdan çıxmır, çıxmamalıdır da. Sadəcə səbrin, əzmin nəticəsi olmalı idi. Bu qələbə 28 ildən artıq beynimizi qurdalayan, içimizi yeyən bu mövzu artıq öz reallığını yaşadı.
Prezident, Xalq, Ordu bu qələbəni bizə yaşatdı. Yağı düşmən tapdağı altında olan torpaqlarımızı geri aldıq. Əlbəttə ki, bu qələbə bizə verdiyimiz şəhid övladlarımızın qanı bahasına oldu. Heç bir qələbə qurbansız olmur.
Bu məqamda Türkiyənin Show TV xəbər aparıcısı Ece Ünerin bu cümlələri yadıma düşür: “Biz sizə şəhid xəbərlərini təqdim edirik də, o canların anaları, ataları, uşaqları, sevgililəri, yoldaşları, xəyalları, ümidləri, hikayələri nə olur, hara gedir? Başımız sağ olsun deyib, kameranı başqa xəbərə çevirməklə qutaracaqmı? Vətən sağ olsun!Əlbəttə, Vətən sağ olsun. Vətən dediyimiz itirdiyimiz övladlarımız deyilmi? İnsanın nə nəfəsi, nə də sinəsi yetir belə acını tələffüz etməyə. Bu dəfə unudanın həqiqətən vicdanı qurusun”.
Bu cümlələr mənim tüklərimi ürpərdir, nəfəsimi boğazımda düyümləyir, gözlərimi doldurur, səsimi kəsir. Bu acılar şəhidlərimizin yaxınları üçün daim qapanmaz yara olaraq qalacaq.
Qələbə günü sevinc və içimdəki buruqluq qarışmışdı. Vaxtı ilə yerindən, yurdundan qaçqın düşən həmvətənlilərimiz öz torpaqlarına qayıdacaqları günün sevincini yaşayırlar. Yaxın vaxtlarda olmasa da, yaxın zamanlarda öz torpaqlarına qayıdacaq insanlar hər qarış torpaq üçün canını verən şəhid övladlarını unutmayacaqlar.
“Vətən yaxşıdır” söyləyən Xudayar, “Ana mən şəhid oldum” deyən Vüsal, Şuşaya bayrağı sancan Mehrab və minlərlə şəhid övladlarımız haqqınızı halal edin. Torpaqlarımızın geri qaytarılmasında yanımızda olan dost ölkələrin televiziyaları 44 günlük müharibə müddətində baş verən olayları daim işiqlandırdılar. Mənfur düşmənin törətdiyi vəhşilikləri, vandalizmi göz önünə gətirdilər. Lakin bu müddətdə bizim mətbuatımız da digər dünya televiziyalarından geri qalmadı. Neçə-neçə şəhid övladlarımız döyüş yolunu öz mətbuatlarımız da işiqlandırıldı.
Qardaş Türkiyə onlarla qazimizin müalicəsini öz üzərinə götürdü. Qarabağımızın dilbər güşələrində ruhları dolaşan şəhidlərimiz bizi bağışlasın. O torpaqlarda gəzib-dolaşmaq öncə şəhid analarının və qazilərimizin haqqıdır. Haqqınızı bizlərə halal edin, ŞƏHİD BALALAR VƏ ŞƏHİD ANALARI.
Sən ananın üzündəki əbədi göz yaxşısan, bağrındakı daşısan, gözlərinin qarasısan, sağalmaz yarasısan. Boğazında düyünlənən qəhrisən, açılmayan səhərisən, yarım qalan arzususan. Amma bil ki, sən ananın qürursan. Sən hər kəsin VƏTƏNİSƏN.
Əvvəllər tanımadığım, indi adını eşidəndəhönkürtü ilə ağladığım doğmamsan.
Mən səninlə fərəh duyan, duyğulanan, qürurlanan, uğrunda canından keçdiyin həmvətəninəm. Sən ölkənin şərəfisən, anaların balasısan, balaların atasısan. Sən hər kəsin can parçası, VƏTƏN deyib içimizdə böyütdüyümüz sevgisən, ŞƏHİDİM!
Qönçə Quliyeva