Şuşa Azərbaycan ruhunu qoruya bildi - TƏHLİL

13 May 2021 14:30 (UTC+04:00)

Prezident cənab İlham Əliyevin Şuşadakı Xarı Bülbül musiqi festivalında çıxışı onu dinləyən Azərbaycan xalqında xoş bir təəssürat yaratdı. Yəqin ki, hər bir azərbaycanlı bu qürurverici hadisəni canlı, Şuşada izləmək istərdi. Belə ki, Şuşada olan musiqi festivalı ilə Azərbaycan dünyaya qələbə və multikulturalizm mesajı verdi. Bu festival ərzində ölkəmizin müxtəlif yerlərindən ayrı-ayrı xalqların nümayəndələri öz qrupları ilə çıxış etdi. Beləliklə bu festival göstərdi ki, Azərbaycan dövləti necə ki, döyüşərkən dəmir yumruq kimi birləşmişdi, elə festivalda da öz rəngarəngliyimizi qoruyurduq. Belə ki, müharibə ərəfəsində bütün azərbaycanlılar, etnik kimliyindən asılı olmayaraq döyüşürdülər, mübarizə aparırdılar. Bizim qələbəmizin əsas mahiyyətlərindən biri də bu idi. Ali Baş Komandanın nitqindən də bu mənanı tapmaq olurdu.

O, Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşündən və rəşadətindən də danışdı. “44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik".

Şuşa uğrunda olan mübarizəyə diqqət çəkən Prezidentimiz, bu qədim şəhərin mahiyyətini bir daha göstərdi. Eyni zamanda bu şəhərin salınması, burada olan mədəni-ədəbi axınlardan danışdı. Şuşanın illərdir düşmən tapdağında olmasına baxmayaraq, onun Azərbaycan ruhunu itirmədiyini dilə gətirdi. Prezidentimizin də dediyi kimi, çünki biz heç vaxt Qarbağın yoxluğu ilə barışmamışdıq.

Ali Baş Komandan əlavə etdi: ”Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.

Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”.

Zərdüşt Quluzadə