Yeni məktəb binası inşa olunur FOTOLAR

12 May 2021 17:19 (UTC+04:00)

Quba rayonunun daha bir kəndində yeni məktəb binası inşa olunur. Digah kəndində tikilən 360 şagird yerlik, üçmərtəbəli məktəb binası növbəti tədris ilinə kimi istifadəyə veriləcək. SİA xəbər verir ki, Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə aprel ayından başlanılıb. Hazırda binanın bünövrəsi və köməkçi tikililər inşa olunur.

Məktəbin direktoru Mənsur Hacıyev bildirib ki, Digah kəndindəki məktəbin köhnə binası 98 il öncə istifadəyə verilib. Yaşı bir əsrə bərabər binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Məhz buna görə də istismar müddətini başa vuran binanın yerinə yeni, müasir məktəb binası inşa olunur.

İş icraçısı Nəsrulla Qasımov bildirib ki, binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq.

Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.