Ara Ayvazyanın Tuziki Baqratyanı niyə belə qıcıqlandırır…

12 May 2021 15:53 (UTC+04:00)

Bu gün Azərbaycan Ordusunun Zəngəzur (Sünik) istiqamətində irəliləməsini təkzib etməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi, həmişə olduğu kimi, nədənsə, bu dəfə “müzəffər erməni ordusunun” şücaəti” barədə heç nə deməyib. Sadəcə, erməni konstitusiyasındakı bir müddəanı xatırladıb. Qeyd edək ki, həmin müddəaya görə, Ermənistan Respublikasının ərazi bütövlüyünün qarantı Rusiyadır.

Ermənilərə görə, bütün bunları səssizcə müşahidə edən “namərd rus qardaçlarımız” isə hələ də susurlar.

Maraqlıdır ki, bu gün bəzi ermənilər hələ də məğlub tərəf olduqlarını etiraf etmək istəmirlər. Hətta çoxlarına gülməli görünsə də, deməliyəm ki, bu gün ermənilərin Azərbaycan tərəfinin bütün tələblərinə boyun əymələrinə, guya Rusiya prezidenti Vladimir Putin də təəccüb edir.

Təbii ki, bütün bunlar, hələ bir utanmadan öz medialarında yaydıqları erməni fantaziyasından başqa bir şey deyil.

…“Azərbaycan ordusu Zəngəzur istiqamətində irəliləyir, bizim tərəfimizdən isə cavab gəlmir”. Bunu isə “özünə böyük bir dərd edən” Ermənistanın keçmiş baş naziri Qant Baqratyan şəxsi “Facebook” səhifəsində yazır. Amerika prezidenti Cozef Baydendən də bir “kar aşmadığını” bildirən sabiq nazir, onun ermənilərə “nəvaziş göstərə-göstərə” bir vaxtlar elə özünün “müəllifi olduğu” 907 saylı qətnaməyə “düzəliş” etməklə ermənilərin belini qırdığını bildirir. Baqratyana görə, gərək Bayden belə etməyəydi. Yəni o, Azərbaycana hərbi yardım göstərilməsinə icazə verməyəydi. Çünki, bu “sülhsevər və eyni zamanda məzlum ermənilər” üçün yeni “vətən məhrumiyyəti” və “soyqırım” üçün “zəminlər yaradılır”.

Bilirsiniz, burada “vətənsevər” sabiq baş nazirə yer eləyən nədir: vətənin bu ağır günündə ölkənin xarici işlər naziri Ara Ayvazyanın, heç nə olmamış kimi, gecələr iti Tuziklə gəzintiyə cıxması… guya bu itdən Baqratyanda yoxdur?

Doğrudan da, sabiq olanda nə olar, “kişi” haqlı sual verir də… Bu gün Ermənistan ağır günlərini keçirir, İrəvanda qiymət artımına görə, ərzaq mağazalarına yaxın düşmək olmur, Ayvazyan isə ermənilərin bu ağır günündə evdə Tuzik bəsləyir.

…Bax, dünəndən İrəvanda bir avtobus da gözə dəyməyib. Səbəb, çünki, avtobus parklarında yanacaq yoxdur. Doğrudur, bu gün İrəvanda işə gedən çox olmasa da, amma şəhərdə avtobuslarun işləməsi vacibdir, axı. Amma, ötən gün səhərdən İrəvanın olan-qalan 200-dən artıq avtobus və “qazeli” yanacaq yoxluğu üzündən avtobus parklarında dayanıb hələ də yanacaq gözləyirlər. Təbii ki, bunun Ayvazyana elə də bir aidiyyatı yoxdur, çünki o Tuzikinə ictimai nəqliyyatdan istifadə etməyi rəva bilmir.

…Yeri gəlmişkən, bu arada Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan rəhbərlik etdiyi qurumda çalışanların məvaciblərin artırılması barədə göstəriş verib. Qeyd edək ki, Nikolun belə bir addımına diqqət cəkən erməni mediası Paşinyanın ətrafındakıların aldıqları mükafatların, artıq onların maaşlarının həcmini keçdiyini bildirib.

…Təbii ki, qarşıda keçiriləcəyi ehtimal olunan seçkini nəzərə alsaq, bu ermənilər üçün elə də təəccüblü görünməməlidir.

Ağasəf Babayev