“Fələstin qızışdırıcı mövqedə durur” POLİTOLOQ ŞƏRH ETDİ

12 May 2021 12:58 (UTC+04:00)

“Fələstin-İsrail münasibətlərinin gərginləşməsi bugünün məsələsi deyil, artıq 73 ildir davam edir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev deyib.

C.Nuriyev vurğulayıb ki, Fələstinin ən böyük səhvi onda oldu ki, 1948-ci ildə dövlətlər elan olunan zaman ərazinin daha çox hissəsi Fələstinə az hissəsi isə İsrailə ayrılmışdı. Amma Fələstin maksimalist mövqe tutdu və fikirləşdi ki, İsrailə diz çökdürəcək: “Lakin hər şey tam əksinə baş verdi. 1967-ci ildə 1 həftəlik müharibədən sonra ümumiyyətlə, Ərəb dünyası İsralin qarşısında çökdü. Bugünə qədər davam edən bu münasibətlərdə daha çox Fələstini qızışdıran mövqedə İranın maraqları durur və hələ də bu maraqlar davam edir. Fələstinlə İsraili müqayisə etsək, İsrail dövləti öz ərazisində qayda-qanun yaratmaq istəyir. Xüsusilə Qüds şəhərində çox ciddi problemlərlə üzləşirlər. İsraildə ərəblər və yəhudilər əsasən normal yola gedirlər amma daha çox mübahisəni qızışdıran Fələstinin mövqeyidir. Fələstin öz paytaxtını Qüds elan edir. Lakin Qüds ərazi cəhətdən İsraildə yerləşir. Təbii ki, İsrail buna razı olmadığına görə bu istiqamətdə prosesləri davam etdirirlər. Zaman-zaman Fələstin azadlıq hərəkatını yəni Fələstin xalqını əlində saxlamaq üçün bu addımı atır və qızışdırıcı mövqedə durur. Fikrimcə, burada anlaşılmayan bir məsələ mövcuddur ki, 21 ərəb dövləti var. Bunların bir hissəsi İsraili, bir hissəsi Fələstini dəstəkləyir. Yəni, əgər 400 milyondan çox əhalisi olan Ərəb dövlətləri İsraillə bugünə qədər dil tapa bilmirsə, başqalarının bu məsələyə qarışmağı düzgün deyil. Bu İsrail dövlətinin daxili işidir. İsrail dövləti sabitliyi təmin etmək istəyir. Bu haldan da bəzi qüvvələr yararlanmağa çalışır. Amma bütün hallarda Fələstin hələ BMT-nin üzvü deyil, ancaq UNESCO-ya üzv qəbul ediblər. İsraili dövlət kimi bütün dünya tanıyır. Fələstini dövlətlərin əksəriyyəti tanımır. Bütün hallarda bu qarşıdurmada Fələstinin maksimalist mövqe saxlaması xoş olan mövqe deyil. Təbii ki, heç bir dövlət öz ərazisində başqa bir dövlətin separatizminə göz yuma bilməz. Belə bir separatizmdən Azərbaycanda əziyyət çəkib”.

Siyasi şərhçi bildirib ki, Qarabağ müharibəsi zamanı İsrail Azərbaycanın yanında oldu və bugündə Azərbaycanın dəstəkçisidir: “Azərbaycanda yaşayan yəhudilər I və II Qarabağ müharibəsində bizim əsgərlərimizlə bərabər qardaş kimi çiyin-çiyinə vuruşdular. Biz bunları unuda bilmərik. Kimin hansı mövqe tutması onun şəxsi işidir. Lakin siyasətdən xəbəri olan şəxs kimi bu məsələlərdə İsrailin mövqeyini daha düzgün hesab edirəm. Araşdırmalarım da göstərir ki, İsrail Azərbaycana Fələstindən daha yaxındır. Hazırda müstəqil Azərbaycanın siyasi, iqtisadi, hərbi maraqlarına İsrail cavab verir və Azərbaycanın yanındadır. İsrailin mövqeyi düzgündür”.