İrəvanda yenidən aksiya başladı

12 May 2021 12:35 (UTC+04:00)

Çərşənbə günü səhər İrəvanda onlarla avtobus və mikroavtobus sürücüsü yanacaq tədarükünün olmamasına görə etiraz aksiyası keçirərək işləməyiblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanacağı CPS şirkəti tədarük etməyə başlayandan sonra çətinliklərlə üz-üzə qalıblar. Sürücülər bildiriblər ki, hər iş gününün sonunda maşınlarına yanacaq doldurduqları halda dünən anbarlarda nə benzin, nə də dizel tapıblar. Bu baxımdan 35, 20, 5, 45, 38, 33, 26, 4 və digər bir sıra marşrut xətləri səhər işə çıxmayıb.

"Dünən yanacaq ala bilmədik. İndi necə işləyə bilərik? Dövlət düşünsün, meriya problemi necə həll edəcəyini düşünsün. Minlərlə soydaşımız nəqliyyatsız qaldı",-deyə sürücülərdən biri bildirib. Onların sözlərinə görə, paytaxt rəhbərliyi onların işləməsini istəmirsə, o zaman sadəcə işləməyəcəklər.

İrəvan bələdiyyə başçısının mətbuat katibi Hakop Karapetyan problemin yanacaq tədarükçülərində olduğunu deyib. O, qeyd edib ki, tədarükçülərlə müzakirələr aparılır və problemlər tamamilə texniki xarakter daşıyır.